manera.az
manera.az

Hamımız bir taleyin tələsinə düşdük - Bukovskinin şeirləri

Hamımız bir taleyin tələsinə düşdük - Bukovskinin şeirləri
Manera.az Çarlz Bukoviskinin şeirlərini təqdim edir:

Hər kəslə tənha

Sümüklərimizin üstünü örtər
bədənimiz
ağıl
gələr üstünə,
bir az da qəlb bəzən,
qadınlarsa
divara çırpar güldanları
kişilər içdikcə içər
ancaq kimsə axtardığını tapmaz,
tapmasa da usanmaz
axtarmaqdan
çarpayıda sürünərək
iməkləyərək yerdə.

Bədən sümükləri örtər
bədən
başqa bədənləri axtarmaqdan
bezməz, usanmaz.

Şansımız yoxdu əsla:
biz hamımız
bir taleyin
tələsinə düşdük
qəfildən.

Kimsə
Axtardığını tapmaz
bu kor dünyada.
Dolar
şəhər zibillikləri,
köhnə avtomobil məzarlığı
dəlixanalar,
xəstəxanalar da eləcə
qəbiristanlıqlar
dolar, yer qalmaz daha
dolmağa bir şey qalmaz...

Yarpaqların faciəsi

Ölən yarpaqların quruluğuna oyandım,
dibçək bitkiləri qarğıdalı kimi saralmışdı;
qadınım tərk etmişdi məni
boş şüşələrsə qana bələnmiş cəsədlərdi
dövrəyə almışdılar məni ümidsizcəsinə
öz vecsizlikləriylə;
ev sahibəsinin məktubu "borcunu ver", - deyə qışqırırdı,
dil boğaza qoymurdu
sarı ləkələr düşürdü döşəməyə bu acıqlı sözlərdən
indi neyləmək lazımdı -
nə məzəli adamdı, yumoristdi eynən
absurdun ağrısından zarafatlar eləyir,
ağrı özü də absurddu, mənasızdı -
çünki artıq o xəyal deyil, mövcuddu, başqa heç nə...
astaca köhnə ülgücə sarı getdirəm -
bir zamanlar gənc olan,
dahi adlanan insan, mən...
ancaq belə deyək, bu elə yarpaqların faciəsidi,
ölmüş güllərin yası;
qaranlıq dəhlizdə addımladım,
harda ki ev sahibəsi dayanmışdı
qəzəbin son həddində məni başından eləyən, söyən,
əndamını, ətli qollarını yırğalayıb
səsini başına atan,
kirə haqqını ver, əclaf - deyən...
ancaq dünya aldatmışdı bizi,
hər ikimizi.

Qızılbalıq

Qızılbalıqlarımız vardı, onlar
pəncərənin qabağını kəsən ağır pərdələrin yanında
stolun üstündəki akvariumda
elə hey fırlanır, dönüb-dolanırdılar
anamsa həmişə gülərdi və istərdi ki, biz hamımız
xoşbəxt olaq,
mənə də deyərdi: "Gülümsə, Henri!"
anam haqlıydı: ən yaxşısı xoşbəxt olmaqdı
imkan varsa, şübhəsiz,
ancaq atam hərdən onu döyərdi
elə məni də,
həftədə bir neçə dəfə
dərisi hirsdən yanıb qaralana qədər
çünki atam anlamazdı ki, döyməklə
incidir, içini əzir, yandırır
anam, bədbəxt balıq, xoşbəxt olmaq istəyirdi,
həftədə iki-üç dəfə döyülməklə,
deyərdi mənə: "Gülümsə, Henri, xoşbəxt ol!
niyə üzün gülmür sənin?".
Sonra mənə baxıb gülümsərdi,
bax, belə, - deyərdi,
bu o vaxtacan gördüyüm ən kədərli gülüşdü,
günü gəldi, qızılbalıqlar öldü,
beşi də suyun üstünə çıxmışdı, sonra kənarına,
gözləri hələ də açıqdı,
atam evə gələndə onları
götürüb mətbəxin döşəməsinə
pişiyin qabağına atdı,
biz...
anam necə gülmüşdüsə, qüssəli
gözlərimiz eləcə bərələ qalmışdı..

Bir bülbül yaşar...

Bir bülbül var köksümün altında, dimdiyi göy
çıxmaq istər ordan
ancaq onun üçün daş qəfəsəm, zindanam
deyirəm ki,
qal orda
səni kimsəyə göstərmərəm, əmin ol.

Bir dimdiyi göy bülbül var ürəyimin içində
çıxıb getmək istəyir
ancaq onu mən viskiylə suvarıram hər gün
siqaret dumanıyla

Nə fahişələr, nə bar sakinləri
adi alverçilər belə
orda kimin olduğunu bilməzlər əsla

Köksümün altında
bir bülbül var,
uçub getmək dilər.
Ancaq aşa bilməz daş hasardan
deyirəm ki, sakit ol,
qal ürəyimin xarabalığında
axı sən nə istəyirsən
iş-gücümü havayamı sovurmaq istərsən
işimi cəncələ salmaqmı?
kitablarımın Avropada satışının içinə
tüpürməkmi?

Ürəyimin içində bir bülbül var,
çıxıb getmək, qanad açıb uçmaq istər.
Ancaq ağlım başımdadı, onu çölə buraxmaram.
ancaq bəzi gecələr
hamı özünü yuxuya təslim edəndə
ona deyirəm ki, bilirəm, ordasan
kədərlənmə,
qəmlənmə.

Sonra onu əlimlə yuvasına qoyuram,
ancaq orda da oxuyur bir az
içəridə kirimir; ölməyə qoymaram,
nəfəsi mənimlədi
birgə yatırıq
bu bizim
ikimizin sirridi
bilirsiniz,
kimisə ağlatmaq
çox yaxşıdı, ancaq mən
ağlamıram,
bəs sən?

Gülən ürək

Həyat sənin həyatındır
Onun mütilik yuvasında zərbələr yeməsinə yol vermə.
Ayıq ol,
Çıxış yolu var həmişə.

Hardasa işıq var,
Çox olmasa da işıq payı
Qaranlığı kəsib-doğramağa bəs edər.
Ayıq ol, yatma.
Tanrılar sənə imkan verəcək
Bil bunu.
Götür onu.

Ölümü döyə, qova bilməsən də
bəzən həyatda bunu öyrənə bilərsən,
daha çox işıq doğacaq,
daha çox.
Həyat sənin həyatındı.
Sənin olanda bil bunu.

Qeyri-adisən
tanrılar içindədi
işıq işində.

Mən və Folkner

Bilirəm, əminəm ki, bu barədə eşitməkdən yorulmusan, ancaq
bir çoxları eyni mövzunu dəfələrlə çeynəməkdən bezmir, bu
o deməkdi ki, onlar nəyinsə bir belə qəribə,
qeyri-adi və mühüm olmasını
kəsdirmək həvəsindədirlər, bir də bunu hamı edir, çünki
hər bir insan fərqli forma və məzmuna malikdir və
hər bir insan hər dəfə
qarşısında nəyin durduğunu ayırd etməlidir,
çünki bu onların kiçik də olsa sirləridi
bir qırıq imkandı, şansdı deyək,
indi də, keçmişdə, elə ona qədər də mən ağır-ağır, tələsmədən
bu gözəl qırmızı şərabdan içirdim və
indi solumdakı bu qara radiodan
simfoniya simfoniya dalınca dinləyirdim, bəzi simfoniyalar
mənə bəzi şəhər və otaqları xatırladardı,
beynimə yeridərdi ki, elə insanlar var,
hə, artıq dünyadan çoxdan köçmüş insanlar
məzarlardan, tələlərdən, qəfəs və sümüklərdən,
elə özlərindən də
can qurtara biliblər
sevinc və sərsəmliklə, bir də, qarşısıalınmaz güclə
kirayə edilmiş xəfə otaqlarda yerindən qopan insanlar,
təəccübün ildırımı vururdu məni
və hətta üstündən on illər keçdikdən sonra belə,
o səsləri elə dinləyərəm
elə bil ilk dəfədi qulaq asıram, hə, əvvəlki kimi
yenə gözəldi, şəfəqlərini üstümüzə səpən yandırıcı günəş kimi
insan təəccübünü birə-on artıran
göylərə bülənd olan musiqinin səmasından doğan
nə qədər substrat var
bunlar görmə və hissetmə üzvləri
vərəqin kənarlarında bitən
imansız yazıçı-tədqiqatçılardır, halbuki, musiqiçilər elə indi
məkanın hüdudsuzluğuna endilər, hesab elə ki,
bunlar Çaykovskinin köhnə fəryadlarıdı
özlərinə 5-ci simfoniyadan keçərək yol açıblar, ancaq
sanki ilk dəfədi dinləyirəm onu
necə də gözəldi
ən çox sevdiklərimdən biri olan Erik Koatsı
neçə vaxtı dinləməmişəm.
Ancaq bilirəm ki, əgər gözəl
qırmızı şərabı içərkən onu dinləsəm
tək qalmaram,
bir çox başqaları da təşrif gətirər.
Əgər belədirsə, demək, bu
elə içmək və dinləmək haqqında başqa bir şeir olacaq
təkrar çalınsın, deyilmi?
Ancaq Folknerə baxın, o, təkcə eyni şeyi dəfələrlə demədi
eyni yeri nişan verdi həm də, dəfələrlə
elədirsə, icazənizlə bu nəhəngi həyatımızdan qaldırıb ataq
bir daha: dövrümüzün və keçmişin klassik bəstəkarları
boğazıma keçən kəndiri boşaltdılar,
elə sizin də.

Uzaqdan məktub

Mənə
Sena yaxınlığındakı
balaca bir otaqdan yazırdı,
deyirdi ki,
rəqs dərslərinə gedir, səhər
erkən, saat 5-də qalxır yerindən
sonra şeir yazır,
ya da rəsm çəkir,
ağlamağı gələndə
çayın kənarında bir skamya var -
ora gedir.
Mahnılar kitabı
çıxacaq
payızda
bilmədim, nə cavab verim
dedim ki,
xəstə dişini çəkdirsin
və fransız məşuqlarla ehtiyatlı olsun bir az
şəklini radioqəbuledicinin yanına qoydum
ventilyatorun önündə
canlıymış kimi
hərəkət elədi
baxdım, gözümü ayırmadım heç,
qutuda qalmış 5-6 siqareti çəkib qurtarana qədər.
Sonra ayağa qalxdım
Yatmaq lazımdı.

İngilis dilindən tərcümə: Cavanşir YUSİFLİБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031