Ötən gün dünyasını dəyişən Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov torpağa tapşırılıb. Mərhumla vida mərasimi bu gün Təzə Pir Məscidində keçirilib. Yas məclisində M. Qurbanovun həmkarları, ailə üzvləri, qohumları iştirak edib.Sevilən aktyor son mənzilə dostlarının alqışları ilə yola salınıb və Yasamal qəbirsanlığında dəfn olundu. Məhərrəm Qurbanov 3 gün öncə beyin insultu keçirdiyi üçün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.




Qeyd edək ki,Qurbanov Məhərrəmov Valeh oğlu, 1959-cu ildə anadan olmuşdur. 1982-ci ildə Bakı Mədəni Maarif Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1983-cü ildə təhsilini Azərbacan Dövlət İncəsənət İnstitutunun "Teatr və təsviri sənət ” fakültəsinə davam etdirmiş və 1988-ci ildə institutu bitirərək Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdı. 8 ilə yaxın bu teatrda müxtəlif səpkili rollar oynadıqdan sonra, 1996-cı ildə, Bakıya gələrək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilmişdir. Mülayim səs tembri, obraza fərqli yanaşma manerası və komik situasiyalardan ustalıqla çıxma bacarığı ona bu sənət məbədinin səhnəsində çoxsaylı obrazlar yaratmaq imkanı vermişdir.
Onun iştirakçısı olduğu tamaşalarda yaratdığı obrazlar qalereyası; Əbülhəsən ("Subaylarınızdan görəsiniz”, S. Ələsgəriov, İ. Məlikzadə), Kar kişi (”Hələlik”, E.Sabitoğlu, R.Əhmədzadə), İnzibatçı ("Nəğməli könül”, E.Sabitoğlu, X.Hasilova), Cangüdən ("Bankir adaxlı”, E.Sabitoğlu, T.Vəliyeva), Xanış ("Məhəbbət oyunu”, C.Quliyev, Q.Rəsulov), Oğlan ( "Əlin cibində olsun” O.Rəcəbov, A. Babayev), Cəfərqulu ("Məsmə xala dayımdır” , R.Mustafayev, C.Məmmədov), Totuş ("Talelər qovuşanda”, R. Hacıyev), Sərxoş ("Bəydullanın möhtəşəm toyu”, R.Əkbər), Parnak ("Bir günlük siğə”, S.Fərəcov, R.N.Güntəkin), Məlik ("Aldın payını, çağır dayını”, V.Adıgözəlov, Anar), Səlim ("Şeytanın yubileyi”, O.Rəcəbov, A.Babayev), Eynulla ("Amerikalı kürəkən”, R.Mirişli, M.Haqverdiyev), Poçtalyon (" Şəhərdə manyak var”), S. Fərəcov, Ə. Nesin), Niyaz ("Matəm marşı və yaxud gözünüz aydın”, M.Məmmədov), Stepan ("Evlənmə”, N.V.Qoqol), Bibioğlu ("www. fərzəli-kef.com”, E.Sabitoğlu, C.Məmmədov), Qəzetçi Rza ("O olmasın, bu olsun”, Ü.Hacıbəyli), Nağılçı ("Yatmış gözəl və cırtdanlar”, A.Sadıqov), Axund ("Toya bir gün qalmış”, Ə.Səmədli), Padşah ("999-cu gecə”, F.Əmirovun musiqiləri əsasında), Əmirqulu ("Baladadaşın toy hamamı”, Elçin, F, Allahverdi,), Qədir ("Molla Nəsrəddinin beş arvadı”, İ. Sadıqov, tərc. D. Mustafayev), Molla və Naçalnik ("Hacı Qara”, M.F. Axundzadə), Sərxoş ("Balaca Şahzadə” , A.S.Ekzüperi, R.Ağababayev) kimi tamaşalarda müxtəlif xarakterli obrazların öhdəsindən bacarıqla gəlib.
Məhərrəm Qurbanov həm də "Qız qalası” (2000), "Qəmbər Hüseynli” (2007), "Ayrılıq imiş” (2008) kimi sənədli filmlərə çəkilib.
Turan Etibaroğlu
Manera.az
Baxış sayı - 1 967 |
Yüklənmə tarixi: 22.08.2019 17:13