manera.az
manera.az

Öyün saflığınla, öyün ürəyim - Namiq Xınalıqlının şeirləri

📅 01.05.2019 21:35

Öyün saflığınla, öyün ürəyim - Namiq Xınalıqlının şeirləri
MANERA.AZ Namiq Xınalıqlının şeirlərini təqdim edir:

***
Mən şeir yazmadım
Şeir məni yazdı
Doğulmamı yazdı
Ölməmi yazdı
Gözümdə bir qızın
Ağlamağını
Gülməyini yazdı.
Bəzən dastanlara sığmayan
Deyə bilmədiyim
Neçə-neçə sözü
Kəlməni yazdı.
Yazdı beləcə ritmi
bir ömrün taleyinə sığmayan
Nəğməni yazdı.

Bəlkə mən şeir yazmazdım
Şeir məni yazmasaydı.
Şıltaq ilhamım ruhuma kösövlər
Basmasaydı.
Bəlkə mən şeir yazmazdım
Taleyim yetim kimi boynunu
Qısmasaydı.
Yox mən şeir yazmazdım
Ruhum hər axşam
göydə mələklərin pıçıltısına
Qulaq asmasaydı.

Bax bu duyğular mənə sarıldıqca
Fikrimi daşıdı uzağa.
Sarılıb hər gün qələm
Varağa
Yeni bir aləmin içinə sızdım.
Təzə-tər misralar yazdım.
Ürək sözünü dedi
Beyin isə susdu.
Yox mən şeir yazmadım
Şeir özü məni yazdı.


***
Sən demə, gecələr əyib başımı
Şeirlər yazaraq çatıb qaşımı.
Sətirlər üstünə hey göz yaşımı
Yaz yağışı kimi, səpmək var imiş.

Unudub həftəni,unudub ayı
Unudub baharı,unudub yayı.
Deməli bəxtimdə bir ömür boyu
Səni gizlin-gizlin sevmək var imiş.

Tək çəkə bilmirəm sevda yükünü
Çəkərəm nazını hər bir ərkini.
Hamıdan xəlvəti alıb şəklini
Çəkilib kənarda öpmək var iimiş.

Kim eşqdən söz açsa əgər yanımda
Ağrılar qıvrılır o dəm canımda.
Neynəyək deməli mənim alnımda
Sənin həsrətini çəkmək var imiş.

Ürəyim

Mən,hara getdimsə, harda oldumsa
Fərəhlə dolanıb, gəzdim səninlə.
Dalıb şeir dəryasına çox zaman
Təzə-tər misralar üzdüm səninlə.

Sən elə tər-təmiz döyündün inan
Sevmədin əyrilik,sevmədin yalan.
Kimdənsə xayinlik gördüyün zaman
Qırıldım səninlə, küsdüm səninlə.

Yanılmadım səni, mən dinləyəndə
Mənə yol göstərdin yol bilməyəndə.
Bəzən ipə-sapa sən gəlməyəndə
Qoşub sözü,sözə düzdüm səninlə.

Bənzədin nur saçan gur bir çırağa
Bəzən də tuş gəldin nahaq qınağa.
Taley bizi çəkdi hər cür sınağa
Dayandım səninlə, dözdüm səninlə.

Kəşf etdin əl çatmaz ənginlikləri
Miskin bildin sən,çox zənginlikləri.
Girib baş-başa çox dərinlikləri
Yuxusuz gecələr,üzdüm səninlə.

Öyün saflığınla, öyün ürəyim
Döz,bir qədər də vur, döyün ürəyim.
İnan ki, gələcək bir gün, ürəyim
Qoyular qəlblərdə büstüm, səninlə.


***
Sənin bu dünyaya baxışın ayrı
Mənimsə baxışım ayrıdı,dostum.
Ömür kim üçünsə qarlı-boranlı
Kim üçün baharlı yaylıdı, dostum.

Kimsə doğulandan geyər zər-xara
Kimsə də ölüncə tapmaz pul-para.
Kiminsə gündüzü gecədən qara
Kimin gecəsidə aylıdı, dostum.

Həyat! Bu söz xoş gəlsə də qulağa
Hərəni o,bir cür çəkər sınağa.
Kimini doğurub qanlar qusmağa
Kiminə nişanlı toyludu,dostum.

Gəl bir misal çəkim qoy bitsin ardı
Hər şey bir olsaydı nə dərd olardı.
Yer var ki, ağuşu cadar-cadardı
yer də var bulaqlı,çaylıdı,dostum.


***
Aranından keçdim ,dağından keçdim
Qoynunda özümə mən yuva seçdim.
Çörəyini yedim, suyundan içdim
Şirinim-şərbətim vətəndir, vətən.

Bir ona bağlıdır ruhum, imanım
İstərəm başına hər gün dolanım.
Xoş gündə, dar gündə andım-amanım
Hər əhdim-ülfətim vətəndir,vətən.

Sevimli deyirəm,nazlı deyirəm
Baharlı deyirəm,yazlı deyirəm.
Bu məndən deyildir aslı deyirəm
Hər sözüm-söhbətim vətəndir,vətən.

Beşiyim-bələyim bu ana torpaq
Mənəvi borcumdur ona tapınmaq.
Leylisini sevən O,Məcnun sayaq
Eşqim, məhəbbətim vətəndir,vətən.


***
Çiçək dərdim bir qıza
Güllər məni qınadı.
Dərdi danışdım saza
Tellər məni qınadı.

Bu nə taley,nə zərdi
Daşlar çətin dözərdi.
Çaylara dedim dərdi
Sellər məni qınadı.

Dindirdim hər bir yurdu
Oymaqlar boyun burdu.
Obalar susub durdu
Ellər məni qınadı.

İnsanlardan hey, qaçdım
Dağ keçib dərə aşdım.
Çəmənləri dolaşdım
Çöllər məni qınadı.

Həftələri adladım
Təqvimləri odladım.
Günü-günə caladım
İllər məni qınadı.

Zaman dərman olacaq
Hakim vicdan olacaq.
Sonda peşman olacaq
Kimlər məni qınadı.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 2 205 | Yüklənmə tarixi: 01.05.2019 21:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031