Azərbaycanlı şair ölkəmizi Özbəkistanda beynəlxalq tədbirdə təmsil edib

Özbəkistanda "Dünya şair yazıçı və rəssamlarının rezidensiyası" adlı beynəlxalq tədbirdə Azərbaycanı Elşən Əzim təmsil edib.
Martın 20-30-da Özbəkistan Respublikasında dünyanın bir çox ölkələrindən olan şair, yazıçı və rəssamların bir araya gədiyi yaradıcı əməkdaşlıq tədbirləri düzənlənib.
Özbəkistanın tanınmış şair-tərcüməçisi Azam Obidovun təşəbbüsü ilə gerçəkləşən layihəyə ABŞ, Bolqariya, Türkiyə,Qırğızıstan, Hindistan və Azərbaycandan olan sənət adamları qatılıb.
Layihədə ölkəmizi Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair-publisist Elşən Əzim təmsil edib.
Özbəkistanda nəşr olunan "Kitab dünyası" qəzetinin dəvəti, Dünya Gənc Türk Yazarlar Birliyi və Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə qardaş ölkəyə yollanan Elşən Əzim layihənin əhəmiyyətindən danışıb. 
Onun sözlərinə görə iştirakçılar Özbəkistanın Namanqan, Səmərqənd, Xiva və Daşkənd vilayətlərinə səfər edərək yerli sənət adamlarının evlərində,təhsil müəssisələrində, mədəniyyət ocaqlarında, qəzet redaksiyalarında qonaq olublar, tarixi abidələri ziyarət ediblər.
Özbək xalqının yüksək qonaqpərvərliyi iştirakçılarda xoş duyğular yaradıb. Maraqlı şeir məclisləriylə, ədəbi-bədii müzakirələrlə sehrlənən görüşlərdə özbək yazarlarının bədii mətnləri müxtəlif dillərə tərcümə olunub. Elşən Əzim Özbəkistanla bağlı təəssürat dolu geniş bir yazı ilə mətbuatda çıxış edəcəyini də anons edib./kultur.az/
MANERA.AZ