manera.az
manera.az

Yusif İzəddin İsa: “Allaha məktub”

📅 01.04.2019 09:47

  Yusif İzəddin İsa:  “Allaha məktub”
Yusif İzəddin İsa


O bilmirdi, “Zeynəb” adını ona kim qoyub. Nə vaxtsa ata-anasının, qohum-əqrəbasının olduğunu heç düşünməmişdi də. Hətta dünyaya gəldiyindən neçə il ötdüyünü belə bilmirdi. Kaş o hər şeyi xatırlaya idi, çünki bir neçə gündən sonra yeddi yaşı tamam olacaqdı!

Hər zaman o, özü haqqında düşünəndə, yaxud küçə boyunca piyada gedəndə ötən günləri, başına gəlmiş hadisələri yadına salırdı. Səbəbini bilmədiyi göz yaşları ona heç cür kömək edə bilmirdi.

Qış gecəsi idi. Həmişəki kimi Xanım Zeynəb ziyarətgahındadı. Əyninə rəngi çoxdan solmuş nimdaş, nazik köynək geyinmişdi. Demək olar ki, çılpaqdı. Üzünün rəngi solğun və çox arıq idi.

Bir kök kişi yanından ötüb keçirdi. Ona tərəf qaçıb xahiş etdi ki, yemək almaq üçün ona üç millim** versin. Amma kişi onu söydü. Bu an yolun o biri səkisi ilə gedən bir qadını görüb dərhal ona tərəf yüyürdü. Lakin o da fikir vermədən yoluna davam etdi. Hiss etdi ki, yorulub. Ziyarətgahın yaxınlığındakı həmişəki yerinə yatmaq üçün qayıtmaq qərarına gəldi.

Ac qarınla yuxuya getmək onu narahat etmirdi. Ona görə ki, yeməyini vaxtında yemirdi. Yemək üçün kifayət edəcək pulu toplaması bəxtdən asılı idi.
Həmişəki yerinə qayıdarkən yolda bir qadını görüb pul üçün əllərini ona açdı. Qadın nəzər salıb, qayğıkeşcəsinə onu sorğu-suala tutmağa başladı:
– Səninlə yaşayan valideynlərin var?

– Xeyr, mənim nə anam, nə də atam var.
– Nə üçün dilənirsən?
– Yemək üçün.
– Niyə bir evdə bu vaxtadək qulluqçu işləmirsən?
– Elə evləri tanımıram. Bunu mənə deyən də olmayıb.
– Yaxşı, əgər səndən mənim evimə getməyi, orada işləməyi xahiş etsəm razılaşarsanmı? Əvəzində də qarnını doydurarsan.

Zeynəbin üzündə sevinc parladı və fərəh dolu səslə sevincək: “Hə, razıyam!” – dedi.
Qadınla Zeynəb bir neçə küçə piyada gedərək çoxmərtəbəli, naxışlı bir binaya çatdılar. Onlar liftlə yuxarı qalxıb mənzilə daxil oldular.
Hə, – qadın dedi, – bu bizim evimizdir və sən gərək biz oyanmamışdan əvvəl səhər erkən oyanıb onu təmizləyəsən. Sahibə qızın şam yeməyi üçün qurumuş bir parça çörəyi stolun üstünə tulladı. Qız mətbəxdə təkcə oturaraq onu götürüb yedi.

– Mən harada yatacam? – o, sahibəsindən soruşdu.
– Harada yatacaqdın ki. Burada, mətbəxdə.

Yatmaq vaxtı gələndə o, mətbəxin küncünə qısılıb üstüaçıq yuxuya getdi. Səhər tezdən sahibəsi yataqdan durmamışdan əvvəl Zeynəb yuxudan oyanıb pəncərələri və döşəməni təmizləməyi qurtardı. Sahibə yuxudan duranda qızın təmizlədiyi yerlərə diqqətlə nəzər saldı və sonra Zeynəbi stulların altını və pəncərələrin şüşələrini lazımınca təmizləmədiyinə görə danladı. Həmin gün Zeynəb qadını razı salanadək işlədi.

Bir gün sahibəsi Zeynəbi baqqal Əbdül Qadirdən pendir və zeytun almağa göndərmişdi. Qız qayıdanda sahibəsi aldığı şeyləri yoxlayandan sonra qıza tərs-tərs baxmağa başladı:
– Zeytunlar həmişə o qiymətə aldığımızdan azdır. Qayıdarkən ondan heç yemisən? – deyə qadın qəzəblə soruşdu.

Zeynəb inandırmağa çalışdı ki, ondan bir dənə də olsun yeməyib. Lakin qadın inanmadı. O, qızın qollarından yapışıb köynəyini cırdı və əlindəki ağac ilə onun zərif bədəninə zərbələr endirdi. Sonra otağın bir küncünə itələyib onu yerə yıxdı və otağı tərk etdi.
“Nə üçün o məni döyür? Axı o zeytunlara əlmi də vurmamışam. Axı heç nəyə toxunmamışam. Xanım Zeynəb ziyarətgahında bir parça çörək üçün diləndiyim günlərdə buradakından daha xoşbəxt idim”.
Zeynəb əvvəlki yerinə qayıtmaq üçün götür-qoy edirdi, amma bir şey onu saxladı. Bu, sahibənin balaca oğlu idi. Bu balaca uşağa olan bağlılığı onu əvvəlki yerinə qayıtmaq fikrindən daşındırdı.

Bu hadisədən bir neçə gün sonra sahibə ilə əri kinoya gedirdilər. Sahibəsi Zeynəbə bərk-bərk tapşırdı ki, uşaqdan muğayat olsun və uşaq yuxuya gedənədək onunla oynasın. Zeynəb uşağı yatağına qoyub yanında oturdu. Sahibəsinin gəlişini uzun müddət gözlədi. Artıq gecədən xeyli keçmişdi. Zeynəb başını biixtiyar yatağın kənarına söykəyib dərin yuxuya getdi.

Sahibəsi ilə əri geri qayıdanda, əri qapını açarla açan kimi qadın dərhal oğlunun otağına girəndə gördü ki, Zeynəb yatıb. Ayaqqabılı ayağı ilə ona bərk təpik vurdu. Zərbədən Zeynəb diksinərək səksəkəli oyandı. O mürgülü halda ayağa durub, ağlaya-ağlaya mətbəxin küncündəki yerinə çəkildi. Başını boğçasına söykədi və bükülü vəziyyətdə yatdı. Sahibəsi onlar gəlməmişdən əvvəl yatdığına görə Zeynəbə adətən yemək üçün tulladığı bir parça quru çörəyi həmin gecə vermədi.
Zeynəb sahibəsinin zəhlətökən tapşırıqlarından, zərbələrindən və şillələrindən əziyyət çəkirdi. Sahibəsinin işgəncələri o yerə çatdı ki, bir gün o, qızın bədəninə qızdırılmış dəmir çubuqla dağ basdı. Zeynəb qadının əllərindən sıçrayıb evdən qaçdı. Sürətlə pilləkənləri aşağı düşəndə yolda eyni blokda qulluqçu işləyən Məbrukə ilə rastlaşdı. Zeynəbin hönkür-hönkür ağladığını görən Məbrukə ona nə olduğunu soruşdu. Zeynəb başına gələnləri danışandan sonra Məbrukə dedi:
– İndi ki belədir, niyə atana məktub yazıb göndərmirsən ki, səni gəlib belə adamların əlindən qurtarsın?
Zeynəb həmin sualı cavabsız qoyub için-için ağladı.

– Onsuz da məni gecə-gündüz işlədən belə adamlardan mən də bezmişəm. Ona görə atama məktub yazacam, gəlsin məni aparsın. – deyə Məbrukə gileyləndi.
– Sənə məktubu kim yazacaq, bacı?
– Baqqal Əbdül Qadir. O, yaxşı qəlbli insandır.
Zeynəb başını aşağı əyib bir anlığa sükuta daldı. Onlar ayrıldılar. Hər iki qız öz yolu ilə getdi.
– Axı kimə məktub yazım? Nə atam, nə anam, nə də qohumlarım var. Mən o adamlara qulluq edirəm, əvəzində isə quru çörəkdən başqa heç nə istəmirəm.
Fikirləşdi ki, belə xəsis adamlardan qurtulmaq üçün mütləq kiməsə məktub yazmalıdır.

– Mən tanıdığım xidmətçilərin əksəriyyəti onlarla ədalətsiz rəftar olunanda qohumlarına məktub yazdırmaq üçün Əbdül Qadirin yanına qaçırlar. Amma mənim heç kimim yoxdur.
Çaşqınlıq, iztirab və kədər içində fikirlər onu alıb apardı.
– Niyə mən Allaha məktub yazmıram? Xanım Zeynəb ziyarətgahında ibadət etməyə gələnlərin əksəriyyətindən onun adını çəkmələrini çox eşitmişəm. Namaz vaxtlarında müəzzin məscid minarəsindən onun adını ucadan çağırır. Öyrənmişəm ki, o, zavallıların pənahıdır, heç vaxt ədalətsizlik etmir və zülm edənləri sevmir. Əgər ona məktub yazıb adamların atdıqları qutuya atsam, məktub ona yetişər.

Baqqal Əbdül Qadirin dükanına gedib dükanın qapısında durdu. Əvvəl baqqala, sonra da yerə baxdı. Dükanın girəcəyində yerə tökülmüş düyü dənələrini barmaqlarının ucu ilə yığmağa başladı.
– Ey, çirkli barmaqlarını düyüdən çək! Nə istəyirsən? – deyə dükançı ona qışqırdı.

Zeynəb çömbəlib, başını əlləri arasına alaraq hönkür-hönkür ağladı. Qızın bu halından təəccüblənən baqqal: – Ay uşaq, sənə nə olub axı? Niyə ağlayırsan? Yoxsa sahibən səni döyüb? – deyə o, soruşdu.
– Məni həm döydü, həm də yandırdı.

O, baqqala bədəninin bəzi hissələrində olan yanıq izlərini göstərdi. Bu dəhşətli mənzərədən Əbdül Qadirin əti ürpəşdi.
– İndi sən nə istəyirsən? Sənə bir köməyim dəyər? – deyə baqqal dilləndi.

– Mən məktub yazdırmaq istəyirəm, əmican!
– Kimə? Atana?
– Mənim atam yoxdur...
– Yaxşı, onda anana yazarıq.
– Mənim anam da yoxdur.
– Bəs qohumların?
Qız cavab vermədi.
– İndi ki belədir, onda mən məktubu kimə yazım?
Zeynəb susdu. Baqqal sualı bir neçə dəfə təkrar edəndən sonra kədərli nəzərlərlə baxıb, mütərəddid cavab verdi:
– Allaha.

Bu əsnada nəsə almaq istəyən bir kişi dükana daxil oldu. Əbdül Qadir onunla məşğul olub qurtardıqdan sonra Zeynəbin yanına qayıtdı.
– Sən nə isə deyirdin? Mən məktubu kimə yazacaqdım?
– Allaha!
Əbdül Qadirin çöhrəsində təbəssüm peyda oldu.
– Yaxşı, məktub yazılandan sonra onu göndərmək üçün haraya gedəcəksən?

– Poçt qutusuna.

Bir göz qırpımında Zeynəb diz çökərək baqqalın ayaqlarından öpüb yalvardı ki, onun əvəzinə Allaha məktub yazsın, bu dünyada ona edilən zülmlərdən Allaha şikayət etsin və xahiş etsin ki, Zeynəbi tez yanına aparsın.

– Mən Allahdan başqa heç kimi tanımıram, əmi! Axı məni o yaratmışdır. Nə olar, əmi, mənim əvəzimə Allaha məktub yaz!

Balaca qızın acınacaqlı taleyinə Əbdül Qadir göz yaşlarını saxlaya bilmədi. Fikirləşdi ki, əgər bu zavallı qızın xahişini rədd etsə, onda onun qaranlıq həyatının ümid qığılcımını da söndürə bilər. Siyirməni çəkib kağız-qələm çıxartdı.

– Mən sənin üçün Allaha məktub yazacam. Yaxşı, ona nə demək istəyirsən?
– Yaz və ona denən ki, Zeynəb kimsəsizdir, köməksizdir! Məni yanına aparsın. Bəs məni o yaratmayıb?
Əbdül Qadir özünü məktub yazan kimi göstərdi, sonra zərf çıxartdı. Məktubu zərfə qoyub bağladı və Zeynəbə verdi. Zeynəb ehtiyatla məktubu iki əli ilə tarım tutdu. Amma marka yapışdırmaq lazım olduğu heç ağlına da gəlmədi. Çünki belə şeyləri bilmirdi. Davamsız addımlarla yırğalana-yırğalana poçt qutusuna tərəf qaçdı. Çalışdı ki, məktubu içəri salsın, lakin əlləri poçt qutusunun ağzına çatmadı. Məktubu yoldan ötənin birinə verib qutuya saldırmaq üçün kiminsə gəlməsini gözlədi. Bir nəfər məktubu Zeynəbdən alıb zərfə baxmadan qutuya saldı.
Heç vaxt həyatında əvvəllər duymadığı sevinc hissini birinci dəfə idi ki, indi hiss edirdi. Çünki dərdlərini bölüşmək üçün qohumlarına məktub göndərən başqa qulluqçular kimi artıq onun da məktub göndərmək üçün kimisə var idi!

– Məktub Allaha çatacaqmı? Görəsən, o bu gün gedəcək? İndi mən hara gedim? Xanım Zeynəb məscidinə gedim? Yox, yaxşısı budur, poçt qutusunun altında oturub cavab gözləyim.
Torpağın üstündə oturub başını dizlərinə söykədi. Gözləməkdən darıxıb başını qaldıranda ağasını qarşısında gördü. Qorxudan qarabasmış kimi bədəni titrədi və cəld ayağa qalxdı. Sahibəsinin əri qolundan yapışıb, möhkəm çəkərək ona evə dönməyi əmr etdi. Mənzilin qapısından girənədək kişi, Zeynəbin qolunu buraxmadı.

Sahibəsi onu gicəlləndirici şillə ilə qarşıladı. Sonra qızı zarıyanadək döydü. Axşam düşdü. Hər kəs öz yatağına, Zeynəb də mətbəxin küncündəki quru döşəmənin üstünə getdi.

Səhər sahibə yuxudan durub onu səslədi. Lakin cavab verən olmadı. Fikirləşdi ki, yəqin Zeynəb qaçıb. Cəld özünü mətbəxə yetirdi. Mətbəxin küncündə bükülü uzandığını gördü. Daşa dönmüş ayağından onu oyatmaq üçün təpiklə vurdu. Lakin Zeynəb oyanmadı və o, bir də oyanmayacaq...

________________________________________________________________
*Xanım Zeynəb, Həzrəti Əli ibn Əbu Talibin qızıdır, Məhəmməd peyğəmbərin qız nəvəsidir. Qahirədə ziyarətgahdır.
** Millim ən kiçik dəyərli Misir puludur. Misir paundunun mində birinə bərabərdir.
(1948)

Azərbaycan dilinə uyğunlaşdırdı: Elmar Vüqarlı
Manera.az


Baxış sayı - 1 368 | Yüklənmə tarixi: 01.04.2019 09:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031