manera.az
manera.az

Səidə illər boyu axtardığı adama rast gəlmişdi...| MANERA.AZ


Səidə illər boyu axtardığı  adama rast gəlmişdi...| MANERA.AZ
Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı hekayə” nominasiyası üzrə Reyhan Yusifqızının 10-luğa düşən "Bağda" hekayəsini təqdim edirik:

İsti yay günlərindən biri idi. Yaşlı bir qadın daşdan tikilmiş qəşəng bağ evinin geniş eyvanından boylanaraq, nigaranlıqla bağın aşağı tərəfinə baxırdı. O, bir şey görmədiyindən mızıldanıb, əlindəki dəsmalın ununu çırpdı və küncdəki iri mətbəx stolunun arxasına qayıdıb işini davam etdirdi.

Orxan divar boyu qoyulmuş taxtda dirsəklənərək böyrü üstə uzanmışdı. Nənəsinə məhəl qoymadan qarşısındakı boşqabdan iri, ağ gilasları götürüb bir–bir ağzına atır, çiyidini tərtəmiz döşəməyə tüpürürdü. 12-13 yaşlarında bu qarabəniz oğlanın gur saçları, yaraşıqlı üzü vardı. Süzgün gözlərində və üzündəki təkəbbür hərdənbir qəribə tərzdə silinib gedir, arxasından uşaq sadəlövhlüyü üzə çıxırdı. Acıqlı-acıqlı gözaltı ona baxan nənə, nəhayət, dözə bilməyib dilləndi:

– Sən indi qəsdən döşəməni zibilləyirsən? Heç olmasa, məhəccərdən aşağı at!

– …

– Neylək, mən buranı bir də süpürərəm.

Nənə süpürgəni əlinə alıb tövşüyə-tövşüyə çiyidləri yığmağa başladı.

Orxan qeyri-ixtiyari qabağa gəlib nənəsinə kömək etmək istədisə də, özünü saxladı. Gilas boşqabını azca qırağa itələyib arxası üstə döndü, əllərini çarpazlaşdıraraq başının altına qoyub gözlərini yumdu.

Nənə işini qurtardıqdan sonra fikirli-fikirli taxtın qırağında oturdu. Əyilib ehmalca boşqabı Orxanın yanından götürəndən sonra ürəyindən gələn məhəbbətlə nəvəsinin saçlarını arxaya sığallayıb üstünü örtdü. Orxan bu nəvazişdən mütəəssir olsa da, gözlərini açmadı və yalnız qadın uzaqlaşanda gizlincə onun arxasınca baxdı. Nənə özünə çay süzüb stolun arxasında oturdu, Orxana tərəf baxmadan yavaşca soruşdu:

– Çay içirsən?

– Yox, - deyə Orxan tələsik cavab verdi və səsini çıxarmağına tez də peşman oldu. Nənə bayaqdan bəri ürəyində götür-qoy etdiyi məsələni açıb mətləbə keçdi:

– Orxan, mənim balam, sən o uşağı niyə incidirsən? Axı o, sənin qardaşındır, özü də səndən kiçikdir.

– …

– Biz hamımız səni çox istəyirik. Mən də, atan da, Səidə də…

– Səidə? Yox bir!

– Bəli, bəli, elə Səidə də. Nə vaxt sənə qarşı pis davranıb? O, atanın həyat yoldaşıdır, bu evin xanımıdır. Sən onu da, Kamranı da istəməlisən. Heç olmasa, atanın xətrinə özünü yaxşı apar. Onun ki səni sevməyinə şübhə etmirsən.

– …

– Bilmirəm, niyə acıq eləyirsən. Biz sənin anana neylədik ki? Özü çıxdı getdi, bizi bəyənmədi…

Orxan yerində qurcalanıb üzünü divara çevirdi. Nənə ah çəkib susdu, az sonra əlavə etdi:

– Sən bağa, bizim yanımıza gələndə Kamran necə sevinirdi. Deyirdi ki, bütün günü bir yerdə oyna…

Darvazanın cırıltısı onun sözünü ağzında qoydu. Əlində su bidonu həyətə keçən Səidə küçə qapısını arxasınca zərblə örtdü.

İlk baxışdan bu gənc qadına heç də gözəl demək olmazdı. O, arıq bədəninə qısa şortu, rəngi gündən yanıb qaralmış dərisinin rəngindən seçilməyən, kürəyində nazik iplə çalın-çarpaz bağlanmış kofta, ayağına yüngül yay ayaqqabıları geymişdi. Onun arıq, solğun üzü, nazik dodaqları, nazik, uzun burnu vardı. Qısa kəsilmiş sarı saçlarını ortadan ayıraraq qulaqlarının ardına qoymuşdu. Lakin kənar baxışlar onun azca çökəkdə yerləşən iri, mavi gözlərinə sataşanda mütləq burada ilişib qalırdı. Bu gözlərin xoş, mülayim, aydın ifadəsi insanın ürəyinə bir ilıqlıq gətirirdi və ümumiyyətlə, onun simasına sirli bir cazibədarlıq verirdi.

Səidə nəfəsini dərib aşağıdan əl elədi:

– Quyudan əla sərin su gətirmişəm! Kamran, gəl apar yuxarı, için.

Nənə məzəmmətlə Orxana baxdı.

– Seda, Kamran, deyəsən, bağın ətəyinə getdi. Bir axtar onu, sən Allah, ilan-zad olar.

– Orxançik, gəl suyu sən apar, birinci də özün içərsən.

… Səidə üzüm tənəkləri boyunca, daş döşənmiş ensiz cığırla yavaş- yavaş gedir, astadan mahnı oxuyurdu. O hələ uzaqdan oğlunu görmüşdü, lakin özünü görməməzliyə vuraraq, hərdənbir ora-bura baxır və çağırırdı:

– Kamran, hardasan? Cənab Robinzon!

Kamran kötüyün üstündə arxası evə tərəf oturub, əlindəki çubuqla yeri eşirdi. Əynindəki qolsuz ağ köynək körpə ağacların arasında çox tez nəzərə çarpır, onun arıq bədənində kolun üstünə atılmış kimi görünürdü. Səidə cavab almaq ümidi ilə bir neçə dəfə də çağırıb, düz oğlunun üstünə getdi. Hər iki əlini belinə qoyub onun arxasında dayandı:

– Mənim küsəyən balam nə işlə məşğuldur?

– …

– Kam, eşitmirsən məni?

Səidə uşağın qarşısına keçib aşağı əyildi. Onun üzünə diqqətlə baxdı: hiss olunurdu ki, ağlayıb.

– Kim sənin xətrinə dəyib?

– Deməyəcəyəm.

Səidə başını aşağı əyib altdan yuxarı baxdı:

– Nə olar, de də.

– Yox!

– Axı biz səninlə dostuq.

– Dedim ki, yox! - Kamran ayağını yerə döyəclədi.

– Kam, sən qarışqaları öldürürsən?

– Qoy ölsünlər!

Kamran yerindən qalxıb, qarışqa yuvasının üstünü o ki var ayaqları ilə tapdadı. Səidə bir söz demədən keçib kötüyün üstündə oturdu. Əlini çənəsinə dayayıb ətrafı seyr etməyə başladı.

– Kamran, quşlara bax, deyəsən bu ağacda yuva qurublar.

– Bilirəm, mən onları çoxdan görmüşəm.

– Doğrudan? Bəs mənə niyə göstərməmisən? Bax, onlar yəqin ana- baladır. Gör necə bir-birinə nəvaziş göstərirlər. Yəqin sərçəcik başına gələnləri quş dilində anasına danışır. Ah, kaş mən onun yerinə olaydım.

Kamran anasının boynunu bərk-bərk qucaqlayıb üzünü onun sinəsində gizlətdi. Səidə onun arıq çiyinlərini qucaqladı, sarışın saçlarını sığallayıb öpdü. Bu nəvazişdən daha da kövrələn Kamran bayaqdan bəri içindən gələn hönkürtünü saxlaya bilməyib acı-acı ağladı:

– O mənə … dedi ki, mən … siçana oxşayıram ,.. əcaibəm … Əlimdən də heç nə gəlmir… Fərsizəm…Sonra dedi ki, .. dedi ki,.. sən də əcaibsən…

Səidə duruxdu. Bir dəqiqəlik fikrə getdi.

– Elə belə də dedi? Doğrudan?

– O pisdir, çıxsın getsin evlərinə… Mən onu istəmirəm… Atama deyəcəyəm…

Göz yaşları içində boğulan uşağı bağrına basıb gözlərini yumdu.

***

Onlar ilk dəfə parkda qarşılaşmışdılar. Dissertasiya müdafiəsi ərəfisində işləri çox olsa da, Səidə dörd yaşlı qardaşı oğlunu evlərinin yaxınlığındakı parka gəzməyə çıxarmış, ənənəni pozmamışdı. Həmin gün o, fəvvarənin yanındakı skamyalardan birində oturub dizinin üstünə qoyduğu kağızlara baxaraq iki gün sonra aparıcı təşkilatda edəcəyi çıxışını redaktə edirdi. Üçtəkərli velosipedi ilə fəvvarənin ətrafında dövrə vuran Orxan hərdənbir bibisinə tərəf baxıb əl eləyirdi.

Səidə başını qaldırıb bərkdən “Orxan, uzağa getmə!” deyəndə qonşu skamyada oturmuş iri gövdəli cavan adamın diksindiyinə, sonra uşağı diqqətlə süzərək siqaret yandırdığına fikir vermədi. O, öz işi ilə məşğul idi.

Hər şey bir anın içində baş verdi. Döngəni sürətlə burulan velosiped böyrü üstə aşdı və Orxan zərblə yerə çırpıldı.

Səidə dizinin üstündəki kağızları kənara atıb uşağın yanına qaçdı. Qonşu skamyadakı adam da irəli sıçradı. O, Orxanın yanına birinci çatıb uşağı yerdən qaldırdı.

Orxan ağlamırdı. Sol əli ilə dirsəyini tutaraq dodaqlarını bir-birinə sıxmışdı, ağrıya dözürdü.

* Quzum! Sənə qurban, nə oldu?! Haran dəydi?! – Səidə həyəcandan özünü itirmişdi, nə dediyini bilmirdi. – Kor olum, təqsir məndədi. Gərək sənə yaxşı baxaydım!

O, uşağın balaca əlini ovcuna alıb öpdü.

- Heç nə olmayıb! – Cavan adam uşağın sıyrılmış dirsəyini nəzərdən keçirərək və qolunu büküb açandan sonra Səidəni sakitləşdirdi. – Bir az cızılıb, vəssalam!

Səidə yalnız bu zaman Orxanın dirsəyinin cızılıb qanadığına fikir verdi. Cəld qaçıb çantasından yaş salfet çıxardı və cızılmış yerin ətrafını ehmalca sildi. Uşaq gözünü qırpmadan dayanmışdı. Sol əlinin ovcundakı qanı Səidəyə göstərdi ki, onu da silsin.

* Aslan parçası! – Cavan adam uşağı təriflədi. – Maşallah, cəsur oğlunuz var, heç ağlamadı, - sonra yavaşca əlavə etdi, - mənim oğlumun da adı Orxandır.

Səidə ağızucu təşəkkür etdi. Tələsik çantasını yığıb çiyninə aşıraraq uşağın əlindən tutdu. Velosipedi də götürüb evə yollandı.

* Sizə kömək eləyim!

* Yox-yox! Sağ olun! - Səidə inadla təklifi rədd elədi, qarşısındakı adamın üzünə belə baxmadan dönüb getdi.

…Aparıcı təşkilatda çıxış iki saata yaxın çəkdi. Səidə sözə başlayanda həyəcanlı olsa da, sonra hər şey qaydasına düşdü. O, işini qısa, konkret, aydın və səlis danışdı, suallara da əhatəli cavab verdi. Söz alanların çıxışından ümumi rəyin müsbət olduğu anlaşılırdı.

Elmi seminar bitəndən sonra Səidə yazılı rəy almaq üçün elmi katibin yanına getdi.

* Çıxışınızı çox bəyəndim, Səidə xanım! Təbrik edirəm! – Katib səmimiyyətlə onun əlini sıxandan sonra yavaşca soruşdu: - Oğlunuz necədir? Müsahibinin təəccüb dolu mavi gözlərinin üzünə zilləndiyini görəndə əlavə etdi,- Deyəsən məni tanımadız?

O bir qədər pərt halda iki gün əvvəl parkda qarşılaşdıqlarını, uşağın yıxıldığını deməsəydi Səidə onu heç cür yadına sala bilməyəcəkdi.

* Orxan yaxşıdır, sağ olun, daha velosipedi ehtiyatla sürür. Mənim deyil, qardaşımın oğludur, ona görə çaşdım. Mənim isə hələ ailə qurmağa fürsətim olmayıb, - o, vəziyyəti düzəltməyə çalışdı, - Sizin oğlunuz necədir, səhv eləmirəmsə, onun da adı Orxandır.

* Bəli. – O, Səidəyə oturmağa yer göstərdi. – Gəlin keçək sizin dissertasiya işinə.

Yarım saatdan sonra Səidə katibin otağından çıxdı. Çiynindən bir yük götürülmüş kimi rahat nəfəs alıb liftə tərəf getdi.

Sonrakı həftə ərzində iki dəfə yenə görüşdülər. Katib suallarını və iradlarını bildirdi, müzakirə etdilər. İmza və möhürlə təsdiq edilmiş yazılı rəydə dissertasiya işi yüksək qiymətləndirilirdi, iki irad vardı.

Uğurla keçən müdafiədən sonra bir gün Səidəyə zəng gəldi – aparıcı təşkilatın elmi katibindən. İş görüşməsi təklif edirdi. “Yenə suallarınız var?” – Səidənin zarafatına “Bəli! Özü də çox ciddi suallardır”, - cavabını verdi.

Elmi katib gənc mütəxəssisi layihə işləmək üçün təşkil etdiyi işçi qrupa dəvət elədi. Beləliklə, onlar layihə ilə bağlı müntəzəm görüşməyə başladılar. Səidə artıq bu adam haqda daha çox bilirdi – ailəsinin dağıldığını, oğlunu həftədə cəmi bir dəfə görə bildiyini könülsüz də olsa danışmışdı. Birgə ezamiyyətlər onları bir az da yaxınlaşdırdı. Səidə illər boyu axtardığı, güvənə biləcəyi, sevə biləcəyi adama rast gəldiyini artıq başa düşmüşdü.

Günlərin birində evlənməyə qərar verdilər.

Ailəsindən ayrılmış, üstəlik, uzaqda dörd yaşında oğlu böyüyən bir adama ərə getməyin çətinliklərini Səidə bilirdi – o vaxt bu izdivaca razılıq vermək istəməyən anası bunu ona yaxşı-yaxşı başa salmışdı, amma bu çətinliklərin öhdəsindən gələcəyinə də əmin idi - sevgisi ona qüvvət veriridi. Bir də, ailəni Səidə dağıtmamışdı ki. Onlar tanış olanda gələcək əri artıq iki il idi ki, sərbəst idi.

Bir şeyi nəzərə almamışdı: qarşı tərəfin özünü necə aparacağını. Axı hər şey təkcə onun özündən asılı deyildi.

Özünü Orxana sevdirə bilmədi. Daha doğrusu, qoymadılar. Uşağın beyninə şübhə toxumu səpib buna imkan vermədilər. O zaman Səidə onlara fikir verməyərək yaşamaq qərarına gəldi - əsas odur ki, əri ona inanır, onun səylərini qiymətləndirir. Qayınanası da.

Kamran anadan olandan sonra vəziyyət daha da pisləşdi. İki oğuldan biri atasının yanında, diğəri isə uzaqda böyüdüyündən qısqanclıqlar peyda oldu.

İllər boyu özünə edilən haqsızlıqları, eyhamları eşitməzliyə vurdu Səidə. Hər gələndə Orxanı gülərüzlə qarşılayıb yola saldı. Bütün incikliklərini ərinə olan sevgisinin işığında boğdu. Amma bir gün bu acı hissləri Kamranın da yaşayacağını düşünməmişdi.

Səidə oğlunu bu intriqalardan uzaqda saxlayaraq böyütmüşdü. Sevgi və qayğı ilə əhatə olunmuş Kamran zəif uşaq idi, tez-tez xəstələnirdi. Onun təmiz, kövrək qəlbinin qırılmağına Səidə necə dözəydi? Qəhər onu boğdu. Oğlunu bərk-bərk qucaqladı. Uşağın çiyinləri titrədikcə, onun ürəyi də titrədi…

***

– Sən bir işə bax. Gör necə pis danışıb. Ancaq bilirsən, Kam, həyatda bundan da betər şeylər olur, bu nədir ki. Həyat çətinliklərlə doludur, mənim balam. Elə uşaqlar var ki, analarını itirirlər, bəziləri atalarını, ürəkləri nisgilli olur. Ata-anaları ayrı yaşayan uşaqlar da acıqlı olurlar, onları başa düşmək, kömək etmək lazımdır. Biz, Allaha şükür, bir yerdəyik. Mən səni çox, lap çox sevirəm. Atan da səni sevir, nənən də, elə Orxan da… Kobudluğuna baxma, bir azdan dediklərinə peşman olacaq, görərsən.

Kamran anasına qısılıb sakitləşdi. Gözlərinin yaşını sildi. Tez-tez içini çəkirdi. Səidə onun qolunu sığallayıb ehmalca öpdü, körpə uşaq kimi sağa-sola yellədi.

* Bu qarışqaların da anası var?

* Əlbəttə. Görürsən, hərəsi yeməyə bir şey tapıb yuvaya – anasının yanına aparır.

* Bəzilərini mən əzmişəm.

* Eybi yoxdur. Analarını görən kimi sağalacaqlar.

Kamran gözlərini ovxalayıb fikrə getdi.

* Gəl sabah şəhərə gedək. Gəzərik, yelləncəklərə minərik, kafedə oturub dondurma yeyərik.

Kamran: «Hə», – deyə başını tərpətdi. Birdən üzu dəyişdi:

* Onu da aparacağıq?

* Kimi?

* Orxanı.

* Hə, nə olar ki? Təklif edərik.

* Yox!

* Aparmayaq?

* Yox!

* Sən necə istəyirsən elə də olsun, kapitan! Ancaq kiçik bir şərtim var.

* …?

* Atana şikayət eləmə. Niyə qanı qaralsın ki?

Siqnal səsinə hər ikisi başını qaldırıb darvazaya tərəf baxdı.

* Atam gəldi!

…Onlar bir-birinin sözünü kəsə-kəsə səs-küylə qaçırdılar. Daş döşənmiş ensiz cığırla tullana-tullana gedən Kamranın başı gah görünür, gah da meynələrin arasında itib yox olurdu.

* Şərtimi qəbul edirsən?!

* Hə!

* Yavaş qaç, yıxılarsan!

* Mən səni ötürrəm!

Atası bir əli ilə Orxanı qucaqlamışdı, o birini geniş açıb gülə-gülə Kamranı gözləyirdi. Kamransa onu çox gözlətməmək üçün var qüvvəsi ilə qaçır, sarışın saçları gah alnına yapışır, gah da arxaya daraqlanırdı…

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031