Gi de Mopassan: "Atılmış"
Manera.az Gi de Mopassanın "Atılmış" hekayəsini təqdim edir:
– Əzizim, deyəsən sən ağlını itirmisən. Belə isti havada o uzaqdakı kəndə getmək istəyirsən? Son iki ayda qəribə hərəkətlər edirsən. Zorla məni dəniz sahilinə sürüyüb aparırsan, halbuki evləndiyimiz qırx dörd il ərzində sənin belə şıltaqlığını görməmişəm. İstirahət üçün bu cansıxıcı Fekampı seçdin, mənim məsləhətimə qulaq asmadın. İndi də dirəşmisən ki, bu isti havada kəndə gedəsən. Başqa vaxt iki metr yolu piyada getmirsən, amma ilin ən isti günündə piyada kəndə getmək istəyirsən. Mən səninlə gedən deyiləım. Istəyirsənsə Aprivaldan xahiş et, o gedər. Çünki o sənin hər şıltaqlığına dözür. Mən isə gedib yatacam.
Madam de Kodor üzünü köhnə dostuna tutub dedi:
– Cənab Aprival, sən mənimlə kəndə gedərsən?
O gülümsəyib baş əydi, keçmişdə olduğu kimi indi də nəzakətlə dedi:
– Mən səninlə kəndə gedərəm.
– Yaxşı, gedin, qoy sizi gün vursun, onda ağlınız başınıza gələr, - cənab Kodor belə deyib Bains otelinə getdi ki, bir-iki saat yatsın.
Elə ki, cənab Kodor otelə qayıtdı, yaşlı qadınla köhnə dostu yola düzəldilər. Qadın onun qolundan tutub yavaşca dedi:
– Nəhayət! Nəhayət!
– Sən dəli olmusan,- dostu da pıçıltıyla dedi. – Doğrudan, sən dəli olmusan. Necə risk etdiyini dərk etmirsən. Əgər o kişi...
Qadın hirsləndi.
– Ah, Henri, onun haqda danışanda “ o kişi” demə!
– Yaxşı, – kişi kobud tərzdə dedi. – Əgər bizim oğlumuz bir şey başa düşsə, şübhələnsə o bizim ikimizi də biabır edər. Sən qırx il onu görmədən yaşamısan. De görüm, bu gün nə olub sənə?
Onlar dənizdən kəndə aparan uzun yolla gedirdilər, sonra onlar Etretata getmək üçün sağa döndülər. Hava çox isti olduğundan onlar yavaş-yavaş gedirdi. Yaşlı qadın köhnə dostunun qoluna girmiş, yeriyə-yeriyə qabağa baxırdı. Nəhayət, o dedi:
– Deməli, sən özün də o vaxtdan bəri onu görməmisən, elədir?
– Yox, heç vaxt!
– Bu, mümkündür?
– Əziz dostum, gəl bu məsələni yenidən müzakirə etməyək. Mənim arvadım, uşaqlarım, sənin isə ərin var. Ona görə də başqa adamların bizim haqqımzda deyəcəyi sözlərdən qorxmalıyıq.
Yaşlı qadın heç nə demədi. Keçmişi, uzaq gənclik illərini, o vaxt baş verənləri xatırladı. Onunla ilk tanışlığını yadına saldı. O evlərinə girənə qədər o cavan oğlan- Aprival onun arxasınca baxardı. Ah, necə xoşbəxt günlər idi! Bütün həyatı boyu ən xoşbəxt günlər! Ancaq necə də tez gəlib keçdi o günlər!
Sonra isə...hamilə olduğunu bildi! O xoş günlərin cəzasını aldı!
Daha sonra Cənuba olan uzun səyahət...Daimi əzab.. Aralıq dənizi sahillərində bağın aşağısındakı evdə tək keçirdiyi günlər. O cürət edib bu evdən bayıra çıxa bilmirdi. Nə yaxşı ki, o həmin günləri, portağal ağacının altında uzanıb yaşıl yarpaqlar arasındakı meyvələrə baxdığı günləri xatırladı. Dənizdən əsən sərin meh...O dəniz sahilinə getmək istəyirdi, ancaq qorxurdu ki, kimsə onu tanıya bilər! Körpəsinin doğulacağı günü həsrətlə gözlədiyi günlər...Dəhşətli ağrılar...Sonra isə həmin dəhşətli gecə! Ah, o ağrılara necə dözürdü! O necə zarıyırdı, necə qışqırırdı! Həmin anlarda o əlindən tutan solğun üzlü sevgilisini, həkimin təmiz qırxılmış üzünü və tibb bacısının ağ papağını aydınca görürdü.
Körpənin çığırtısını, insan kimi çığırdığını eşidəndə o nələr çəkmişdi, ilahi!
Və o biri gün! O biri gün! Həyatında ilk dəfə olaraq o həmin gün oğlunu gördü və öpdü! Həmin gündən bəri o bircə dəfə də olsun oğlunun üzünü görməyib!
O vaxtdan bəri keçirdiyi bütün günlər əzab oldu ona, hər gün qucağında çapalayan o körpə gözləri önünə gəldi! O həmin gündən bəri bir dəfə də olsun öz oğlunu, o balaca varlığı, özünün bir parçasını görməmişdi. Çünki o körpəni onun əlindən alıb apardılar, ondan gizlətdilər. Onun bildiyi bu idi ki, körpəni ölkənin şimal-qərbindəki əyalətdə bir kəndliyə veriblər. Bu isə o deməkdir ki, onun oğlu da kəndli olmuşdu. Adını bilmədiyi atası bu kəndliyə çoxlu miqdarda pul vermişdi. İndi oğlu evlənmişdi.
Qırx il ərzində o hər gün oğlunun yanına gedib onu görmək, bağrına basmaq istəmişdi! Onun böyüdüyünü heç təsəvvür edə bilmirdi! O yalnız bircə gün sinəsinə sıxdığı o balaca körpəni təsəvvür edə bilirdi.
Dəfələrlə cənab Aprivala belə demişdi:
– Mən daha dözə bilmirəm, gedib onu görməliyəm!
Aprival həmişə ona mae olmuşdu. Deyirdi ki, o oğlunu görəndə özünə nəzarət edə bilməyəcək, oğlu da hər şeyi başa düşüb onu şantaj edəcək, o da biabır olacaqdı!
– O kimə oxşayır? – yaşlı qadın Aprivaldan soruşdu.
– Mən bilmirəm, axı mən də onu o vaxtdan bəri heç vaxt görməmişəm.
– Bu mümkündür? Necə ola bilər ki, sənin oğlun olsun, ancaq onu görməkdən qorxasan, ondan imtina edəsən. Bu, dəhşətdir!
Onlar tozlu yolla gedir, isti havaya birtəhər dözüb indi də təpədən aşağı enirdilər.
– Bəlkə də Allah məni ona görə cəzalandırıb, mənə başqa uşaq vermədi,- yaşlı qadın dedi. – Hə, bu Allahın cəzasıdır, mənim başqa uşağım olmadı və mən daha səbr edə bilmirəm. Qırx il dözdüm, daha dözməyə səbrim yoxdur. Siz kişilər bunu başa düşə bilməzsiniz. Unutma ki, mən çox yaşamayacam. İndi bir özün fikirləş, mən öləcəm, ancaq heç vaxt onu görməyəcəm. Belə şey olar? Mən nə qədər gözləməliyəm? O vaxtdan bəri mən hər gün onu fikirləşmişəm! Hər gün! Mənim bu həyatdakı əzab dolu günlərimə həyat demək mümkünmü? Elə bir gün olmayıb ki, hər səhər açılanda ilk olaraq onu fikirləşməyim. Görəsən o necədir? Özümü onun qarşısında necə də günahkar hesab edirəm. Mən niyə adamların mənim haqda deyəcəyi sözlərdən qorxmalıydım? Heç nəyə baxmadan gedib onu geri almalıydım, onu özüm böyütməliydim, ona olan sevgimi göstərməliydim. Belə olsa mən daha xoşbəxt olardım, ancaq mən buna cürət etmədim, mən qorxdum! Nə qədər əzab çəkdim! Ah, o yazıq, atılmış uşaqlar analarına nə qədər nifrət edirlər!
Yaşlı qadın sözünün ardını deyə bilmədi, onu qəhər boğdu.
Onlar üzüaşağı dərəyə enirdilər hələ. Hər tərəf sükuta qərq olmuşdu, yalnız arabir yolun hər iki tərəfindəki saralmış, quru otların arasından cırcıramaların qulaqbatıran səsi eşidilirdi.
– Bir az otur, dincini al, – Aprival qadına dedi.
Yaşlı qadın xəndəyin qırağında oturub üzünü əlləri arasına aldı. Onun ağ saçları pırtlaşmışdı. O ağladı, bu böyük kədərə üstün gəlmək istədi. Aprival da onun qabağında narahat halda dayanıb ona nə deyəcəyini bilmirdi. Hərdən mızıldanırdı:
– Dur, özünü ələ al!
O ayağa durdu.
– Çalışacam, – o dedi və gözlərinin yaşını silib yavaş-yavaş irəliyə doğru addım atdı.
Bir az aralıda, bir topa ağacların arasında bir neçə ev görünürdü.
Hərdən dəmirçinin zindana vurduğu çəkicinin səsi eşidilirdi. Bir balaca komanın sağ tərəfində bir furqon dayanmış, çardağın altında iki kişi at nallayırdı.
Cənab Aprival onlara yaxınlaşıb soruşdu:
– Pirr Benediktin evi hardadır?
– Yolun sol tərəfiylə gedin, karvansaraya yaxın, sonra düz gedin, ordan üçüncü evdir. Onun darvazasının qabağında cavan küknar ağacı var. Ona görə də asan taparsınız onun evini.
Onlar sola döndülər. İndi yaşlı qadın çox yavaş yeriyirdi, ayaqlarını güclə sürüyürdü. Ürəyi elə bərkdən döyünürdü ki, ona elə gəlirdi ki, bu dəqiqə ürəyi partlayacaq. Dodaqaltı nəsə pıçıldayırdı, sanki dua edirdi:
– Ah! Allah! Allah!
Həyəcandan rəngi saralan, narahat görünən Aprival ona kobud səslə dedi:
– Əgər sən hisslərinə nəzarət edə bilmirsənsə özünü ələ verəcəksən! Cəsarətini topla, özünü ələ al!
– Özümü necə ələ alım? – yaşlı qadın dedi. – Mənim uşağım! Fikirləşəndə ki, öz uşağımı görməyə gedirəm....
Onlar dar, tozlu yolla irəli getdilər. Yaxınlqdakı arxın hər iki qırağında fıstıq ağacları sıralanmışdı. Birdən onlar qabaqdakı darvazanın ağzında cavan bir küknar ağacı gördülər.
– Buradır, – Aprival dedi.
Yaşlı qadın dayandı və ətrafa boylandı. Alma ağacları olan həyət elə üstü küləşlə örtülmüş koma kimi balacaydı. Həyətin bir tərəfində tövlə, anbar , hin vardı. Mal peyini, at arabası isə həyətdəki yarımtikilinin altındaydı.
Dörd dənə buzov ağacların altında otlayır, qara toyuqlar isə çəpərin üstündəydi.
Həyətdə tam sakitlik idi. Həyət qapısı açıq idi, amma həyətdə heç kim görünmürdü.
Beləliklə, onlar həyətə girdilər. Elə bu vaxt armud ağacının altındakı çəlləyin içindən bir it çıxıb hürməyə başladı. Evin divarının yanında dörd dənə bal arısı təknəsi vardı.
Cənab Aprival irəli keçib çağırdı:
– Evdə kimsə var?
Bundan sonra evdən bir uşaq çıxdı, təxminən on yaşlı qız. Əynində yekə köynək və yubka vardı. Üst -başı kirliydi, qorxa-qorxa onlara baxdı. Qız qapının ağzında dayanıb durdu, elə bil içəri girmək istəyən hər kəsə mane olmaq istəyirdi.
– Nə istəyirsiniz? – qız soruşdu.
– Atan evdədir? – Aprival soruşdu.
– Yox!
– O hardadır?
– Mən bilmirəm.
– Bəs anan evdədir?
– İnəklərin yanındadır.
– O tez qayıdar?
– Mən bilmirəm.
Bu vaxt yaşlı qadın qorxdu ki, köhnə dostu onu geri qayıtmağa məcbur edər, odur ki, cəld dilləndi:
– Mən onu görməmiş heç yana gedən deyiləm.
– Əziz dostum, biz onu gözləyəcəyik.
Onlar geri dönəndə gördülər ki, əlində iki qalay vedrə olan bir qadın evə tərəf gəlir. Hiss olunurdu ki, gün altında parıldayan vedrələr çox ağırdır.
Qadının sağ ayağı axsayırdı. Əynindəki qəhvəyi rəngli toxunma jaketin rəngi solmuşdu. O yazıq, üst başı kirli qulluqçuya oxşayırdı.
– Anam gəldi, – uşaq dedi.
Evə çatanda o həyətdəki yad adamlara acıqlı-acıqlı baxıb içəri girdi. Elə bil heç onları görməmişdi. O çox qoca görünürdü, üzü solğun, qırışmış idi.
Cənab Aprival qadını çağırdı:
– Madam, çox xahiş edirəm, biz bilmək istəyirik ki, siz bizə iki stəkan süd satarsınızmı?
Qadın deyinə-deyinə evin qapısından çıxıb dedi:
– Mən süd satmıram.
– Biz çox susamışıq, madam çox yorulub. Bizə içməyə heç nə verməzsiniz?
Qadın onlara bir az baxıb fikirləşəndən sonra dedi:
– Əgər həyətə girmisinizsə mən onda sizə içməyə nəsə verərəm.
Belə deyib qadın evə girdi, bu vaxt uşaq da gedib iki stul gətirdi, həyətdəki alma ağacının altına qoydu. Sonra qadın iki fincan köpüklü süd gətirib qonaqlara verdi və evə qayıtmadı, onların yanında dayandı. Sanki onlara göz qoymaqla hansı məqsədlə gəldiklərini öyrənmək istəyirdi.
– Siz Fekampdan gəlmisiniz? – o soruşdu.
– Hə, – cənab Aprival dedi. – Biz yayı Fekampda keçiririk.
Azacıq sükutdan sonra o əlavə etdi:
– Toyuğunuz olarmı hər həftə bizə satmağa?
Qadın azacıq duruxub dedi:
– Hə, toyuğumuz var. Yəqin ki, siz çolpa istəyirsiniz?
– Hə, əlbəttə.
– Siz bazardan belə çolpaları neçəyə alırsınız?
Toyuqların qiymətindən bixəbər Aprival yaşlı qadına tərəf dönüb ondan soruşdu:
– Mənim əziz xanımım, sən Fekampda toyuqları neçəyə alırsan?
– Dörd frank, ya da dörd frank əlli sent, – yaşlı qadın göz yaşı içində dedi.
Bu vaxt ona çəpəki baxan kəndli qadın təəccüblə soruşdu:
– Qadın xəstədir? O niyə ağlayır?
Aprival nə deyəcəyini bilmədi, bir az tərəddüdlə dedi:
– Yox! Yox! Yox! Biz yolda gələndə o qol saatını itirib, çox gözəl saat idi. Ona görə ağlayır. Xahiş edirəm, kimsə o saatı tapsa bizə xəbər verin.
Kəndli qadın heç nə demədi, çünki heç özü də bilmirdi nə desin. Qəflətən o bərkdən dedi:
– Ah! Budur, ərim də gəldi!
Üzü darvaza tərəfə olduğundan ərinin gəldiyini yalnız o görə bilərdi. Cənab Aprival səksəndi, madam de Kador isə arxaya qanrılıb baxanda az qala stuldan yıxılmışdı.
Darvazadan içəri girən beli əyilmiş kişi təngnəfəs idi, onlardan beş-on metr aralıdaydı. İnəyin boğzındakı kəndirin ucundan dartıb inəyi həyətə salırdı. Həyətdəki qonaqları elə bil heç görmədi, arvadına dedi:
– Çər dəymiş məni əldən saldı!
Sonra o inəyi darta-darta tövləyə apardı.
Darvazadan içəri girən kişini görəndə heyrətlən yaşlı qadının göz yaşları bir anda qurudu. Heç nə demədi. Beynində bircə fikir vardı: Bu kişi onun oğludur. Cənab Aprival da çox həyəcanlıydı, o da yaşlı qadın kimi heyrət içindəydi.
– Cənab Benedikt budur?
– Onun adını sizə kim dedi?- kəndli qadın bir az şübhəylə soruşdu.
– Yolun qırağındakı dəmirçi,- Aprival dedi.
Sonra araya sükut çökdü, hər üçü gözlərini tövlənin qapısına dikmişdi. Tövlənin içini görmək olmurdu. Ancaq tövlədən gələn səsi aydınca eşitmək olurdu. Addım səsləri, inək deyəsən dırnağıyla yeri eşirdi. Bir azdan kişi tövlənin qapısı ağzında göründü, alnının tərini silib yavaş addımlara evə tərəf gəlib, sanki qonaqları görmürmüş kimi arvadına dedi:
-Get mənə bir bardaq alma şirəsi şirəsi gətir. Çox susamışam.
Sonra kişi evə girdi, arvadı isə iki Parislini həyətdə tək qoyub anbara getdi.
-Henri, gəl gedək, gəl gedək,- madam de Kodor dedi.
Aprival onun qolundan tutub stuldan qalxmağına kömək etdi. Onu güclə qaldıra hildi, çünki yaşlı qadın az qala bayılırdı. Aprival stullardan birinin üstünə beş frank tullayıb yaşlı qadının qolundan tutub darvazaya tərəf getdi.
Elə ki darvazadan çıxdılar, yaşlı qadın hönkürməyə başladı.
– Ah! Ah! Sən onun üçün bunu etmisən?
Cənab Aprivalın da üzü sapsarıydı, o soyuqqanlıqla dedi:
– Mən əlimdən gələni etdim. Onun mal-qarasınn qiyməti səksən min frankdan çoxdur. Orta təbəqəyə məxsus adamların heç birinin bu qədər pulu yoxdur.
Onlar yavaş-yavaş geri qayıtdılar . Heç biri bir kəlmə də demirdi. Yaşlı qadın hələ də ağlayırdı, yanaqlarından elə hey yaş süzülürdü. Ancaq tədricən göz yaşı azaldı, onlar Fekampa çatdılar.
Onlar otelə çatanda cənab Kodor onları gözləyirdi ki, birlikdə şam etsinlər. Onları görən kimi gülüb dedi:
– Deməli, mənim arvadımı gün vurub, mən buna çox sevinirəm. Doğrudan, mən fikirləşirəm ki, o son günlər başını itirib.
Nə madam Kodor, nə də cənab Aprival heç biri heç nə demədi.
Nəhayət, cənab Kodor əlini bir-birinə sürtüb soruşdu:
– Yaxşı, ümid edırəm ki, gəzintiniz əla keçdi.
Cənab Aprival dedi:
– Əla gəzinti idi. Səni inandırıram ki, əla gəzdik.
İngilis dilindən tərcümə edən: Sevil Gültən