manera.az
manera.az

Bu gün teatr günüdür – Əsəd Cahangir yazır

📅 27.03.2019 15:27

Bu gün teatr günüdür – Əsəd Cahangir yazır
Amaliya xanım Pənahovanın xatirəsinə həsr edirəm...

Bu gün teatr günüdür!

Mənim üçün teatr beş-altı yaşımda baxdığım "Mahnı dağlarda qaldı” tamaşasından başlayır!

Ondan sonra yüzlərlə tamaşaya baxmışam, amma İlyas Əfəndiyev mənim üçün dünyanın ən böyük dramaturqu, Əliheydər Ələkbərov ən böyük rejissoru, Şahnaz rolunun ifaçısı Amaliya Pənahova ən böyük aktrisası olaraq qalır! Yəni mahnı dağlarda qalmayıb.

Tamaşaya baxandan sonra Amaliya Pənahova mənim üçün teatrın simvoluna çevrilmişdi. Onun teatr, televiziya, kinofilmlərdə neçə-neçə rolunu, sənət zirvəsinə gedən yolunu izləyirdim. Amaliya xanım çiçək kimi zərif, eyni zamanda qaya kimi sərt, mübariz, eyni zamanda kövrək qadın obrazları silsiləsi yaratmış, faciə, dram və komediyada, teatr, televiziya və kinoda eyni uğurla, heç bir amplua məhdudiyyəti olmadan oynamışdı. Lakin onun əksər obrazlarını özündə birləşdirən bir xüsusiyyət var idi – qürur! Aktrisanın daxili təbiətindən gələn bu xüsusiyyət Natəvan, Mahnur, Aynur, Nərmin, Larisa, Zinaida, Medeya, Təhminə, Mehri, Şəlalə, Zərri, Zərnisə, Ziba, Marqaret... kimi obrazlara da keçir, onlara təkrarsız bir cazibə, məlahət verirdi.

Amaliya xanım səhnəyə yeniliklər etmək üçün gəlmiş, yarım əsrlik yaradıcılıq fəaliyyəti ərzində çox "ilk”lərə imza atmışdı. O bir rolla məşhurlaşan, xalqın sevimlisinə, tamaşaçıların kumirinə çevrilən ilk və deyəsən, yeganə aktrisamızdır. Söhbət "Sən həmişə mənimləsən”də Nargilədən gedir... O, rejissor Tofiq Kazımov, dramaturq İlyas Əfəndiyevlə birgə milli teatrda lirik-psixoloji təmayülün əsasını qoyan aktyorlardan biri, yəqin ki birincisi idi. O, "Oqonyok” jurnalının üz qapağında şəkli gedən ilk Azərbaycan aktrisası idi. O, rejissorluq edən ilk aktrisa idi. O, Teatr direktoru olan ilk aktrisa idi – böyük çətinliklər bahasına Bələdiyyə Teatrını yaratmış, 25 ildən artıq bu teatra uğurla rəhbərlik etmişdi.

Amaliya xanım gözəl, zövqlü aktrisa idi. Mən onu rus səhnəsinin gözəl aktrisalarından Tatyana Doroninaya bənzədirdim. O, səhnədə həyatda olduğundan daha gözəl geyinir, özündən daha çox obrazlarının həyatını yaşayırdı. Teatr onun həyatı idi. Adil İskəndərov məktəbindən keçmiş bu aktrisa sənətə maksimum məsuliyyətlə yanaşırdı. Bir faktı deyim: Ofeliya rolunu oynayıb bitirən kimi onu səhnədən birbaşa doğum evinə gətirmişdilər və aktrisanın ilk övladı – Aynur dünyaya gəlmişdi. Bu, dünya teatrı tarixində analoqu olmayan fakt idi. Təsəllivericidir ki, anasının vəfatından sonra Bələdiyyə Teatrına aktrisanın qızı rəhbərlik edir.

Amaliya xanım rəhbərlik etdiyi Teatrın aktyorlarından da sənətə eyni məsuliyyəti tələb edirdi. Amma o sadəcə tələbkar direktor yox, həm də Bələdiyyə Teatrının anası idi. Yeri gələndə qayğıkeş, mehriban, özünü oda-közə vuran, yeri gələndə sərt, tələbkar bir ana. O teatra dəvət etdiyi gənclərə öz potensiallarını realizə etmələri üçün hər cür imkan yaradır, bəzən ən xırda məişət məsələlərinə qədər onların problemlərinin həllinə kömək edirdi. Lakin məsələ təkcə bununla bitmirdi. Bütün ömrünü teatra vermiş, təqaüd yaşları ilə bağlı Milli Teatrdan uzaqlaşdırılmış Sofa Bəsirzadə, Muxtar Avşarov, Mirvari Novruzova kimi aktyorları Bələdiyyə teatrına dəvət etməsi Amaliya xanımın həm də özündən öncəkilər qarşısında borcunu dərk edən həssas insan olmasından xəbər verirdi.
Bu gün teatr günüdür – Əsəd Cahangir yazır
Amaliya xanım bir cəhətdən də örnək sayıla bilər – o, ailə və sənəti bir araya gətirmək kimi çətin işin öhdəsindən gələ bilmişdi. Onun həyat yoldaşı Yusif Muxtarov da sənətkar – Respublikanın Xalq artisti idi. Yusif əmi həyat yoldaşına sənətin çətin yolunda ən böyük dəstək olmuş, onların sənətkarlığı valideynlik borclarının üstünə kölgə salmamış, qızları Aynur və oğulları İlqarı ləyaqətlə böyütmüşdülər.

Amma Amaliya xanımın zirvəyə gedən yolu hamar olmamışdı. O teatra gələndə səhnədə Barat Şəkinskaya, Hökümə Qurbanova, Leyla Bədirbəyli kimi adlı-sanlı, Səfurə İbrahimova, Şəfiqə Məmmədova kimi gənc aktrisalar vardı. Rejissor Tofiq Kazımovun təklifiylə böyük səhnəyə çıxıb, bir gündə xalqın sevimlisinə çevrilən gənc aktrisanın uğurlarını çoxları qısqanclıqla qarşılamışdı. Bu qısqanclıq üzündən Amaliya xanım rejissorların məhz onun üçün nəzərdə tutduqları Janna Dark, Ledi Maqbet və daha neçə-neçə rolu oynaya bilməmişdi. Bu qısqanclıq üzündən "Mosfilm”in çəkilişlərinə dəvət məktubu ondan gizlədilmişdi.

Bu qısqanclıq üzündən o yaradıcılığının çiçəklənən vaxtı – 70-ci illərin ortalarında canından artıq sevdiyi səhnəni bir neçə illiyə tərk etmək zorunda qalmışdı. Bu qısqanclıq üzündən "Babək” filmində böyük məharətlə yaratdığı Zərnisə obrazının aktrisaya verilməsinə Ulu öndər Heydər Əliyev şəxsən özü qarışmışdı. Bu qısqanclıq üzündən aktrisa bütün taleyi ilə bağlı olduğu, 30 ilə yaxın çalışdığı Milli Teatrdan yaradıcılığının ən kamil vaxtında getmişdi...

Amma üzləşdiyi heç bir çətinliyin teatrşünas Cəfər Cəfərovun diliylə desək, "sənətinin aşiqi olan” bu aktrisanı ruhdan salmağa, yolundan döndərməyə gücü çatmamışdı. Əksinə, çətinliklər yeni uğurlar qazanmaq üçün ona stimul vermiş, onda polad kimi möhkəm iradə, əzm, qətiyyət kimi iradi keyfiyyətlər formalaşdırmışdı. O, kinofilmlərdəki bir-birindən maraqlı obrazlarını teatrı müvəqqəti olaraq tərk etdiyi illərdə yaratmışdı. Onun Ledi Maqbet oynamasına mane olmuşdular, əvəzində o Medeya oynamışdı. Onun Bələdiyyə Teatrını yaratmasına səbəb Milli Teatrdan getməsi olmuşdu. Aktrisanın sənət eşqi qarşısıalınmaz, teatr sevgisi məğlubedilməz idi. O, sözün hərtərəfli və həqiqi mənasında sənət kraliçası idi.

Amaliya xanımın gözlənilməz ölümü bütün ömrünü sənətə vermiş sənətkarın son sözü oldu. O bu dəfə öz yazdığı faciədə özünü oynadı, ağır, sağalmaz xəstəliklə aylardan bəri mübarizə apardığını ictimaiyyətdən gizlədi. Buna qüruru yol vermədi. Onu sevən tamaşaçıların nəzərində xəstə, zəif görünmək istəmədi. O, səhnəyə ilk gəlişi kimi gedişi ilə də milyonları diksindirdi!

Amaliya xanımın dəfn olunduğu gün Milli Teatrın, bəlkə də, ən qəmli günlərindən biri idi. Mən hələ Milli Teatrı belə görməmişdim. Hətta kişi aktyorlar belə qəhərlərini boğa bilmirdilər. Aktrisa dünyanı ilk dəfə tamaşaçı qarşısına çıxdığı səhnədən sənət kraliçasına yaraşan bir əzəmətlə, səhnədən baxan fotosundakı kimi təbəssümlə tərk edib gedirdi...

O gün Teatr günü idi.

Hər bir istedadlı aktyorun dünyaya gəldiyi gün Teatr günüdür. Hər bir böyük sənətkarın dünyadan getdiyi gün Teatr günüdür.

Mən bu gün Teatr günü olduğu üçün Amaliya xanımı anmıram, əksinə, məncə, Amaliya xanımı andığım üçün Teatr günüdür.

Bu gün Teatr günüdür!.../artkaspi.az/

MANERA.AZ


Baxış sayı - 1 300 | Yüklənmə tarixi: 27.03.2019 15:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031