manera.az
manera.az

Mən səni sevirəm, ölməzsən heç vaxt - Qəşəm Nəcəfzadənin şeirləri

📅 24.03.2019 21:30

Mən səni sevirəm, ölməzsən heç vaxt - Qəşəm Nəcəfzadənin şeirləri
MANERA.AZ tanınmış şair Qəşəm Nəcəfzadənin 60 illik yubileyi münasibəti ilə şeirlərini təqdim edir:

QORXMA

Get ağ balıncına saçlarını tök,
Heç qorxub eləmə gözlərini yum.
Sən Allah, sinəndən qolunu aç, tök,
Bu ölmək fikrini bir tərəfə at.
Gözünü yummağa qorxursan, quzum,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Gördün, mən deyəndi dünyanın işi,
Könlün istəyəni milyon əlli tut.
Qara gözlərinə ölüm ilişsə,
Qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Qorxma, üstündədi gözüm həmişə,
Ölüm bir tükünə toxuna bilməz.
Qorxursan, gəl düşək torpağın üstə.
Düşək ayaqyalın yeriyək, quzum.
Düşək qatarlardan, təyyarələrdən,
Düşək tuflilərdən, mərtəbələrdən,
Düşək torpaq dadsın ayaqlarımız,
Enək çiçəklərə, güllərə nolar.
Əgər ayaqyalın yeriyə bilsək,
Düşüb dalımızca gələr adamlar.

Hələ qatardayıq, təyyarədəyik,
Hələ güllə üstə, bomba üstəyik.
Nə olsun,
Mən səni sevirəm, get arxayın yat.
Ürəyin ağrısa, qatar yıxılsa,
Təyyarə sürüşsə göyün üzündən
Qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt,
Ölməzsən heç vaxt.

SƏNİN DƏRSİN

Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.

Ağzı yanmışların yoxdu xəbəri,
Mən sənin önündə lal dayanıram.
Dəftərə qırmızı düzəliş kimi,
Varaq yanağımda al dayanıram.

Adın tək dərsimi əzbərləyirəm,
Sevgi baxışına boyanmaq üçün.
Ömrümü, günümü qurban verərəm,
Şagird tək önündə dayanmaq üçün.

Vaxt axır… şagirdlər duymurlar səni,
Gör necə qıyırlar kövrək səsinə.
Hardan bilsinlər ki, həsrət qalmışam
Qırx beş dəqiqənin bir dəqiqəsinə.

Səhvdi misalları, məsələləri,
Dərdini artırıb yüz eləyərlər.
Ölürəm mən sənin “üç”ündən ötrü,
Verdiyin “beş”lərə naz eləyərlər.

Təbaşir ləçəkli çiçək əllərin,
Lövhənin üzündə kəpənək olar.
Dəsmala bənzəyər göyçək əllərin,
Bir oğlan balanı bələmək olar.

Misra dodaqların yorular hərdən,
Saçların pırtdaşar, əllərin əsər.
Bir gözəl, bir göyçək oğlumuz olar,
Bu dəcəl qızların səsini kəsər.

Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.

AY VƏTƏN

Təndir çörəyini kökə elədik,
Torpağını seçdik bölgə elədik.
Böldük səni tikə - tikə elədik,
Bacın ölsün, anan ölsün, ay Vətən!

Səni vurduq sonra sözlə bələdik,
Körpəlikdən babamıza bələdik.
Göyçə gölün Sevan gölü elədik,
Durnan ölsün, sonan ölsün, ay Vətən!

Şeir yazdıq, bəlkə təzə ev alaq,
Tərif dedik, bircə pillə ucalaq.
İndən belə başımıza əl çalaq,
Əli - ələ çalan ölsün, ay Vətən!

Mən bilmirəm axşam nədi, gün nədi?
Qız- gəlinin əsir- yesir gündədi.
Şuşam getdi, bir balam var, dinmədim,
Mənim kimi balan ölsün, ay Vətən!

Al qılıncı, vur düşməni böl iki,
Bu düşmənlər səni elə bölüb ki ...
İndən belə şeir vaxtı deyil ki,
Bu şeiri yazan ölsün, ay Vətən!

NƏ OLAR

Ayaqların qaçan saniyələrdi,
İşə tələsirsən dayan, nə olar.
Elə bu küçədə aç gözlərini,
Otuz il yatmısan, oyan, nə olar.

Bu şeiri də yazdım əlvida kimi,
Bax elə bu sətrim son vida kimi.
Mən ölsəm misra tək, sən nida kimi,
Başımın üstündə dayan, nə olar.

Canım, bundan sonra “yaşa”, “öl” kimi,
Qanatdın qəlbimi sarıtel kimi.
Qoşa əllərini qoşa gül kimi,
Sinəmin üstünə qoyam, nə olar.

Ah çəkim, ahımdan dağ-dağ olum mən,
Səni gəzə – gəzə çıraq olum mən.
Çürüyüm bir ovuc torpaq olum mən,
Sən də çıx üstümdə dayan, nə olar.
Bəlkə onda səndən doyam, nə olar!

GƏLİN APARDILAR

Gəlin apardılar qəlbi yox kimi,
Hıçqırıq ürəyin son nəğməsiydi.
«Volqa»da gəlinin əyilən başı,
Bu işə bir sual işarəsiydi.

Biri qəlbdə gedir, biri «Volqa»da,
Biz də gülə-gülə alqışlayırıq.
Ürəyə köçəndən xəbərimiz yox,
Evlərə köçəni xoşbəxt sayırıq

EVƏ QAYIDANDA

Həyat yoldaşım Tabəs xanım üçün

Evə qayıdırarn uşaqlar yatıb,
Sənin də gözündən yuxu sürüşüb.
Adımı əlinin içinə yazmaq,
Görəsən hayandan yadına düşüb?!

Mən sənin ən pinti, dəcəl balanam,
Hər gün üst-başımı təmizləyirsən.
Məni dəli kimi sevdiyin üçün,
Mənimlə bir qabda yemək yeyirsən.

Yaşın otuz üçü keçibdi çoxdan,
Qız xasiyyətini dəyişməmisən.
On səkkiz yaşında qaldığın üçün,
Hələ zəmanəyə uyuşmamısan.

Qadın ol, ana ol, qız olma daha,
Sevginlə başıma oyun açırsan.
Başında on səkkiz yaşm sevdası,
Məni qayğılarda qoyub qaçırsan.

Sevirəm mən səni bu həyat kimi,
Sənə sevgilərim yüz cürə donda.
Harda şeirlərim qafıyəsizdi,
Uşaqların üstün örtmüşəm onda.

Çörək-su dalınca çıxmışam evdən,
Məni pis adamlar yüz yerdən sıxıb.
Evə qayıtmışam axşamlar, bəzən,
Sevirəm söyləmək yadımdan çıxıb.

Gör necə ucadı qəlbimdə yerin,
Sən ki aşağıda dayanmamısan.
Sənin haqqındadı hər sevgi şerim,
Sən bu xoşbəxtliyə inanmamısan.

HƏYAT

Düşünb-daşınıb,
Daşınıb-düşündüm bir az,
Həyat bir daş kimi alnıma dəydi.

Adam ağladanmış sevgi deyilən,
Qızların göyçəyi atıb gedənmiş.
Sevilib-sevilib atılan oğlan, ayılan gözəl,
Ayıldım, bunların hamsı nədənmiş?

Sevməyin qaydası olurmuş demə,
Getməyin, gəlməyin yolu varıymış.
Alovdu, dənizdi sevgi deyilən,
Alova, dənizə qız gəlmir axı,
Alovdan adama ev olmur axı.

Sevməyin qaydası olurmuş, demə,
Bu yolu bilənə qızlar vurulur.
Guya ki, məhəbbət dərs kimi şeymiş,
Onu əzbərləmək, öyrənmək olur.

Düşünüb-daşınıb,
Daşınıb-düşündüm bir az,
Həyat bir daş kimi alnıma dəydi.

MƏNİ ALDADAYDIN

Məni aldadaydın payıza kimi,
Solan yarpaqlara çataydım barı.
Məni aparaydın payıza kimi,
Məni ağlayaydı payız toyları.

Elə bahar kimi sevəydin məni,
Bir ağac olaydım baxışlarında.
Açıb hisslərimi qız saçı kimi,
Axıb durulaydım baxışlarında.

Bir məktub yazaydın mənim adıma,
Tufanlı dənizdə ada tapaydım.
Bir məktub yazaydın mənim adıma,
Yerimi məktubda salıb yataydım.

Yaşıl yarpaqlarda ölə bilmirəm,
Məni bu baharda düşürməyəydin.
Məni aparaydın payıza kimi,
Orda yarpaqlarla ölüb gedəydim.

Orda bir qatara minik başlanıb,
Məni aldadaydın payıza kimi.
Orda yollar toylu, göylər yağışlı,
Üzəydim, üzəydim dənizə kimi.

EŞİT ƏZİZİM

Eşit, nə deyirəm, eşit, əzizim,
Ürəyim yıxılıb qollarım üstə.
Bir gözəl sevimli həsrətin vardı,
Ha sevdim, oxşadım o, məndən küsdü.

Düşünə-düşünə qocaldı qəlbim,
Əllərim saralan payız yarpağı.
Eşit, nə deyirəm, eşit, əzizim,
Bu yola başdaşı oldu ayağım.

Xəzan istəyirdin, bu da ki xəzan,
Səni unudunca canım çıxacaq.
Yanında bir həsrət qoyub gedirəm,
Bu sadiq «gözəldən» ömrün qorxacaq.

«Vağzalı» çalınır, eşidirsənmi?
İşığı ağlayan bu toy kimindi?
Eşit, əzizim,
Köhnə qəbiristandan baş alıb qaçan
O tənha, o yalqız qəbir mənimdi.

Eşit, əzizim,
Gəl apar ömrümü çiyinlərində,
Tabut ürəklərə qoyma ki, düşəm.
Torpağın altında eşidəcəyəm,
Bir qız yaylığını alıb əlinə,
Məni çağırırdı: – «Qəşəm, ay Qəşəm!..»

NƏ YAXŞI

Doldum tellərinə,
Doldum əllərinə,
Doldum yollarına,
Hər şeyə bağladın məni.

Küləklərə söz yazdım,
Tez ayıldım, ayazdım.
Bir çay kimi dayazdım,
Kecib ayaqladın məni.

Yandım, oduma düşdün.
Sevdim, adıma düşdün.
Yenə yadıma düşdün,
Nə yaxşı, yoxladın məni.

BİLDİNMİ

Dolub yağış damlasına
pəncərənizi sevdim,
Bildinmi?- bilmədim.

Gözündən sərxoş kimi
yıxıldım ürəyinə
Güldünmü? – bilmədim.

Özümüzdən öncə
qapıda ayaqqabılarımızın
qoşa dayanmağını sevdim,
Sən də sevdinmi? – bilmədim.

Sən yatan ürəyimə
başımın sual
Əllərimin nida qoyulduğunu
Bilirsənmi?-bilmirəm.

Əllərin bulud kimi
kölgə salır
Saçlarımın işığına,
Deyəsən yağış yağacaq
axşama,
Xəbərin varmı?, bilmirəm!

YANAŞI TUTMA

Arvadım, sən məni kartof satanla,
Qazan dolduranla yanaşı tutma.
Şair ürəyimi, qələmimi sən,
Benzin dolduranla yanaşı tutma.

Gözlərim sınacaq ürəyim kimi,
Bu kağız-kuğuzum çörəyim kimi.
Görmürsən, biləyim qələmim kimi,
O yük qaldıranla yanaşı tutma.

Bir damcı boyum var, bir dünya eşqim,
Bax bu gün qəzetdə çıxıbdı şeirim.
Balaca daxmamda çörəyim şirin,
Beş evi olanla yanaşı tutma.

Koroğlu babam var, Qorqud dədəm var,
Hər yeni şeirimdə təzə qədəm var.
Arvadım, arxamda mənim Vətən var,
Vətənsiz olanla yanaşı tutma.

SƏN ÖLƏN GÜN

Gözəlim,
Əgər ölüm gerçəksə
Sən ölən gün,
Əllərin yumulan gün
Sevgi boşdu.

Yeri çəkin gətirin,
Göyü çəkin gətirin,
Mən inanan deyiləm,
Ölümdən sonra yaşamaq var.

Adam aldadırsınız,
Adam oynadırsınız.
Ürək öləndən, sevgi öləndən
Sonra
neçə yaşamaq olar?

Sevdiyim, gözlərin yumulacaqsa,
Yaşıl ağac kimi quruyacaqsa,
Bir addım yer səni susduracaqsa,
Mən necə inanım sevgiyə, məhəbbətə?

Allah bilir, səni necə sevirəm,
Bu boyda sevgimdən sonra ölsən,
Bu boyda sevgimdən sonra sussan,
hələ özümün çox inandığım,
hələ özümün arxalandığım
Məhəbbətim də boşdu.

Boşdu Eyfel qülləsi,
Qız qalası!
Bu dünyada milyon-milyon qalası
Hər nə var,
Boşdu, başımızı aldadırlar.

BU ŞEİRƏ GÖRƏ

Yazıram bu şeiri, yazıram yenə.
Bu şeirimə görə sevilməyəcəm.
Alova, dənizə qız gəlmir axı,
Şeirdən adama ev olmur təkcə.

Yazıram bu şeiri, yazıram yenə,
Mən başı daşlıya bir siz də gülün.
Hər gün arvadıma şeir oxuyuram,
Sonra arvadımı döyürəm hər gün.

Özüm də bilmirəm bu həyat nədi?
Məni geri qoyub bu yazı – pozu.
Qız vaxtı şeirimi çox istəyirdi,
İndi də pulumu – bu zalım qızı.

Sevincdən yaz deyir redaktorlarım,
Sevinc yox, mən gərək kədərdən yazım.
Başımı qatanda şeirlərimə,
Görürəm ac qalır oğulum, qızım.

Kimin nə vecinə qarışqa dərdim,
Qarışqa dərdimin köməyi yoxdu.
Bu şeiri yazanda ağılmı olar?
Ağlı olanın da ürəyi yoxdu.

Necə eləyəsən görəsən necə,
Şerimə, ömrümə yazılan baxtı.
Dostlarım ev tikib kefin istəyən
Bu zalım qızının günahı yoxdu.

SƏNƏ QIŞ PALTARI ALIRAM İNDİ

Heç fikir eləmə qurvanın olum
Adam başqasını gedib sevər də...
Adam sevdiyini ata bilər də...
Təzə iş deyil ki, başıma gələn,
Başına dönüm.

Adam sevilər də, unudular da,
Gedib başqasına uymaq da olar,
Bir gün yada düşər atıb getdiyin
Sonra peşman olub qayıtmaq olar,
Adam bağışlar da, bağışlamaz da...

Heç yüz il keçməmiş atıb getdiyin,
Yerindən durunca uçub gələrsən.
Üstünü çırpınca baxıb gülərsən,
Gözünü açınca çıxıb gedərsən.

Heç fikir eləmə qurvannın olum,
Adam aldanar da, peşman olar da...
Sənə yalvarıram özünü üzmə
Ürək yerə düşüb qəfil sınar da,
Nə olsun,
Ürək sınmayanda bəs nə sınacaq?

Yerimdən durunca,
Üstümü çırpınca,
Gözümü açınca
Sən çıxıb getdin,
Nə olsun,
Adam sevdiyini atıb gedər də...

Məni o yandırır, o yandırır ki,
Sənə qış paltarı alıram indi.
Nə olsun,
Adam soyuyar da, adam yanar da...

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 6 545 | Yüklənmə tarixi: 24.03.2019 21:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031