Gəncədə "Cümhuriyyət - anılar və anlar" kitabının təqdimatı keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi "100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə" adlı layihə çərçivəsində gənc yazar Elmin Nurinin “Cümhuriyyət - anılar və anlar” kitabının Gəncə şəhər Gənclər Evində təqimatı baş tutub.
Təqdimatda Gəncə şəhər “Gənclər Evi”nin direktoru Amil Qurbanov çıxış edərək gənclərə cumhuriyyət varisləri olaraq üzərlərinə çox böyük məsuliyyət düşdüyünü və öz üzərlərində daha yaxşı çalışmalı olduqlarını bildirib. Həmçinin direktor gənc yazara uğurlar arzu edib.
Daha sonra DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı çıxış edərək Gəncə şəhər İcra Hakimiyyətinə və Gənclər evinin rəhbərliyinə tədbirdə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Ələkbər Qoşalı bu cür tədbirlərin keçirilməsinin dövlətçilik ənənələrinə, tariximizə, milli kimliyimizə diqqət, gənclər arasında cümhuriyyət ruhunun qorunması, azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət etdiyini bildirib.
Gənc yazar Elmi Nuri tədbir iştirakçılarını salamlayaraq bu mövzudakı ilk kitabı olan “Cümhuriyyət – anılar və anlar”, 100 yaşlı Cümhuriyyət mövzusunda sistemli araşdırmalar aparmış ziyalıların əsərlərindən bəhrələnərək hazırladığını qeyd edib.
Bildirilib ki, publisistik mətnlərdən ibarət kitab həm də bu mövzuda yazılan dəyərli əsərləri, Cümhuriyyəti ən müxtəlif yönləri ilə araşdıran fədakar tədqiqatçıları gənc oxuculara bir daha təqdim etməyi hədəfləyib.5 hissədən ( –“Cümhuriyyət fədailəri – ruhla tarix yazanlar”; “Cümhuriyyət naxışları –ağ-qara rəngli hadisələr”; “Məhəmməd Əmin Rəsulzadə - anılar və anlar”; “Şərqin ilk qaranquşu–Cümhuriyyət parlamenti”; “Ədəbi Cümhuriyyət”– ) ibarət kitabda, müəllifin ayrı-ayrı portallarda işıqlanan məqalələrindən istifadə edilib. Kitabın məsləhətçisi, millət vəkili dr.Cavanşir Feyziyev, baş redaktoru (eləcə də, layihə rəhbəri) DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru “Xalq qəzeti”inin əməkdaşı Əfsanə Ələsgərli, rəyçiləri: ADPU-nun rektoru, prof.dr. Cəfər Cəfərov və “Modern.Az” xəbər portalının baş direktoru Elşad Eyvazlıdır.
Kitabın "Önsöz"ünü isə AGF-nin İcraçı direktoru Fərid Cəfərov yazıb.
Tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin direktoru Müşviq Cəfərov, AYB-in Gəncə bölməsi üzrə sədri Xəzangül Hüseynova, yazıçı Gülnarə Sadiq və digər yaradıcı insanlar iştirak ediblər.
Sonda layihə çərçivəsində keçirilən tədbirlərin fəal iştirakçılarına fəxri fərmanlar təqdim edilib.
Məlumat üçün qeyd edək ki, 2019-cu ilin yanvarında Bakı Konqres Mərkəzində kitabın geniş təqdimatı da daxil olmaqla layihənin və icraçı təşkilatın adına, mandatına uyğun konfrans keçiriləcək../ganjanews.az/
MANERA.AZ