Şərəfli peşə sahibi: Xanım Mirzəyeva 50
![]()
Müəllim! Onun həyatı çox zaman insanlıq etalonu kimi qəbul edilir. Çünki O insana yüksək mənəvi dəyərlər bəxş edir. Müəllim adı tarixən ayrı-ayrı mütəfəkkir və maarifpərvərlərin həyat qayəsi olmuş, bu gün də bu peşə müqəddəs sayılır.
Müəllim adının qudsallığı, müqəddəsliyi barədə şair və yazıçılarımız qüdrətli söz ülfətindən də məharətlə istifadə etmişlər. Bir sözlə müəllim adının şərəf və nüfuzu bütün zamanlar üçün aktual olmuş, öz əbədiyaşarlıq nümunəsi ilə qəlblərə nur ələmişdir. Belə müəllimlərdən biri də Lənkəran rayonu, Çay Fabriki Qəsəbə tam orta məktəbinin ibtidai sinif müəllimi Mirzəyeva Xanım Lətif qızıdır. Onun pedaqoji fəaliyyətini bir neçə cəhətdən səciyyələndirmək olar. O, dərslərində şagirdlərin tədris bacarıqları ilə yanaşı onların insanpərvərlik ruhuna xidmət edən keyfiyyətlərini həmişə uca tutur, müəllim-şagird münasibətlərində əməkdaşlıq prinsipindən səmərəli istifadə edir, tədris etdiyi fənlərin məzmun və dəyərlərini yeni paradiqmalar əsasında zənginləşdirir.
Xanım müəllimənin qabaqcıl iş üsulu işlədiyi pedaqoji kollektivin də hüsn – rəğbətini qazanmışdır. O mütəmadi olaraq ibtidai təhsilin müasir problemlərinə aid pedaqoji mövzuda məruzələr edir, həmkarları ilə bu sahədə geniş müzakirələr aparır. Xanım müəllimə öz qabaqcıl təcrübəsini gənc müəllimlərə həvəslə öyrədir. Təsadüfi deyil ki, bu gün onunla çiyin-çiyinə işləyən həmkarlarının bir çoxu elə onun öz yetişdirmələridir. Vaxtı ilə onun şagirdləri olmuş digər sənət-peşə sahibləri də xanım müəlliməni yad edir, onunla davamlı olaraq görüşməyi özləri üçün şərəf işi bilirlər.
Xanım müəllimə özü də sevimli şagirdlərinə müəllim müqəddəsliyi haqqında çox ibrətamiz poetik kəlamlar öyrədir. Məsələn: onun dərs apardığı sinif otağında müəllimin pedaqoji fəaliyyətinə aid böyük mütəfəkkirlərin, pedaqoqların, metodistlərin qiymətli deyimlərinə də rast gəlmək olar.Belə tərbiyələndirici nümunələrdən Xanım müəllimə vaxtaşırı olaraq şagirdləri ilə mükalimə aparır, müəllimlik peşəsinə rəğbət oyadan mülahizələr söyləyir. Mən onun dərs prosesində müəllim əməyinə aid peşəkarcasına deyilmiş bu kəlamları elə əsl müəllim əməyinə verilən qiymətli dəyər kimi başa düşürəm. O bu qəbildən olan fikirlərini aşağıdakı poetik nümunələrlə uşaqlara çatdırır:
“Unutmaram heç zaman,
Hər nəyi var mənimdir.
Mənim ikinci anam,
Mənim müəllimimdir.
Qarşısında səcdə edək , baş əyək,
Yer üzündə ülvi addır müəllim.
Yüksəlişdir həyatının mənası,
Qəlbdə işıq, gözdə nurdu müəllim.”
Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin diaqnostik qiymətləndirilməsindən yüksək bal (53 bal) toplayan Xanım müəllimə, topladığı yüksək balla daima öz üzərində çalışdığını, peşəkar müəllim olduğunu sübut etdi.
Xanım müəlliməni tanıdığım gündən onun necə qabaqcıl, müəllim adına layiq biri olduğunun bir daha şahidi oldum. Məktəb kollektivi olaraq Xanım müəlliməni həm 50 yaş – yubileyi, həm də pedaqoji fəaliyyətinin 30 illiyi münasibəti ilə ürəkdən təbrik edirik.
Araz Babayev,
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.