DGTYB-nin 20-ci ildönümü ilə bağlı konfrans keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yaranmasının 20-ci ildönümü ilə bağlı Azərbaycanda ATATÜRK Mərkəzində gənc yazarların, birlik qurucuları və Gənəş (Məsləhət Şurası) üzvlərinin iştirakı ilə konfrans keçirilib.
Bu barədə DGTYB-dən məlumat verilib.
Konfrans Azərbaycan, Qazaxıstan, Türkiyə, habelə digər türk ölkə və topluluqlarında yubileylə bağlı tədbirlərin təşkili, işıq üzü görəcək nəşrlərin müzakirəsi və DGTYB-nin çalışmalarında fərqlənmiş şəxslərin təltif edilməsinə həsr olunub.
Ankara, Ərzurum, Kərkük, Təbriz, Maku və Ufadan Bakıya gəlmiş yazar qonaqların iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən DGTYB Məclis üzvü Əfsanə Ələsgərli, 20 il öncə o dövrkü gənc yazarların ideyası əsasında yaradılmış birliyin bugün, öz çalışmaları ilə gənc istedadların üzə çıxarılması, türk ölkə və topluluqları arasında ədəbi-mədəni ilişkilərin inkişafı, ortaq dəyərlərin təbliği sahəsində, bir sözlə, ortaq keçmişdən ortaq gələcəyə aparan yolda öz töhfələləri ilə seçildiyini deyib.
Sonra DGTYB-nin Məsləhət Şurasının sədri Əkbər Qoşalı çıxış edərək DGTYB-nin 20 illik fəaliyyətində, yaradılması və bu günə gəlib çatmasında zəhməti olan hər kəsə təşəkkür edib. O bildirib ki, Azərbaycan başda olmaqla, türk dünyasının müxtəlif ölkə və topluluqlarındakı yazar qurumları, nüfuzlu yazıçılar və istedadlı gənclərlə işbirliyi quran DGTYB, artıq türk dünyası gənc yazarları üçün doğma ocağa çevrilib. DGTYB üzvü olan hər bir istedadlı yazarımız ədəbiyyata öz töhfəsini verir və bunun sonucudur ki, DGTYB-nin nəşr etdirdiyi antologiyalar, müəllif kitabları oxucular tərəfindən ilgi ilə qarşılanır.
Uzun illər DGTYB-nin uluslararası koordinatoru olmuş kərküklü yazar dr. Şəmsəddin Kuzəçi əlamətdar yubiley münasibəti ilə birlik üzvlərini təbrik edib və DGTYB-nin qurulması və ilkin dövrlərdəki çalışmalarından söz açıb. O qeyd edib ki, 20 il müddətində DGTYB bir çox uğurlar əldə edib, yalnız Azərbaycanda deyil, ümumtürk coğrafiyasında nüfuzlu təşkilata çevrilə bilib.
Mərkəzi qərargahı Ankarada yerləşən Türkmaneli Kültür Mərkəzinin başçısı dr. Mustafa Ziya, yenə Kərkükdən tanınmış yazar, araşdırmaçı Necat Kevsəroğlu, Başqırdıstan Dövlət Gənclər Ödülü laureatı Aygiz Baymuxammet, tanınmılş Ufa tatar bəstəçisi, nəğməkar şair Ramil Çuraqul, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, Güney Azərbaycan ədəbiyyatı və mətbuatı tarixinin araşdırmaçısı dosent dr. Pərvanə Məmmədli, AYB-nin mətbuat katibi Xəyal Rza, Təbrizdən gəlmiş tanınmış şair Çalğın Məhəmməd, “Səni deyirlər” mahnısı ilə ün qazanmış gənc sənətçi İbrahim Əlizadə, Əruzumdan gəlmiş gənc ozan Semih İpek, Milli TeleRadio Şurasının əməkdaşı, şair, dr. Həyat Şəmi və digər qonaqlar DGTYB-nin 20 illik yubileyi ilə bağlı ürək sözlərini bildiriblər.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri prof.dr. Almaz Ülvi (Binnətova) Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin DGTYB-yə ünvanladığı təbrik məktubunu oxuyub və təşkilata uğurlar arzulayıb, gənc yazarların çiyinlərinə düşən çətin və şərəfli missiyanın fərqində olduqlarına inamını ifadə edib.
Tədbirin sonunda DGTYB Məsləhət Şurasının sədri Əkbər Qoşalıya TÜRKSOY-un baş katibi prof.dr. Düsen Kaseinovun adından plaket, həmçinin DGTYB qurucularından tanınmış ədib dos.dr. Rəsmiyyə Sabirə TÜRKSOY-un klassik Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibəti ilə təsis etdiyi medal təqdim edilib.
Bununla yanaşı, DGTYB-nin bir neçə üzvünə TÜRKSOY-un “Təşəkkür Bəlgəsi”, İraq Ədəbiyyatçılar və Yazarlar Birliyinin Bağdadda yerləşən Türkman Bürosunun “Diplom”u, Kərkük Kültür Dərnəyinin “Xidmət Ödülü”, Türkmaneli Kültür Mərkəzinin “Təşəkkür bəlgəsi”, Təbrizdə fəaliyyət göstərən “Saz-Söz Ocağı”nın “Fəxri Fərman”ı, Başqırdıstan Yazıçılar Birliyinin “Fəxri Fərman”ı və DGTYB-nin “Onur bəlgəsi” təqdim edilib.
MANERA.AZ