"Müsəlman üçbucağı" - Türk hocası, Iran mollası, ərəb şeyxi | MANERA.AZ
Elə bununla da evi yıxıldı türkün..
Kərpicdən saray tikərsən, möhtəşəm saray! Hər kəs baxar heyran olar. Möhtəşəmdirsə, onu gözü götürməyənlər də olacaq, mütləq var. Və beləcə, gözü götürməyənlərin könlündən o sarayı yıxmaq keçər. Ancaq necə? Hər kəs baxa-baxa sarayı uçurtsan, səni elə o sarayın altında basdırarlar, uçurduğun kərpiclər qəbir daşların olar. Ona görə də, nə isə fikirləşmək lazımdır, özü də çox dəqiq fikirləşmək.
Elə isə sarayın heç kəs görməyən tərəfindən, bünövrəyə yaxın hissədən bir və ya bir neçə kərpic sökmək, çəkib, sırasından çıxarmaq lazımdır. Saray onda tədricən çökəcək və bu çöküş möhtəşəm sarayın möhtəşəm çöküşü olacaq.
Söz də kərpic kimidir, üst-üstə, hər sözü öz yerində yığarsan, əzəmətli söz sarayı olar. Və bir gün o söz sarayın, o ideologiyanı yıxmaq istəsən, sadəcə, bir və ya bir neçə sözü sırasından çıxaracaqsan, yaxud da dəyişəcəksən, vəssəlam.
Türklərin də möhtəşəm dövürləri var idi, sonunculardan OSMANLI dönəmi kimi. Bu dönəmlərdə türk imperiya idi, böyük dövlət idi, xristian, yəhudi türklə hesablaşmağa məcbur idi. Bu dönəm elə möhtəşəm idi ki, türkü sevməyənlərin, ondan qorxanların paxıllığına səbəb oldu. Və onlar "nəsə etmək lazımdır"-deyə, dərin düşündülər, illərlə plan cızdılar.
Türkün beyninə "Türkün türkdən başqa dostu yoxdur" fikrini saldılar, bunu dildə şüar etdilər, elə bununla da evi yıxıldı türkün. Türksə, elə zənn eylədi ki, bu fikirlə onu əzizlədilər. Amma, əslində bu fikirlə türkü əzdilər. əsrlər boyunca türklə bir bayraq altında sakit, rahat yaşayan etnik xalqlar bu cümlədən diksindilər.
Əgər, türkün türkdən başqa dostu yoxdursa, onda türklərlə uzun illər mehribancasına yaşayan etnik xalqlar - kürdlər, lazlar, ləzgilər, avarlar, talışlar, tatlar və s. türkün düşmənidirlərmi? Və ya türk bunların düşmənidirmi? Xeyr.
O xalqların hamısı müsəlmandırlar. "Müsülmanız, Ya bismillah" - deyib, birləşmək əvəzinə, sən kürdsən, sən türksən, sən osan, sən busan deyib, bir-birlərinin qanını tökdülər.
Qara qüvvələr, təkcə, türkü deyil, bütün Müsəlman Şərqini tənəzzülə uğratdılar. Müsəlmanı bütöv olmağa qoymadılar, fikirlər haçalandı, dindaşlar parçalandı. iran mollası, türk hocası, ərəb şeyxi kimi üç təpə nöqtəsi olan "Müsəlman üçbucağı" yaratdılar ki, bu üçbucaq vəhdəti, birliyi içinə çəkib, yox etdi. Ağlımıza gəlmədi ki, ortaq olduğumuz düşüncə ətrafında birləşmək, vəhdət qurmaq lazımdır. Allah, Peyğəmbər, Quran!!!
Türk dünyası da yalnız bu ideya ətrafında birləşib, böyük ola bilər. Necə ki, bir zamanlar elə idi!
"Türkün türkdən başqa dostu yoxdur" deyil, xristiandan, yəhudidən türkə, müsəlmana dost olmaz, deyilməliydi!
Manera.az