manera.az
manera.az

Keçmişi bilmək – Gələcəyi yetirmək - MANERA

Keçmişi bilmək – Gələcəyi yetirmək - MANERA Soylu Atalı

Keçmişdə yaranan mədəniyyətlərin, eləcə də ruhaniyyatların yaradıcılarının bu gün soyu varmı – yoxmu, bəlli deyil. Bir çox yaranmışlar yaşamdan silinib gedib, ancaq ilsırada (tarixdə) qalıb. Ona görə yeni soy (nəsil) yaşamdan çıxmış keçmişi yalnız araşdırıb öyrənməklə uğraşır. Keçmişi bu gündə təkrar eləmək istəmir. Yeni soy yenilik istəyir. Söz yox, bu yenilik də havadan yaranmır, özündən öncəki mədəniyyətlərin bəşəri xassələri ilə cilalanıb ortaya çıxır. Hər çağın, hər sivilizasiyanın yaşayıb başaçatma gedişi var. Ömrünü başa vurmuş hansısa bir olayı olduğu kimi dala qaytarmaq mümkün olmur. Ancaq onun, dediyimiz kimi, üstün, toxunulmaz cəhətlərindən yararlanmaq və qullanmaq mümkündür, gərəkdir. Dəyərdə elə cəhətlər var ki, toxunulmaz qalır. Bunu gerçək bir faktla tutuşduraq. Məsələn, insanı torpağa göməndən çağlar sonra orqanizm çürüyür. Ancaq çürüməyən nəsnələr də qalır. Deyək ki, sümük, saç. Bu qalanların əsasında onun kimliyi, hansı etnosa özgün olduğu öyrənilir və həmin soyun, etnosun qədimliyi ilə bağlı fikir formalaşır. Mədəniyyətlərdə də qalan insani toxunulmazlıqlar olur. Hər bir mədəniyyət özünün gələnək və görənəkləri ilə mövcud olub yaşayır. Gələnək və görənəklər getdikcə dəyişir, aradan çıxır. Bu halda mədəniyyət yalnız anlamı ilə qalır və tarixə çevrilir. Bir daha deyək ki, istənilən mədəniyyət, ideya öncə nəzəri olur. Sonra toplumun yaşam gələnəyini, görənəyini oluşdurmaqla nəzərilikdən gerçəkliyə çevrilir.

İnsanlar bu gün tarixi mədəniyyətləri öyrənirlər, bunda onlar haqlıdırlar. Onlar tarixi mədəniyyətlərin etkili gözəlliklərini öyrənib üzə çıxarmaqla yeniliyin ortaya çıxmasına zəmin hazırlayırlar. Onlar üzə çıxardıqları mədəni faktlar əsasında yeniliyin olmasını istəyirlər, istəmirlər bu ayrı məsələdir. Bir çox hallarda onlar yeniliyin oluşmasına qatılmırlar heç. Burada söhbət konkret tarixçilərdən gedir. Onlar öz görəvlərini keçmişi öyrənməklə sonuca çatdırırlar. Ancaq elə araşdırmaçılar olur ki, onlar köhnəyə nəfəs verib yenidən toplumun yaşamına qaytarmaq istəyirlər. Bu istəyi də haqsız saymırıq, ancaq yanlış sayırıq. Haqsız ona görə saymırıq ki, o kəslər əxlaqi-mənəvi yaşamın pozulmasının qarşısını almağa çalışdıqlarını düşünürlər. Yanlış sayırıq ona görə ki, yaşam köhnə gələnəklərə dönüşə bilməz. Yeni çağın tələbləri gözardı olunmamalıdır. Köhnəliyə nəfəs verməyə çalışmağın yerinə yeniliyin oluşmasına qulluq göstərmək gərəkdir. Bu yoxdursa, çəkilən zəhmətlər havayıdır, gərəksizdir. Bir daha vurğulamaq yerinə düşər ki, tarixə və arxivə qovuşmuş mədəniyyətlərin üstün cəhətlərindən yeni sivilizasiyanın qurulmasında qullanmaq olar, ancaq onun özünü yeni sivilizasiyaya çevirmək mümkün deyil. Bəşəriyyət geriyə deyil, qabağa gedir.

Bu gün ayrı-ayrı çağdaşlarımız türklüyün gəlişməsi üçün türkün qədim inancı olan Tanrıçılığın bərpa olunmasının gərəkliyini sunurlar. Burada niyyət arıdır, ancaq məntiqsizdir. Biz də bilirik ki, türk kimliyinin varlığı özümlü ruhaniyyat məsələsinə bağlıdır. Bu gün türkün ruhaniyyatı özümlü deyil, yabançıdır. Türk bu yabançılığı özümləşdirə bilmir, bilməyəcək. Çünki bu yabançılıq türkün varlığını inkar edir. 7-ci, 9-cu yüzilə kimi türkün inancı Tanrıçılıq olub. Bundan başqa özünün yazı sistemi – abesi də olub. İnancı inkar olunmaqla dilinin özəllikləri də sıradan çıxarılıb. Üstəlik yazı sistemində yığılan bilgilər yoxa çıxarılıb. Öz abesini deyil, başqasının abesini qullanmaqla ruhani yönlərdən bilgiləri başqasının yaşam sisteminə bağlı olub. Bununla da ulusal kimliyini itirməyin başlanğıcı başlayıb, bu çağa kimi də davam edir. Sonucda dağılmalar, etnik assimilyasiyaya uğramalar yaşanmaqdadır.

Beynimiz ulusal kimlik bazasından ayrıldığı üçün toplum ərəb qafasına uyğun düşünür. Ona görə ərəbin şüurundan yaranan allah bizə gərəkli ola bimir. Bizim beynimizin axtarış dalğaları Allahın ortamına girə bilmir. Girsə də tutalqa tapa bilmir. Çünki ərəb şüurundan oluşan Allah ideyası bizim ruhumuza doğma deyil.
Bir sıra hallarda adamlar, yanlış olaraq, elə hesab edirlər ki, kim nə deyir desin, adını nə qoyur qoysun, Allah birdir. Olsun bir. Ancaq bu "bir olan" nədir axı?! Hər bir ulus Allaha nə ad qoyursa, öz düşündüyü keyfiyyətlərə görə qoyur. Daha doğrusu, allah anlamının altına öz keyfiyyətlərini yerləşdirir. Məsələn, müsəlman Allah deyəndə, öz şüurunda, xəyalında Allaha ərəb tərəfindən verilən keyfiyyətləri canlandırır. Allah, yəni hurili-pərili, mələkli, cənnətli, cəhənnəmli, istədiyi insanın yaşamına işıq salan, istəmədiyinin ağlını, qulağını tamğalayan... bir obyekt. Rus "Boq" deyəndə o an şüurunda, xəyalında özünün "Boq"a verdiyi keyfiyyətlər, xassələr canlanır. Başqası da “Boq” adı çəkəndə şüurunda “Boq”a rus tərəfindən verilən keyfiyyətləri canlandırır. Yəhudilər "Yəhva" deyəndə də beləcə. Yəni yəhudilər öz şüurlarında “Yəhva”ya verdikləri keyfiyyətləri canlandırırlar. Bir sözlə, insanın Allah anlayışını hansı keyfiyyətlərlə tanıması olduqca önəmlidir. Onun içsəl özgürlüyü bu məsələyə yanaşmadan çox asılıdır. Ona görə adamlar bizə deyəndə ki, siz "Mütləq" deyirsiniz, biz "Allah" deyirik, rus "Boq" deyir, – hamısı bir şeydir, – biz buna etiraz edirik və deyirik bir şey deyil! Ərəbin "Allah"ı bizim dediyimiz "Mütləq"in eyni deyil!

Əslində varlığa münasibət – dünyabaxış yaradıcısının harayadək bəşəri olub olmadığını bəlli edir. Dünyabaxış yaradıcısı öz ulusunun üstün keyfiyyətlərini böyük Anlama (Mənaya) bağlı şəkildə sunursa, onun bəşəriliyi ulusunun üstün keyfiyyətlərini qoruduğu qədərdir. Çünki hər bir ulus üstün insani keyfiyyətləri ilə bəşəri anlam daşıyır. Ancaq gərək başqa toplumlar üçün də onların üstün keyfiyyətlərini özgür şəkildə üzə çıxarmalarına ortam yaradasan. Nə yazıqlar ki, dünyabaxış yaradıcıları bunu etməyiblər. Bununla da bir sıra başqa toplumlar ruhani assimilya¬siyaya uğrayıblar. Ona görə bu məntiqə dayanıb biz sübut eləyirik ki, Asif Ata bütün dünyabaxış yaradıcılarından daha çox bəşəridir. Tutuşdurmalar aparmaqla da bunu sübut eləmək mümkün¬dür. Məsələn, ərəblərin “allah” anlayışına üz tutanda o anlamın daşıdığı keyfiyyətlər içində türk öz etnik keyfiyyətlərini tapa bilmir. Deyək ki, heç ingilis də tapa bilmir. “Boq”larda, “Yəhva”larda da beləcə. Ancaq Asif Atanın “Mütləq” anlamının daşıdığı keyfiyyətlərdə hər bir toplum özünü görə bilir. Başqa sözlə, özünün etnik keyfiyyətlərini tapa bilir. Məsələn, Asif Ata deyir: Mütləq – əzəli, əbədi, kamil, sonsuz Dünyalıq deməkdir, Həyatlıq deməkdir, İnsanlıq deməkdir. Əzəli, əbədi, kamil, sonsuz İnsanlıq (eləcə də Həyatlıq, Dünyalıq) bütün toplumlar üçün doğrudur, yüksək dəyərdir. Asif Atanın türk kimliyini qurmasına gəlincə, bu məsələ, Onun yaratdığı Dünyabaxışın varlıq anlamından qaynaqlanan gələnək və görənəklərində öz yerini tapır. Hər bir toplumun da etnik kimliyi bu dünyabaxışın böyük anlamına dayanaraq, həmin toplumun öz yaşamında öz etnik mahiyyətindən yaratdığı gələnək və görənəklərə görə özünü tapır, başqa sözlə, doğrulur. Böyük gələnək və görənəklər hər bir toplumun özünəxas qaldığı üçün o, assimilyasiyaya uğramır. Deməli, Asif Atanın bəşəriliyi həm özünün etnik-ulusal kimliyini qorumaqda özünü göstərir (hər bir ulus özündə bəşərilik daşıdığı üçün, onun qorunması bəşəriliyin qorunması deməkdir), həm də başqa toplumlara özünütapma və özünüqoruma ortamı yaratmasında...

İndi qayıdaq "keçmişi bugündə bərpa" məsələsinə. Biz vurğuladıq ki, mümkün deyil. Niyə mümkün olmadığına da qısaca yanıt verdik. İndi isə vurğulayırıq ki, yeniliyin qaçılmazlığı baxımından bu çağ, bu aşama Asif Atanındır. Bunu görməzliyə vurmaq, bunu inkar eləmək gerilikdir, ulusal gələcəyi dərk etməməkdir.

Asif Ata yeni, yalansız İnam yaradıb. Bu inam insanlığı yaşama qaytarmaqla Ulusal kimliyi təsdiq edir. Bu İnam toplumun düçüncə yönünü bəlirləyib gələnək və görənəklərini özümlü, ulusal şəklə salır. Mədəniyyətini, ilsırasını, kültürünü qoruyub yaşatmaq üçün abesini ortaya gətirir.

Tarixi türk abeləri özündə önəmli, ancaq həm də gizli bilgilər daşıyır. Abe işlənmədiyi üçün, o bilgilər də yazılmadığı üçün bizə bir şox şeylər bəlli deyil. Asif Ata, az-az tapılan bilgiləri dəyərləndirməklə, özünün fəhm və ərdəmliyi ilə, gərəkli idrakı və ruhu ilə ulusal qurtarıcılıq işinə başlamışdır. (Bu qurtarıcılıq işi həm ulusal, həm də bəşəri anlam daşıyır.) Bunu öyrənməyi və yiyə durmağı hər kəsin qutsal görəvi hesab edirik.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031