manera.az
manera.az

Maestro Niyazinin mənzil Muzeyindən - REPORTAJ | MANERA.AZ

Maestro Niyazinin  mənzil Muzeyindən  -  REPORTAJ | MANERA.AZ

Paytaxtın Bülbül prospekti ilə Həzi Aslanov küçəsinin kəsişməsində yerləşən binada barelyef vurulub. Həmin barelyefdən aydın olur ki, dünyanın ən məşhur musiqiçilərindən biri - dirijor, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət Mükafatları laureatı, Cəvahirləl Nehru adına Beynəlxalq Mükafatın sahibi Niyazi bu binada yaşayıb. Binanın üçüncü mərtəbəsində 24 saylı mənzildə indi Niyazinin mənzil-muzeyi yerləşir. Öz istedadı ilə Azərbaycanı bütün dünyada tanıdan Niyazi bu mənzilə 1958-ci ildə köçüb və ömrünün sonuna - 1984-cü ilədək burada yaşayıb.

Xalqımızın ötən əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdən biri - görkəmli dirijor, bəstəkar və ictimai xadim Niyazi 1912-ci ildə Tiflisdə - bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlib. Əmisi Üzeyir bəy kimi ömrünü musiqiyə həsr edib və nadir sənət əsərləri yaradıb. Maestro adlı-sanlı musiqi kollektivlərinə dirijorluq edib, çıxışları dünyanın ən böyük konsert salonlarında alqışlarla qarşılanıb. Niyazi bəstəkar kimi də böyük şöhrət qazanıb, o, "Xosrov və Şirin" operasının, "Çitra" baletinin, "Rast" simfonik muğamının, 10-dan çox vokal əsərin müəllifidi. Niyazi 17 xalq mahnısını orkestr üçün işləyib, 15 kinofilmə, 14 dram tamaşasına musiqi yazıb, 4 marş bəstələyib.

1938-ci ildən Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru olub, müxtəlif illərdə Akademik Opera və Balet Teatrının və Dövlət Filarmoniyasının direktoru vəzifələrində çalışıb.

Mənzil Muzeyinin Direktorun Rza Bayramovun sözlərinə görə, Azərbaycan SSR Nazirlər Sovetinin 3 oktyabr 1990-cı il tarixli qərarına əsasən bir sıra görkəmli mədəniyyət xadimlərinin ev muzeyləri yaradılır. O zamankı Mədəniyyət Nazirliyi də bu qərardan irəli gələn addımlar atır və Kollegiyanın 1990-cı il 28 dekabr tarixli qərarı ilə Niyazinin mənzil-muzeyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı kimi yaradılır. Mənzil-muzey ilk ziyarətçilərini dörd il sonra qəbul edir.

Maraqlıdır ki, açılış tədbiri özü də əlamətdar bir günlə üst-üstə düşür. Mənzil-muzey qapılarını Niyazinin əmisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü şərəfinə keçirilən "Üzeyir Musiqi Günü"ndə açır. Rza Bayramov deyir ki, açılış mərasimində ölkə rəhbəri Heydər Əliyev şəxsən iştirak edir: "Ulu Öndər Heydər Əliyev xalqımızın görkəmli mədəniyyət, incəsənət və elm xadimlərinə həmişə böyük dəyər verib, onların xatirələrinin əbədiləşdirilməsi üçün mühüm addımlar atıb. Niyazinin mənzil-muzeyinin açılış mərasimində iştirak edən Heydər Əliyev Maestronun yaradıcılığını və şəxsiyyətini yüksək qiymətləndirir, Qonaqlar Kitabına ürək sözlərini yazır".

2000-ci ildən direktor vəzifəsində çalışan Rza Bayramovun sözlərinə görə, Niyazinin mənzil-muzeyinin əsas missiyası maestronun həyat və yaradıcılığını əks etdirən eksponatlar vasitəsilə xalqımızın yüksək mədəniyyətə, incəsənətə maliki olmasını təbliğ etmək, Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini gələcək nəsillərə çatdırmaqdı: "Hər bir muzeyin siması onun zəngin fondları və eksponatlarıdı. Muzeyin sərvəti isə onun fondlarındakı eksponatların dəyəri və sayı ilə ölçülür. Maestronun mənzil-muzeyi yaradılarkən əldə edilən materialların sayı 4 min 707 ədəd olub. Bu gün isə bura gələn ziyarətçilər 6 min 500-ə yaxın eksponatla tanış olmaq imkanı qazanırlar.

Onların arasında Maestronun müəllifi olduğu not əlyazmaları, şəxsi kitabları, fotoları, geyimləri və medalları var. Muzeydə müxtəlif sənəd və afişalar, təsviri sənət nümunələri, Niyazinin bəstəkar həmkarlarının əlyazmaları və suvenirlər də saxlanılır".

Direktorun müşayiəti ilə bir zamanlar Maestronun yaşadığı mənzillə yaxından tanış oluruq. Mənzil-muzey 5 otaqdan-yemək, iş, yataq otaqlarından, ekspozisiya və qonaq otağından ibarətdir. Memorial otaqlar-iş, yemək və yataq otaqları ev sahibin vaxtında olduğu kimi saxlanılsa da, digər iki otaq rekonstruksiya edilib.
Rza müəllimin sözlərinə görə, Maestronun iş otağı bu tarixi mənzilin ürəyi sayılır. Otağın mərkəzi divarındakı fotoşəkilləri Niyazi özü asıb. Yemək otağında Maestro həyat yoldaşı Həcər xanımla gündəlik məsələlər haqında müzakirələr aparıblar. Ev sahibləri ailə dostlarını, Bakıya gələn görkəmli sənətkarları və ictimai xadimləri də məhz bu otaqda qəbul ediblər.

Muzeyə gələnlər görkəmli rəssam və heykəltəraşlardan Mikayıl Abdullayevin, Toğrul Nərimanbəyovun, Böyükağa Mirzəzadənin, Həsən Haqverdiyevin, Cəlal Qaryağdının, Ömər Eldarovun, Tokay Məmmədovun və Cümşüd İbrahimovun Niyazi ilə bağlı yaratdıqları əsərlərə maraqla tamaşa edirlər.

Muzeydə yaradıcılıq görüşləri, xatirə gecələri, sərgilər təşkil olunur, konsertlər keçirilir. 2008-ci ildən isə burada "Klassik musiqi həvəskarları klubu" fəaliyyət göstərir. Rza müəllim deyir ki, gənclərin, tələbələrin muzeyə maraq göstərməsi xüsusi əhəmiyyət daşıyır: "Dünya şöhrətli Niyazinin xalqımızın mədəniyyət tarixində mühüm yer tutduğu məlumdur. Bu həqiqəti gələcək nəsillərə çatdırmaq əməkdaşlarımızın əsas işlərindən biridi. Çox sevinirik ki, gənclər muzeyimizə tez-tez gəlir, eksponatlarla tanış olurlar. Son illər əldə etdiyimiz materiallar arasında Maestronun görkəmli bəstəkar Qara Qarayevin qızı Züleyxaya Ankaradan, Parisdən, Londondan göndərdiyi açıqcalar və öz əli ilə yazdığı məktublar var. 1961-1965-ci illər arasında yazılan bu açıqca və məktubları muzeyə Züleyxa Qarayeva-Bağırova bağışlayıb. Bəstəkar Soltan Hacıbəyovun qohumu Asəf Kərimov muzeyə Niyazi ilə bağlı 46 fotoşəkil təqdim edib. Əməkdar artist, violonçel ifaçısı Eldar İsgəndərov isə muzeyə Adnan Sayqunun üzərində Niyaziyə xatirə yazısı olan "Violonçel və fortepiano üçün sonata" əsərini bağışlayıb. Ötən il Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edən görkəmli türk pianoçusu İdil Biret ölkəsinə döndükdən sonra Niyazi ilə bağlı xeyli materialları muzeyimizə göndərib".


Son olaraq R.Bayramov məlumat verdi ki “2008-ci ildən muzeyin nəzdində Klassik Musiqi Həvəskarları Klubu fəaliyyət göstərir ki, hər ayın ilk çərşənbəsi bu klubda maraqlı tədbirlər keçirilir.”

Maestro Niyazinin  mənzil Muzeyindən  -  REPORTAJ | MANERA.AZ
Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 3 344 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930