manera.az
manera.az

Dünya şöhrətli dirijorun doğum günüdür | MANERA.AZ

Dünya şöhrətli dirijorun doğum günüdür | MANERA.AZ
manera.azmanera.az
Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük sənətkarlardandır Niyazi. Bütün mənalı ömrünün mənsub olduğu millətin musiqisinin təbliğinə həsr edən maestro yorulmadan, usanmadan, böyük şövqlə yaşayıb yaradıb. Dünyanın hər hansı məmləkətində canlı olaraq Azərbaycan musiqisi səslənirdisə, Niyazi orada olmağı özünə mənəvi borc bilirdi. Musiqimizi dünyanın ən böyük salonlarında elə böyük ustalıqla çatdırırdı ki, minlərlə, milyonlarla dinləyənlər bir də dinləmək istəyirdilər. O, əsl sənətkar, dirijor idi. Əlindəki dirijor çubuğu ilə musiqinin sanki xəritəsini cızırdı. Onu "hava lövhəsində" elə izah edirdi ki, ən psixoloji, gərgin və mürəkkəb əsərləri belə dinləyici asanlıqla qavrayıb, başa düşürdü. Musiqinin ritmində hansı məqamın insan əhvalına, ovqatına təsir etmə imkanlarını müəyyənləşdirə bilirdi. Bütün bunlar bir daha Niyazinin əlçatmaz fitri istedad sahibi olmasından xəbər verirdi. Bu bənzərsiz istedadın nəticəsi idi ki, hər yerdə, hər zaman onu sevir, dinləyir və alqışlayırdılar.

Maestro Niyazi bəstəkar kimi də uğur qazanmışdı. Təsadüfi deyil ki, o, "Çitra" baletinə görə Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdü. Onun sevgi dolu bəstələri bu gün də dünyanı dolaşmaqdadır.

Avqustun 20-də dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə -Hacıbəyovun 103 yaşı tamam olur. İllər ötür, zaman dəyişir, sənətə yeni-yeni istedadlar gəlir, amma Niyazinin yeri hər zaman görünür.

Niyazi musiqiçi ailəsində dünyaya göz açıb. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən, əmisi Üzeyir Hacıbəyli isə dahi bəstəkar idi. Niyazinin ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilmiş “Azərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin "Nərgiz" operalarına dirijorluq edib. Maestronun ömrünün sonunadək davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə qiymətli səhifələr yazıb.

Azərbaycan dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Milli ifaçılıq sənətinin inkişafında, milli musiqinin təbliğində maestronun xidmətləri böyükdür. Bəstəkarlarımızın bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin "Koroğlu" operası onun dirijorluğu ilə dünya musiqisinin qızıl fonduna daxil olub. Azərbaycanın əksər bəstəkarlarının əsərlərinin partituraları onun əlindən keçib, məhz maestronun dirijorluğundan sonra onlar öz uğurlarını və qüsurlarını başa düşüblər.

Maestro Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada təbliği ilə yanaşı, Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə professionallıqla dirijorluq edib. Niyazi dirijorluğu ilə əsərlərə xüsusi ahəng vermiş, ifa olunun əsərin ruhunu dinləyiciyə böyük məharətlə aşılamışdır. Dünyanın ən məşhur salonlarında çoxsaylı tamaşaçılar uzun müddət onun sənətinin sehrindən ayrıla bilməmişlər.

Niyazinin ifaçılıq fəaliyyəti əsasən Azərbaycan Dövlət Akademik Opera və Balet, Leninqrad Opera və Balet teatrları və Azərbaycan Dövlət Filarmoniyası ilə bağlı olub. Filarmoniyaya rəhbərlik etdiyi illərdə "Humayun" xalq çalğı alətləri ansamblı məhz Niyazinin təşəbbüsü ilə yaradılıb.

Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçmiş, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında uğurlar qazanmışdı. Qeyd edək ki, 1963-cü ildə ilk dəfə olaraq Türkiyə bəstəkarları Adnan Sayqunun və Camal Erkinin Bakıda, sonra Moskvada keçirilən yaradıcılıq gecələrində maestro Niyazi dirijorluq edib. Həmin ilin noyabrında isə görkəmli dirijor ilk dəfə olaraq Türkiyədə çıxış edib. O, Türkiyəyə gedən ilk sovet dirijoru olub.

Təbii ki, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq sənəti olub. Lakin o, bəstəkar kimi bir sıra simfonik əsərlər, kinofilmlərə, dram tamaşalarına musiqilər, romanslar yazmış, Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, bir çox Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləyib, "Rast" və "Şur" muğamlarını nota salıb. Niyazinin üç əsəri - "Rast" simfonik muğamı, "Xosrov və Şirin" operası və "Çitra" baleti onun bəstəkarlıq fəaliyyətində xüsusi önəm daşıyır. Güclü emosional təsiri, zəngin melodiyası, harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənən "Rast" simfonik muğamı müəllifin dirijorluğu altında bir çox xarici ölkələrdə səslənib, Çexiyada "Suprafon", ABŞ-da "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb. "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Məşhur hind yazıçısı Rabindranat Taqorun "Çitranqoda" fəlsəfi dramı əsasında yazılmış "Çitra" baletində isə hind xalq musiqisi ritmlərindən, hind musiqi alətlərinin səslərini xatırladan tembrlərdən istifadə edilib.

Niyazi sənəti Dmitri Şostakoviç, Bülent Tarcan, Vatslav Dobiaş və digər sənətkarlar tərəfindən yüksək qiymətləndirilib. Onunla sıx yaradıcılıq münasibətlərində olan böyük rus bəstəkarı Dmitri Şostakoviç demişdi: "Cəsarətlə təsdiqləyə bilərik ki, Azərbaycan musiqisinin bütün dünyada tanıdılması üçün borclu olduğu musiqiçilərdən biri Niyazidir. Azərbaycan fəxr edə bilər ki, belə bir dirijoru var".

Niyazi həssas, ömrü boyu sevməyi bacaran bir qəlbə malik insan idi. O, həyat yoldaşı Həcər xanımla 51 il birgə ömür sürüb, onların ailə həyatı bir sevgi dastanına çevrilib.

Onun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. Maestro ən yüksək mükafatlara layiq görülüb. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüş, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 1970-ci illərin əvvəllərindən başlayaraq hər ayın cümə günləri maestro Niyazi Dövlət Filarmoniyasında simfonik musiqi axşamları təşkil edib. 1994-cü ildə maestronun mənzil-muzeyinin açılışında iştirak edən ulu öndər Heydər Əliyev 2002-ci il avqustun 19-da "Niyazinin 90 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev "Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında" 2010-cu il 20 may tarixli Sərəncamı isə maestronun böyük sənətkarlığına olan ehtiramın ifadəsidir.

Bu gün Niyazinin adı dünya şöhrətli dirijorlarla, bəstəkarlarla yanaşı çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək. Hamının da ürəyindən bu fikir keçəcək: "Ruhun şad olsun, ustad!"

Gözəl Ağayeva

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031