Vətən dərdim, yar həsrətim - Şeirlər

Manera.az Səyavuş Vətəndağlı Yusifovun şeirlərini təqdim edir:
SEVGİNİN
Nə qədər həsrətin çəkdim sevginin,
Bu həsrət söndürdü gözümü mənim.
İllərdir cəfasın daddım niskilin,
Daha qalmayıbdır dözümüm mənim.
Sevgimi öldürdün, yoxdur bu gündən,
Mumyalayıb gömdüm, əkdim qəlbimə,
Ölü çətin çıxar yeni qəbirdən,
Ürək bir qəbirə dönər sən demə….
Bu gün sevgi günü, sevənlər bilir,
Sevib bir-birini hər il anırlar.
Qarşılıq verilmir, dəyər verilmir,
Dəyərsiz sevginin nə mənası var?
Nədir bu sevginin, axı səbəbi?
Bəlkə danışasan, deyəsən biləm?
Mənim tək sevginlə qovrulan biri,
Bəlkə göstərəsən tanıyam, görəm?
Bu gündən xəyalım, arzum da öldü,
Qərib bir diyarda, yad bir ölkədə.
Arzu-xəyalımı elə söndürdü,
Sapladı bıçağı kürəyimə də.
Bəsdi bu yükləri yığdın boynuna,
Heç kim çəkə bilməz, bax, bu dərdləri.
Bir də çətin girə sevgi qoynuna,
Əridə don vurmuş xatirələri.
XƏBƏRİ YOXDUR
Yaman darıxırdım döndüm vətənə,
Baxıram vətəndə vətən görünmür,
Bu yerdə heç kimin çöhrəsi gülmür,
Çoxunun üzündən dərdlər süzülür,
Baxışdan od yağır, nifrət tökülür,
Bu vətən adamın qəlbinə oxdur,
Bu yerin Allahdan xəbəri yoxdur.
Düşürəm sahilə bir az gəzişim,
Dostlarla görüşüb bir az dərdləşim.
Nə cavan sayılır, nə gənc, nə qoca
Çoxu abırların töküb ortaya
Baxırsan qızlara, qola, qılçaya,
Soyunub özünü qoyub ortaya,
Nə namus qalıbdır, nə abır-həya.
Necə məhv olunur bu gözəl dünya,
Böyüyə - kiçiyə baxanı yoxdur,
Bu yerin Allahdan xəbəri yoxdur.
Bir söz deyəndə də baxırlar göyə,
Çox qızlar bənzəyir sırtıq erkəyə, faişəyə
Dar cırıq şalvarı geyən gədəyə,
Mürdəşir sifəti bənzəyir geyə,
Bir qram abırı həyası yoxdur,
Bu yerin Allahdan xəbəri yoxdur.
Biz də bir zamanlar cavan olmuşuq,
Saf, təmiz sevmişik, eşqlə yanmışıq,
Namusun, qeyrətin biz qorumuşuq,
Təmiz hissimizə sərhəd qoymuşuq
Qeyrətin, namusun zamanı yoxdur,
Bu yerin Allahdan xəbəri yoxdur.
Ata at, tuta tut, korlanır vətən,
Dost gərək dostuna ola ortaq, tən:
-Saxtalıq edərsə, geyinsin kəfən,
Dürüstlük, comərdlik bu yerdə yoxdur,
Bu yerin Allahdan xəbəri yoxdur.
Yolunu heç zaman azmaz Səyavuş,
Hər zaman eləyir Allaha alqış,
Hələ var Vətəndə namuslu baxış,
Namussuz, şərəfsiz adamlar çoxdur,
Onların Allahdan xəbəri yoxdur.
AĞLAMA
Elə söz de, məcun kimi yaxılsın,
Qəlb oxşasın, ilmə kimi toxunsun,
Yaddaşlara həkk olunsun oxunsun,
Acı sözlə insan qəlbi dağlama.
Peşman olub hönkür-hönkür ağlama.
Söz yarası qılıncdan kəskin olar,
Elə söz var, insan qəlbin paralar,
Elə söz var, dağ yerindən oynayar,
Acı sözlə insan qəlbi dağlama,
Peşman olub hönkür-hönkür ağlama.
Mənim dostum, dünya qoca dünyadı,
Gördüyümüz boş oyundur, xülyadır,
Çox gözəli beş quruşa satandır,
Elə iş tut, qafa yerə sallama
Peşman olub hönkür-hönkür ağlama.
Söz deyirəm açıq-aydın, aşkara,
Kim götürə, kim ötürə dostlara,
Çoxlarının dedikləri masqara.
Söz deyəndə Səyavuşu dağlama,
Peşman olub hönkür-hönkür ağlama.
NƏ FAYDA
Çox inlətdi, çox ağrıtdı dərd məni,
Yarı yolda qoydu cadar qəlb məni,
Həsrət qoydu vətən məni, yurd məni,
Dərd çəkməkdən sızlanmaqdan nə çıxar?
Nakam qaldı könül sevən baxtımız,
Çürük çıxdı ömür yatan taxtımız,
Çox pis gəldi zəmanəmiz, vaxtımız,
Gileylərdən, güzarlardan nə çıxar?
Nə etdimsə çərxi döndü fələyin,
Öz şalına bürümədi bəbəyin,
Çox qaçırtdı, çox kəsdirdi kələyin,
Çərx üstündə çox qaçmaqdan nə çıxar?
Səf işlərdən qorumuşam özümü,
İllər əvvəl yarə verdim könlümü
Həsrət çəkib çürütmüşəm ömrümü,
Alın yazım, ağlamaqdan nə çıxar?
VƏTƏN DƏRDİM, YAR HƏSRƏTİM
Bir bülbüləm, gülü solmuş xaram mən,
Didərginəm, yurdu viran qulam mən.
Sevgiliyəm, yarı ölmüş dulam mən,
Yurd gəzirəm, viran olmuş, talanmış,
Yar gəzirəm, yad ellərdə girovmuş.
Ciyərində hopdurduğun nəfəsəm,
Ürəyində damarlardan qəfəsəm,
Röyalarda yaşatdığın həvəsəm,
Həsrətindən qəlbim çat-çat çatlarmış,
Qəlbim səni duymayanda qanarmış.
Həyatımın ilacı sən, şahı sən,
Neçə ildir yad ellərdə əsirsən,
Çox darıxıdım mənə bir can deyəsən,
Eşitdim ki, dönəcəksən gələn qış,
Bu dərd məni dəryalarda batırmış.
Səsin gəlsə, üzüm gülər, açılar,
Bayram olar, tonqallarım çatılar,
Cadarlanmış qəlbə dərman yaxılar,
Bircə kəlmən Səyavuşa nicatmış,
Vətən dərdin, yar həsrətin qocaltmış.
Manera.az