Məktəbəqədər təhsilə dəyərli töhfə

Sumqayıt Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri dosent, pedaqogika üzrə fəlsəfə doktoru Aytəkin Məmmədovanın və həmin kafedranın dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Kərimovanın birgə yazdıqları "Məktəbəqədər yaşlı uşaqların oyunları" adlı dərs vəsaiti SDU -nun redaksiya və nəşr işləri şöbəsi tərəfindən nəşrə hazırlanmışdır. (Bakı: Avropa, 2018, 202 səh).
Dərs vəsaitinin elmi redaktoru pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov, rəyçiləri pedaqoji elmlər doktoru, professor Ləzifə Qasımova və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Xurşud Məmmədovdur.
Bu dəyərli vəsait əsasən təhsilin bakalavr və magistr pilləsində məktəbəqədər təhsil və tərbiyə ixtisası üzrə təhsil alanlar üçün nəzərdə tutulsa da vəsaitdən məktəbəqədər təhsil müəssisənin tərbiyəçi və müəllimləri, məktəbə hazırlıq qruplarında məşğələlər keçən ümumtəhsil məktəbinin müəllimləri və ümumiyyətlə uşaqların tərbiyəsi ilə məşğul olan hər bir şəxs dəyərli bir mənbə kimi istifadə edə bilərlər.
Vəsait pedaqoji, psixoloji və metodiki baxımdan geniş və ətraflı yazılaraq giriş və üç fəsildən ibarətdir. Birinci fəsil "Məktəbəqədər yaşlı uşaqların oyunlarının məzmunu, məqsədi, vəzifələri və təşkli metodları" , ikinci fəsil "Müxtəlif yaş qruplarında ouyunların təşkilinə verilən tələblər", üçüncü fəsil "Uşaq oyunlarının növləri" adlanır. Fəsillərin yarımfəslləri də fəsillərə uyğun olaraq elmi pedaqoji, metodki baxımdan yüksək səviyyədə işlənmiş və hər fəslin sonunda təhsil alanlar üçün tapşırıqlar, suallar və ədəbiyayt göstəricisi verilmişdir.
Vəsaitdə oyunun uşaq həyatında əhəmiyyəti, rolu kifayət qədər əsaslandırılmış və əsərin girişində yazılır: "Oyunlar uşaqların həm intellektual, həm də fiziki inkişafı üçün çox vacibdir, çünki onların psixikasının inkişafı üçün oyunlara ehtiyacı vardır. Oyun uşaqların aparıcı sosial tələbatıdır. Uşaqlar isə oynamadıqda əhval ruhiyyəsinə təsir edir, yorğun, əzgin, passiv görünürlər. Az hərəkətdə olduqları üçün tez - tez xəstələnir, intellektual cəhətdən zəif inkişaf edir, aqressiv olurlar".
Əsərdə göstərildiyi kimi, oyunlar uşaqların əqli, psixoloji və mənəvi, əxlaqi inkişafına qüvvətli təsir göstərir. Oyun prosesində uşaqların nitqi inkişaf edir, onlarda kollektivçilik, yoldaşlıq, dostluq, qarşılıqlı yardım kimi əxlaqi keyfiyyətlər formalaşır. Bu dəyərli fikirlərdən irəli gələrək deyə bilərək ki, uşaq oynamasa ümumiyyətlə heç bir cəhətdən inkişaf edə bilməz. Böyüklərin həyatında əmək nə qədər vacibdirsə, uşaqların da həyatında oyun bir o qədər vacibdir.
Vəsait həm elmi nəzəri həm də praktik əhəmiyyət daşıyır. Belə ki, vəasitdə uşaqların yaş dərəcələrinə uyğun olaraq oyunların geniş təsnifatı verilməklə yanaşı, yaradıcı və qaydalı oyunlar, stolüstü, süjetli, rollu, mütəhərrik oyunlar, habelə interaktiv oyunlar haqqında, onların səciyyəvi xüsusiyyətləri, həyata keçirilmə metodikası barəsində dəyərli pedaqoji məlumatlar verilir. Vəsaitdə oyunun keçirilmə yeri, vaxtı, ssenarisi, planlaşdırılması, təyinatı, oyunun qaydaları, mərhələləri, oyuna rəhbərlik, oyunda tərbiyəçi və müəllimlərin mövqeyi ətraflı və dəqiq göstərilmuişdir.
Vəsaitdə verilən uşaq oyunları, onların nəzəri və praktik əhəmiyyəti məktəbəqədər təhsilin kurikulumuna, Dövlət standartlarına, tərbiyə və təhsil proqramına əsaslanmış və elmi metodiki, pedaqoji ədəbiyyata istinad edilmişdir.
Vəsaiti pedaqoji təmayüllü tələbələr, məktəbəqədər təhsil üzrə elmi tədqiqatçılar, məktəbəqədər təhsil və tərbiyə ixtisası üzrə təhsil alanlar, məktəbəqəədər təhsil işçiləri üçün xeyli faydalı və əhəmiyyətli hesab edirik.
Rüfət Lətif oğlu Hüseynzadə
Pedaqoji elmlər doktoru, professor, Əməkdar Müəllim