manera.az
manera.az

Əməkdar artist:"Nəsibə Zeynalova həmişə mənə deyirdi ki..."- Müsahibə | MANERA.AZ

📅 29.07.2015 13:51

Əməkdar artist:"Nəsibə Zeynalova həmişə mənə deyirdi ki..."- Müsahibə | MANERA.AZ


Menera.az Əməkdar artist Emma Məlikovayla müsahibəni təqdim edir:

...1949-cu ildə anadan olan Emma Məlikova 1976-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirib. Gözəl vokal səsə (metso-soprano) malik olduğuna görə tələbə ikən o zamankı Dövlət Musiqili Komediya Teatrının aktyor truppasına qəbul olunub. Bir neçə illik fasiləni çıxmaq şərtilə elə o vaxtdan bu teatrda çalışır.

Doğma teatrın səhnəsində Nargilə (Fikrət Əmirov, Məhərrəm Əlizadə "Gözün aydın"), Жalə (Emin Sabitoğlu, Rüfət Əhmədzadə "Hələlik"), Ballı (Oqtay Kazımi, Ramiz Heydər "Qızıl toy"), Mülayim (Zakir Bağırov, Məcid Şamxalov "Qaynana"), Nabat (Süleyman Ələsgərov, Şıxəli Qurbanov "Özümüz bilərik"), Səlbi (Səid Rüstəmov, Məmməd Səid Ordubadi "Beş manatlıq gəlin"), Kəblə Qubadın arvadı (Üzeyir Hacıbəyov "Ər və arvad"), Təşəkkür (Ramiz Mustafayev, Cahangir Məmmədov "Volqalı canan"), Səməni (Süleyman Ələsgərov, İsi Məlikzadə "Subaylarınızdan görəsiniz"), Qızbacı (Emin Sabitoğlu, Sabit Rəhman "Hicran"), Yengə (Üzeyir Hacıbəyov "O olmasın, bu olsun"), Xumar (Sərdar Fərəcov, Əziz Nesin "Şəhərdə manyak var") kimi müxtəlif rollar ifa edib.


Qrim otağında oturub növbəti dəfə səhnəyə çıxmağa hazırlaşan istedadlı aktrisa ilə söhbətləşirik.

- Emma xanım, yəqin ki, tələbəlik illərini yaxşı xatırlayırsınız...

- Əlbəttə. 1972-ci ildə Dövlət İncəsənət İnstitutuna qəbul olundum. Axşam şöbəsində təhsil alırdım. Çox gözəl müəllimlərim, istedadlı kurs yoldaşlarım olub. 1976-cı ildə təhsilimi başa vurub diplom aldım, buna baxmayaraq, hələ ikinci kursda oxuyandan - 1974-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işə qəbul olunmuşdum. Bu da hər sənət adamına nəsib olan xoşbəxtlik deyildi. O zamanlar teatrımızın səhnəsində görkəmli sənət xadimləri çalışırdı. 3 il teatrda işlədim.

- Bəs niyə belə az?

- Bunun da səbəbləri var idi. Daha doğrusu, şəxsi həyatımla bağlı məsələ idi. Artıq ailə həyatı qurmuşdum, oğlum dünyaya gəlmişdi. Ona görə də bir müddət səhnədən ayrı qalmalı oldum.

- Bu fasilə uzun çəkdi?


- Düz dörd il. 1981-ci ildə yenidən doğma teatra qayıtdım və rollar oynamağa başladım. Şükür Allaha ki, o vaxtdan bu günə qədər də fasiləsiz çalışıram, tamaşalarda müxtəlif obrazlar yaradıram.

- Yaratdığınız obrazlardan biri də "Hicran" tamaşasındakı Qızbacıdır. 1993-cü ildə Sabit Rəhman və Emin Sabitoğlunun birgə yaradıcılıq məhsulu olan bu əsərin yeni quruluşunda siz Qızbacını ifa etmisiniz. 1970-ci ildə bu rolu səhnəmizin korifeylərindən sayılan Nəsibə xanım Zeynalova yaradıb...

- Nəsibə xanım kimi qüdrətli sənətkardan sonra Qızbacını oynamaq asan məsələ deyildi. Nəsibə xanım elə nəhəng aktrisa idi ki, onu nə təkrarlamaq olurdu, nə də üstələmək. Azərbaycan səhnəsinə, kinosuna ikinci bir Nəsibə Zeynalova gəlməyəcək. Qızbacı roluna gəlincə, çalışdım ki, bu obrazı özünəməxsus şəkildə yaradım.

- Müsahibələrinizin birində demişdiniz ki, məni Nəsibə Zeynalovaya oxşadırlar...

- Demişdim. Axı mən onun qızıyam. Rəhmətlik Nəsibə xanım özü həmişə mənə deyirdi ki, sən mənim qızımsan... Nəsibə xanım həm böyük sənətkar, həm də gözəl insan idi. Onun haqqında saatlarla danışmaq olar. Ruhu şad olsun.

- Teatrda oynadığınız rollardan hansını daha çox fərqləndirərdiniz?


- Şəxsən mən rollarımdan heç birini digərindən ayırmaq istəmirəm. Çünki hamısı mənim üçün əzizdir. Böyük rolu da, epizodu da özünəməxsus oynamağa çalışmışam.

- Hər halda Gülcahan rolu sizi daha çox tanıtdırdı...

- "Qaynana" serialındakı qatıqsatan Gülcahan tez populyarlaşdı. Televiziyanın imkanları teatrla müqayisədə daha genişdir. Teatra gəlməyən, səhnədəki rollarımı görməyən teleserialdakı oyunumu görən kimi bəyənir, yadda saxlayır. İndi hara gedirəm, hamı deyir ki, Gülcahan gəlir. Hətta balaca uşaqlar belə Gülcahan xala deyib qabağıma qaçırlar. Uzun illər teatrda çalışan aktrisa üçün bəlkə də bu hissləri yaşamaq bir qədər çətindir. Lakin mən çətinlikdən qorxan deyiləm, çünki çox dözümlü insanam. Məhz bu dözümün, səbrin sayəsində sənətdə qalmışam, fəxri ada layiq görülmüşəm. 65 yaşımda "Əməkdar artist" fəxri adına layiq görüldüm. Bu, yubileyimə də yaxşı bir hədiyyə oldu. Dövlətimizin başçısına, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, teatrımızın direktoruna, çiyin-çiyinə çalışdığım iş yoldaşlarıma minnətdarlığımı bildirirəm. Bir də tamaşaçılara təşəkkürümü çatdırmaq istəyirəm.

- Yaşınız və fəxri adınız imkan verir ki, gənc aktrisalara məsləhət verəsiniz. Onlara deyiləcək sözünüz varmı?

- Əgər bu sənətdə uğur qazanmaq istəyirlərsə, çətinliklərə dözməyi bacarmalıdırlar. Sənətdə heç nə asanlıqla əldə olunmur.

- Uzun fasilədən sonra teatrınızın binasında təmir işləri başa çatdı, yenidən tamaşaçılarla müntəzəm görüşmək imkanı yarandı. Sizi hansı tamaşalarda görəcəyik?

- Təmirdən sonra teatrımızda çox gözəl şərait yaradılıb, hər şey yüksək səviyyədədir. Ən əsası isə daimi tamaşaçılarımızla daha tez-tez görüşə bilirik. İndi bir azdan "Evlənmə"də səhnəyə çıxıram. Repertuarımızdakı 5 tamaşada rolum var. "Qızıl toy" yeni quruluşda hazırlanır. Bu tamaşada əvvəllər baş rolda oynamışam. İndi isə Nabat rolunu həvalə ediblər. Görək də, sağlıq olsun...

Əməkdar artist:"Nəsibə Zeynalova həmişə mənə deyirdi ki..."- Müsahibə | MANERA.AZSöhbətləşdi: Turan Etibaroğlu


Baxış sayı - 4 142 | Yüklənmə tarixi: 29.07.2015 13:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031