18 may Beynəlxalq Muzeylər Günüdür
Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir.
MANERA.AZ xəbər verir ki, bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunub. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün Rusiyanın bütün muzeylərində "açıq qapı" elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalara tamaşa edirlər.
"Muzey" yunan sözü olub, "muzalar məbədi" deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunublar. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, nümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılıb.
Dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı İsgəndəriyyə şəhərində yaradılıb. Burada 40.000-dən artıq eksponatlar - sikkələr, heykəllər, sarkofaqlar, gil qablar, papiruslar və birbirindən gözəl təsviri sənət nümunələri toplanıb. Bu eksponatlar qədim misirlilərin həyatı, məişəti, mədəniyyəti, eləcə də yunan-roma mədəniyyətləri haqqında zəngin məlumatlar verir.
İndi dünyada muzeylər çoxdur. Onlardan ən məşhurları Parisdə Luvr muzeyi (Fransa), Londonda Viktoriya və Albert muzeyi (Böyük Britaniya), İstanbulda Topqapı muzeyi (Türkiyə) və Sankt-Peterburqda Ermitajdır (Rusiya).
Azərbaycanda muzey işinin tarixi çox da qədim deyil. XX əsrin əvvəllərində Bakı ticarət məktəbi nəzdində Sənaye, Xalq məktəblərinin Bakı-Dağıstan müdiriyyəti nəzdində Pedaqoji, Rus texniki cəmiyyəti Bakı şöbəsi nəzdində Texniki muzeylər fəaliyyət göstərib.
İlk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də "İstiqlal" muzeyi fəaliyyətə başlayıb. Muzeyin təsisi ilə əlaqədar "Azərbaycan" qəzeti (1919, 23 sentyabr) yazırdı: "Sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda bir milli muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını "milli muzey" qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə "İstiqlal muzesi" olmasını əhəmiyyətli görürüz".
Muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar və əlyazmalar toplanmışdı. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamenti Rəyasət Heyətinin hesabına olub. Aprel işğalından sonra "İstiqlal" muzeyinin eksponatları yeni təşkil olunmuş Azərbaycan dövlət muzeyinə verilib. Sonralar eksponatların bir hissəsi (o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, "İstiqlal Bəyannaməsi"nin əsli, Azərbaycan Parlamentinin materialları və s.) Moskvadakı İnqilab muzeyinə aparılıb.
Sovet hakimiyyəti illərində Respublikada muzey şəbəkəsi daha da genişlənib: Nizami adına Ədəbiyyat muzeyi, L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyi, Azərbaycan Tarixi muzeyi, Xalq Maarifi muzeyi, əksər rayon və şəhərlərdə tarix, diyarşünaslıq muzeyləri, elm və mədəniyyət xadimlərinin ev muzeyləri və s. bu qəbildəndir. İftixar hissi ilə qeyd olunmalıdır ki, Azərbaycan Xalçası və Tətbiqi Sənət Dövlət Muzeyi dünyada yeganə belə muzeydir. Bu muzey həm də Azərbaycanda yeganə muzeydir ki, öz virtual muzeyi vardır.
Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər sübut edir. Məşhur Norveç alimi və səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə "səma altında muzey" adlandırıb.