Daha əllərimin sığal yeri yox - YENİ İMZA
Manera.az "Yeni imza" layihəsində gənc şair İlkin Asimanın şeirlərini təqdim edir:
***
Mən elə o gündən bu günə təkəm,
Mən elə beş ildi gün sayırameee.
Hərdən dizlərimə layla deyirəm,
Hərdən saçlarımı oxşayırameee.
Dizlərim, saçlarım, hələ əllərim
İncikdi, küskündü umduğu yerdən.
"Alma" deyə-deyə dilim qurudu,
Gözüm quruyaydı yumduğu yerdə...
Hara gizlənmisən, hara qaçmısan?
Sığmır gözlərimə bir belə özləm.
Mən axı nə qədər səni axtaram?
Mən axı nə qədər səni gözləyəm?
Taqəti qalmayıb ayaqlarımın,
Daha əllərimin sığal yeri yox.
Oyun da yarımçıq qalıbdı, mən də
Ta yekə qızsaneee, cığal yeri yox...
Hərdən dizlərimə yalan danışıb,
Hərdən saçlarımı dolayırameee...
Mən elə o gündən bu günə təkəm,
Mən elə beş ildi gün sayırameee...
***
Bilirsən sevgimiz nəyə bənzədi?
Bir evin toz basmış kitab rəfinə...
Səni qınamıram, günah məndədi
Düşdüm ürəyinin tərs tərəfinə...
Eşqi də, dərdi də atıb o yana
Getmək istəyirəm lap uzağlara.
Gedərsəm, geriyə baxmağa ayna
Bir də qayıtmağa qapı saxlaram...
Elə gün olur ki, danışmıram heç
Sonra öz səsim də mənə yad gəlir.
Hərdən gülmək tutur adamı gic-gic
Bütün baş verənlər zarafat gəlir...
Adam danışmaqdan sıxılır bəzən,
Ömrü hədər olur, işləri əngəl...
Kimsəylə danışmaq istəməsən sən,
Mənə gəl, susaram, söz verirəm, gəl...
***
Bacarmıram çətinliyi qovmağı,
Nə cür dözüm çətinə mən, bərkə mən?
Sən heç məni bacarmadın sevməyi
Sevilməyi bacarmadım bəlkə mən...
Həyat necə gözəlləşir sevincə,
Sevildikcə mükəmməldi, mükəmməl.
Mən həsrətəm xoşbəxtliyə, sevincə
"Sən"lə dolu bu aləmdə təkəm mən...
Qoxusu da qəribədir təkliyin,
Əlim, qolum şeir qoxur, söz qoxur.
Nədir mənim, nədir sənin çəkdiyin?
Mən hardayam, sən ordasan, biz yoxuq...
Şeirlərim bu yoxluqdan usanmış,
Daha mən də nə güclüyəm, nə mətin.
Ayrılığı vəsf eləmək asanmış,
Ayrılığı həzm eləmək nə çətin...
Bacarmıram çətinliyi qovmağı,
Nə cür dözüm çətinə mən, bərkə mən?
Sən heç məni bacarmadın sevməyi
Sevilməyi bacarmadım bəlkə mən...
***
Parça-parça qəlbini, əllərində saxlayan
Duyğusuna, hissinə, aldanan, uyan qadın.
Öz ömrünü qarğıyan, öz ömrünə ağlayan
Öz içində özünü, doğrayan, soyan qadın.
Qışqırtılı sözləri, sükut qırıntıları
Dalğalanan saçları, bulud qırıntıları
Baxışları, İlahi, ümid qırıntıları...
Ömrü, günü, həyatı, sevgisi xəyal qadın!
Xəyallar xoşbəxtliyə, yozulardı uşaqkən
Ömrü yeyən fikirlər, az olardı uşaqkən
Nə çox idi sayanda, azalardı - uşaqkən
Dayan, nəfəs al biraz, dərdini sayan qadın.
Boğazını nə üçün, keçirmisən kəndirə
Havadan asılmısan, çatmır ayağın yerə
Səsin kəsildi getdin, yuxuya birdən-birə
Yalvarıram nə olar, yuxudan oyan, qadın!!!
***
Nədir ömür yolu? - Ölüm cığırı
Ömrün ağır gəlir başı bədənə.
Ortaya yüz cürə ayrılıq çıxır,
Ürəklər düşəndə naşı bədənə.
Mənim də bəxtimə çıxdı bir naşı,
O gündən bu günə içim yaradı.
Lap belə başımın üstündə günəş
Doğa ha, yenə də günüm qaradı.
Nə qədər olsam da Tanrıya əsir,
Bir anda şeytana uya bilərəm.
Mən belə acından ölənin biri,
Adi nəvazişlə doya bilərəm.
İndi üstüm-başım uzaqlıq qoxur,
Elə istəyirəm gedəm bir anlıq.
İlahi, gedəcək başqa yerim yox
Yanında yer varmı yarım adamlıq?...
***
Mənim gəncliyimdi güzgülər əmən,
Saldın nə abıra, nə ara məni?
İndi baxammıram güzgülərə mən
Belə məhv etmisən nə ara məni?
Baxıram göz, dodaq, ayaq, əl vida
Sənə bu vidalar doğmadı, nədi?
İncitmə bir yolluq söylə "əlvida".
Bizim günəşimiz doğmadı nədi?
Günəş istəyirsən? Getmə, dön, gələr
Ürəyi yumşaqdı Tanrı, bilirsən...
Ayrılıq qoxuyur bütün döngələr,
Keçib bir-birinə elə bil irsən.
Hava da udursan ayrılıq dadır,
Di gəl nəfəsindən oruc tutma da.
Ayağının biri ayrılıqdadır,
Digəri keçmişlə qaçma-tutmada...
Bu qara saçıma bu bəxt, bu qədər
Çəkdiyim dərdlərə xatir ələr dən.
Getsən də, qalsan da üzmə bu qədər
Çək, çək ayağını xatirələrdən...
***
Gələ elə bir gün, elə bir zaman
Hamının gedəni geriyə dönə.
Gedə üstümüzdən, çəkilə hicran
Dəyə illər boyu gözləməyinə...
Unutmaq asandı, atmaq asandı
Əslində özümüz istəməmişik.
Bizdə məhəbbətlər axıracandı,
"Unut" eşitmişik, "umud" demişik...
Sığınıb Tanrının mərhəmətinə,
Həsrətdi, kədərdi nə var çəkirik.
Dünyanın ən gözəl məhəbbətinə,
Ülvi duyğularla divar çəkirik...
Gözümüz, könlümüz, ürəyimiz tox
Yola da gedirik qəmlə, kədərlə.
Bizdə qırılanın atılması yox,
Bizdə qırılanı təmir edərlər...
Çata İlahiyə qışqırıqların,
Gələ gözlədiyin gün gələ birdən.
Dönüşü olmayan ayrılıqların,
Neçə yalvarış var döngələrində.
Gələ elə bir gün, elə bir zaman
Hamının gedəni geriyə dönə.
Gedə üstümüzdən, çəkilə hicran
Dəyə illər boyu gözləməyinə...