Öz dərdinə ən gözəl bəstələr yazan Qadın...- Şeirlər

Bahar Zamanovanın şeirləri
* * *
bir vaxt birdənəndim, bir vaxt təkindim
İndi ögəyinəm, indi yadınam.
sən mənə nağıllar danışan adam
mən sənə şeirlər yazan qadınam.
Səni zərrə-zərrə uzaq edirəm
səni unutmaqçün göyə çıxıram.
Kəsir umidlərim sol biləyimi
Tanrıya agaham deyə, çıxıram.
O bilir mən harda nələr çəkmişəm
O bilir əlimdən gəlməyən nədi
Başımı qoymağa yer olmayanda
Saçımı oxşayıb - darıxma, - dedi.
Çıxmır səsim batıb göz dənizimdə
ağlamaq da yorur adamı, adam.
mən çoxdan sahiləm öz dənizimdə
Sevir əllərini o da mı, adam?
bir qağayı səsi axtarır dəniz
soyuq qış ayına yaz olsun deyə.
Qurbanlar verirəm mən saçlarımdan
Adım yaddaşına yazılsın deyə.
Unutma - demirəm, deməyəcəm də
Ağrısa ürəyin, məni söyərsən.
gəzərsən hər gecə başqa bədəndə
Öləndə astaca “vətən…” deyərsən.
Daha “gəl” sözünə əsməz dizlərim
İndi evin başqa, ocağın başqa…
Toxunma, uzaq dur, Allahın olsun
Əlin bir söz deyir, qucağın başqa.
deyirəm, ay Allah, gördün bəndəni,
Sən verən taleyi necə dəyişdi?
Getdi, gedişinə əngəl olmadın,
Getdi… ev yadlaşdı, küçə dəyişdi…
Əlimi üzümdə qoydu bu gediş,
dağıtdı başıma düzü-dünyanı
Elə razıydı ki, tarimarından
elə bil firladir özü dünyanı.
mən də parçalandım, səpildim yerə,
bütün sınıqlarım özümü kəsdi.
baxdım gözlərinə, aman dilədim,
sus! - dedi, sus! - dedi, sözümü kəsdi.
sənə ev oldu mu, ocaq oldu mu?
Oldusa, xoşbəxt ol, özünü ovut…
sənə yataq olan o qadın üçün
sənə vətən olan qadını unut!
Sənə can sağlığı, sənə yaxşı yol!
nə şirin yuxuydun, nə də ki kabus.
sevgin üçcə günə solan qızılgül,
mənimki vəfalı, tikanlı kaktus…
daha yavaş-yavaş çəkim yükümü
Gedim o işığa, o oda sarı…
bir də gəlməyəcək yüz fəsil keçsə,
Sənin taleyinə ömrün Baharı.
* * *
Əllərin saçımın qanına batdı,
Sildim əllərini saç yaddaşımdan.
Səni ölənəcən unutmaram ha...
Nə qədər gec deyil qaç yaddaşımdan.
Qaç qurtar özünü, cavansan hələ,
Atını dörd nala surən yaşındı,
Sən səmum yelisən, mənsə qasırğa,
Sənin eşq yaşındı, tufan yaşındı.
Gündə yüz gözələ and içəcəksən,
Hələ neçə əllər qızdıracaqsan,
Sən mənə baş qoşma, dəli qadınam,
Sən mənə şeirlər yazdıracaqsan.
Quruyan ümidəm, batan günəşəm,
Sənə özüm boyda dərd gətirərəm,
Yaddaşım anama bənzəyir, adam.
Səni gec taparam, tez itirərəm.
Məndən nigaran ol, arxayın olma,
Oddan aralanıb oda düşənəm.
Gəzib dolanarsan, gün keçirərsən,
Mən sərxoş olanda yada düşənəm.
Ağlına saçlarım gələr yanarsan
Bir qoxu duyarsan, yasəmən, ya mən
Baxarsan güzgüyə, dəli olarsan,
Ay allah, görəsən ya sənəm, ya mən?!
Sən eşqə inanma, sən aşiq olma,
Meyl etmə bahara, qışa, payıza.
Sən nəğmələr söylə, sən şeirlər yaz,
Hələ yelləncəkdə yellənən qıza.
Mənim saçlarım da başıma dərddi,
Mənim saçlarımın yaddaşı ağır.
Toxunma saçıma ağrıdar sonra,
Sonra kəsdirərəm o – cığır-bağır.
Burax saclarımı, o yol, o da sən,
Saçım yollarına dönür, qarışır.
Gedənlər həmişə bircə söz deyib:
"Qısa saç üzünə yaman yaraşır"
Get mən də saçımdan çıxım heyfimi,
Qaraya boyadım, ucunu kəsim...
Ehh, uzun saçın da ayrı dərdi var,
Belə oğlan-fason bəsimdi, bəsim...
* * *
Nə vaxta qədər çəkər, nə vaxt bitər sən bilən?
Darıxmağı deyirəm.. Axrıma çıxır axı…
Dağıdır saçlarımı, barmağına dolayır,
Darıxmağı deyirəm… Evimi yıxır axı…
Göy tökülür üstümə, Yer çəkilir elə bil,
Nəfəs də almaq olmur, durub Şah damarımda
Ağrıyır toxunduğun hər yer bir-bir ağrıyır…
Darıxmağı deyirəm... Axır, bax, damarımda…
Nə yagış ara verir, nə küləklər səngiyir
Tapdalayır Noyabr ümüd xəzəllərini
Burdan ora aparır küləklər həsrətimi
Darıxmağı deyirəm… Üşütmür əllərini?
Bir vaxt de, bir zaman ver, ömür gözləmir axı
Məni də ki bilirsən, xəstə-xumaram bir az.
Nə vaxt bitəcəksə de, nə vaxt ötəcəksə, de
Darıxmağı deyirəm… Sən dərdimsən, mən dərdbaz.
Yoruluram, birdənəm, büküləcək dizlərim,
Sənsiz kimə güvənim, sənsiz hara yıxılım?
Məni indi kim anlar, məni kim xatırlayar?
Darıxmağı deyirəm... Darıxmağı, ağıllım…
Daha başqa yataqda yatma gəl, yanımda yàt
Gəl nəfəsinlə qoru saçlarımı… Ağrıyır!
Səhər sənlə oyanım, son səhərim də olsa,
Darıxmağı deyirəm... Xəyalları doğrayır.
Bu dəli darıxmağın bir öpüşlük canı var
Gəl çıxar əynimdən, çıxar boz darıxmağı!
Bundan sonra onu yaz alnımın hər küncünə
Darıxmağı deyirəm… Allah, poz darıxmağı!
* * *
Nədir əlindən gələn - ancaq göz yaşı silmək.
Gözlərində yaşamaq, ürəyi məzar Qadın.
Duyğuları musiqi, saçları kaman simi,
Öz dərdinə ən gözəl bəstələr yazan Qadın.
Nədir adın bilmirəm, yaz mı, payız mı, qış mı?
Nədir üzündən axan - göz yaşı mı, yağış mı?
Bu bəxt deyil, bu nalə, ağı, feryad, qarğış mı?!
Özünə ağı deyib ağlayan ozan Qadın.
Əlləri torpaq qoxar, barmagları dəstə gül,
Elə gülər ki, solar ağacda gül üstə gül.
Bütün güllərdən gözəl, amma biraz xəstə gül,
Buludların içindən torpağa sızan Qadın.
Gedib çoxdan o gedən, yuxusuna da gəlməz.
Darmadağın dünyası istəsə də düzəlməz.
Bir məzar var hardasa - nə danışmaz, nə dinməz,
Eləcə pıçıldayar: "Yanıma uzan, Qadın..."
Soyuyan əllərindən buzun xəbəri olmaz,
Elə qırılar düşər, tozun xəbəri olmaz,
Aç ürəyində yaşa, qızın... Xəbəri olmaz.
Bütün ittihamlara lal olub susan Qadın.
Hamının gözlədiyi gözləməz heç kimsəni,
Nə geriyə qayıtmaz, nə qaytarmaz küsəni.
Nə qədər dedinsə də anlamadılar səni...
Dedilər, sən qadınsan, sən ele busan - "qadın!"
Nə yeri var, nə yurdu, eşitsən səsdi qadın
Şaxtadan, qardan soyuq, Günəşdən isti qadın.
Nəyə lazım qəfəslər? Elə qəfəsdi adın...
Toy görüb yuxusunda ölümə yozan Qadın!
* * *
sən hələ bilmirsən səni kim sevir,
sən hələ bilmirsən, hardan biləsən?
deyirəm, nə olsun çox uzaqdayam,
təyyarələr ki var, bəlkə gələsən?
götür pencəyini, siqaretini
nəyin var, nəyin yox, qoy o evdə, gəl.
rənginə düşməyən tənhalığını
çıxar əyinindən, soy o evdə, gəl…
sənin həsrətindən saralıb solan
küskün bənizimə qan gətir, Adam.
cağırsam min defə can deməkdənsə
sərsəri ruhuma can gətir,Adam
üzünə taybatay qapım-pəncərəm
köç, daşın evımə, ocagıma gəl!
qollarım açıqdı min ildi sənə
keç dağı-dənizi qucağıma gəl.
heç nə istəmirəm - nə göy, nə də yer…
gətirmə özünlə Günəşi, Ayı
qoxunu götür gəl, hamıdan tez gəl
heç nə istəmirəm səndən savayı.
gəl şeir düzəcəm yolların üstə
gəl, sənə sözüm var, tez gəl… deyəcəm…
yatağını salıb qollarım üstə
yemək bişirəcəm, çay dəmləyəcəm.
səsinlə, küyünlə, harayınla gəl!
sök, dağıt tüstüdən boz divarları.
bütün sərhədləri aşaq səninlə
qopar olmazları, qaz divarları!
ovcunda bir öpüş yerimi saxla
gəl, uzansın saçım, çiynimə çatsın.
gülüşün səpilsin masamın üstə
səsin bir ömürlük başımı qatsın.
gəl daha, bilirsən zaman gözləmir
gəl, yenə vurulum, gəl bir də sevim
mənə bənzəməsin, sənə çəkməsin
atalı-analı böyüsün evim
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ