manera.az
manera.az

“Xəlifə günü”ndə yaşananlar... - ADU-dan reportaj

📅 14.12.2017 14:19

“Xəlifə günü”ndə yaşananlar... -  ADU-dan reportaj
13 dekabr 2017-ci il... Azərbaycan Dillər Universiteti tarixində önəmli gün... “Bir günlük xəlifə günü”... Rektor Kamal Abdullanın tələbələrini imtahan etdiyi gün...

Bu önəmli gündən reportaj hazırlamaq üçün Universitetə “qonağ”ıq...

Universitetin əsas korpusuna daxil olub, yenilikləri müşahidə etməyə başlayırıq... Ciddi bir dəyişiklik yoxdur. Digər vaxtlardakı kimi hər kəs öz işiylə məşğuldur. Mühafizəçi rektor Kamal müəllimin bu gün işdə olmayacağını deyir. Bu gün “Xəlifə günü” olduğunu nəzərimizə çatdırmaq istəyir.

Xəbərimiz olduğunu deyirik. Söhbətə başlayırıq...

- Siz də xəlifə mühafizəçisiz?

- Yox mən əsl mühafizəçiyəm, yerimi heç kəsə verməmişəm. (gülür...)

- ADU-da nə kimi dəyişiklik var bu gün?

- Hər şey öz qaydasındadır. Xəlifə rektor işə gəldi, qəbul edib otağına yola saldıq. Gün öz axarıyla davam edir, bu gün qonaqlarımız çox olacaq..

2-ci mərtəbəyə qalxırıq...

Bu zaman Şahin Sərdarlı peyda olur.

-Buyurun, xoş gəldiniz. Reportajın maraqlı alınması üçün gərəkən bütün köməkliyi edəcəm.

-Şahin bəy, çox gərgin və həyacanlı görünürsüz. Deməli, vəzifə məsuliyyətini belə olurmuş...

- Əlbəttə. Bu gün universitetimizin üzünü ağ etməliyəm.

Şahin bəy bizi rektorun qəbuluna aparır. Yölüstü söhbətləşirik...

“Xəlifə günü”ndə yaşananlar... -  ADU-dan reportaj

- İctimaiyyətlə əlaqələr şöbəsinin xəlifə rəhbərisiz. Ağa Cəfərli bir günlük maaşını sənə verəcək.... Bəs siz bu gün üçün nə kimi yeniliklər edəcəksiz?

- Universitetin aktiv tələbələrini “Tələbələrimizi tanıyaq” layihəsi ilə ictimaiyyətə təqdim edəcəm. Bu bizim rəsmi facebook səhifəmizdə həftədə bir dəfə baş tutacaq. Konkret bu gün isə vəzifədə olan xəlifələrin tanıdılması, verdikləri qərarların mətbuatda işıqlandırılması üçün çalışacam. Hazırda müxtəlif tədbirlər keçirilir, qərarlar qəbul olunur, bir sözlə, xəlifələr öz platformalarını həyata keçirirlər...

-Xəlifə olaraq hansı vəzifələr icra olunacaq?

- Bu gün 32 rəhbər vəzifəni xəlifələr icra edəcək. Buraya rektor, prorektorlar, dekanlar, şöbə müdirləri, mərkəz müdirləri və s. Daxildir.

- Xəlifələrin verdikləri qərarlar necə, rektor tərəfindən qəbul olunacaqmı?

- Qərarlar tam hüquqi qüvvəyə malik olacaq, əgər qanunvericiliyə uyğundursa... Qərarlarda şəxsi intiriqa, şəxsi maraqlar yoxdursa, təbii ki bu qərar qəbul olunacaq.

- Rəhbər işçilər də burada olacaq?

-Xeyr, işə gəlməyəcəklər. Rektor, dekan, şöbə müdiri, prorektor universitetdə olmayacaq, eyni zamandan, onların vəzifələrinin 1 günlük maaşı xəlifələrə veriləcək.

Rektorun otağındayıq. Katibə rektorun məşğul olduğunu deyir. Gözləyirik... Hələ növbədə çox adam var. Nəhayət, xəlifə rektor bizi qəbul edir. Universitetin rektoru Kamal Abdullanın kreslosunda bu dəfə Univeristetin Təhsil fakültəsinin 3-cü kurs tələbəsi Nicat Aşurovu görürük... Elə bil illərdi bu vəzifədədir, çox təmkinli görünür.
“Xəlifə günü”ndə yaşananlar... -  ADU-dan reportaj
- Deməli, Kamal Abdullanın vəzifəsinə iddialı şəxs sizsiz...

-Bəli. (gülür.)

- Nicat bəy, Kamal Abdulladan fərqli hansı qərarları verəcəksiz bu gün?

-Bu gün ərzində biz bir çox qərarlar, layihələr qəbul olunacaq. Həmçinin bu gündən etibarən Kölgə kabineti formalaşacaq və biz il ərzində seçildiyimiz vəzifənin kölgəsi olacağıq. Təkliflər irəli sürəcəyik. Biz bu gün elə qərarlar verməliyik ki, sabah yenə tələbə həyatımıza qayıdanda qərarlarımızın çətinliyini yaşamayaq.

- Konkret olaraq, universitetdə dəyişmək istədikləriniz...

- Kamal müəllimə təşəkkür edirəm, belə bir layihəni bizim universitetdə tətbiq etdiyi üçün. Yalnız bir şeydən narazıyam ki, Kamal müəllim bizə yenilik etməyə boş sahədə saxlamayıb, tələbə üçün bütün müsbət qərarları özü verib.

- Bəs sizin yeniliyiniz nə olacaq Dillər universitetində?

-Könüllü iş başlatmaq istəyirik, müxtəlif dekanlıqlarda, kafedralarda...Tələbələr könüllü işlə təmin olunsunlar. Bununla da tələbələr təcrübə qazanmış olacaqlar. Həmçinin Universitetdə radio qovşağı, eləcə də elektron cədvəl sisteminin yaradılması üçün çalışacağıq.

- Bəs “Xəlifə günü”nün mahiyyəti nədir, sizin üçün?..

- “Xəlifə günü” rektorumuz Kamal Abdullanın təşkil etdiyi bir “oyun”dur. Amma bu “oyun”da verilən qərarların tam hüquqi qüvvəsi var. Hətta bu gün rektorun sürücüsü gəlib evdən götürdü məni.

- Hansı hissləri keçirirsiz ?
“Xəlifə günü”ndə yaşananlar... -  ADU-dan reportaj
-Düzünü desəm, çox çətindir. Yüksək vəzifəyə göz dikməyin böyük məsuliyyəti varmış. İşə başlamağımdan 2-3 saat keçsə də, həyacanım keçmir...

- Məsələn, Kamal Abdulla tələbənin taleyinə biganə qalmır və müəyyən məqamlarda ona güzəştə getməyi bacarır. Bəs sizdə vəziyyət necədir, hüquqi sənədlər nə dərəcədə önəm daşıyır sizin üçün.

- Bəli, biz tələbələr Kamal Abdulladan məsələlərin mənəvi tərəfinə daha çox önəm verdiyinin şahidi olmuşuq. Bizim rektor tələbənin problemi ilə maraqlanır, onu dinləyir, sonra qərar verir. Biz də fəaliyyətimizdə bunları əsas tutacağıq.

-Tələbə üçün rektorluq vəzifəsini icra etmək çətin deyil ki? Bu gün üçün Kamal müəllim məsləhətlərindən yararlanmısız?

-Əlbəttə. Kamal müəllim mənə bu günlə bağlı müəyyən tapşırıqlar verdi, nəyi necə etmək haqda təlimatlandırdı. Və vəzifəsini 1 günlük mənə etibar etdi...

- Hörmətli xəlifə rektor, bir təklif də bizdən olsun!

-Buyurun...

- Universitetlərarası “Esse, şeir, hekayə müsabiqəsi” keçirtmək olarmı? Qalibləri Dillər universiteti təyin edib, mükafatlandırsın. Məqsəd istedadlı tələbələri ictimaiyyətə tanıtmaq olsun. Manera.az olaraq sizə müəyyən məsələrdə köməklik edərik.

-Əlbəttə, mümkündür. Çox yaxşı ideyadır, çalışarıq ki, bu layihəni birlikdə həyata keçirək. Mən rektora təklif edərəm bu layihəni.

Xəlifə rektorla sağollaşırıq. Yüksək ədəb-ərkanla bizi yola salır...

Kolidora çıxırıq... Rəhbər işçilərdən Araz Ağayev gedişata nəzarət edir... Arada prorektor Əfqan Abdullayev də görünür...

Təlim-tərbiyə işləri üzrə prorektorluğa gedirik... Prorektor Sərraf Balaxanlı gözə dəymir... Gəlməyəcəyini deyirlər. Bu gün onun vəzifəsini xələfi Təhsil fakültəsinin 4-cü kurs tələbəsi Elşən Qəhrəmanov yerinə yetirəcək.

-Elşən bəy, təlim-tərbiyə məsələləri nə yerdədir? (gülürük...)
“Xəlifə günü”ndə yaşananlar... -  ADU-dan reportaj
-Universitetdə ümumi vəziyyət yaxşıdı, amma müəyyən məsələlərdə dəyişiklik etmək istəyirik.

-Məsələn...

- Bufetlə bağlı bir çox qərarlar verəcəyik, burada gigiyena qaydaları gözlənilməldir. Həmçinin ictimai fəallığına görə, “İlin gənci” təqaüdü təsis etmək istəyirik.

- Təlim-tərbiyə sahəsi Univerisitet üçün çox önəmlidir..

- Əlbəttə. Tərbiyədə olan boşluq özünü çox tez biruzə verir. Biz bu istiqamətdə bir çox məsələləri müzakirə etmişik. Günün sonu qərarlar qəbul olunacaq.

- Çətin deyilmi vəzifədə olmaq?

-Mən 3 ildi artıq ikinci kursdan etibarən universitetin Tələbə Gənclər Təşkilatında fəaliyyət göstərirəm. İctimaiyyətlə əlaqələr departamentinin sədri olmuşam, yəni idarəçiliklə bağlı müəyyən qədər məlumatım var.

-Bu vəzifə üçün neçə nəfər iddialı idi?

-9 nəfər namizədliyini vermişdi, 52 faiz səslə mən seçildim bu vəzifəyə.

- Verdiyiniz qərarlar geçərli olsun!

- Xoş gəldiniz!..

Şahin bəyin müşayiəti ilə İsrail mərkəzindəki bayram tədbirinə qatılırıq.

Himnlər oxunur... Xəlifələr əlləri sinəsində dayanıblar. Şahin arada fotoqrafa işarə edir ki, rektoru yaxşı çəksin...

Söz xəlifə rektora verilir.

Xəlifə rektor kursüyə çıxır... Alqışlar səngimir... Öncə gününün əhəmiyyətindən danışır, Kamal Abdullaya və tələbələr təşəkkür edir, sonda işlərinin çox olduğunu qeyd edir və tədbirdə axıra qədər otura bilməyəcəyini deyir.

Düşünürəm ki, bu adam vəzifəsinə gözəl adaptasiya olunub. Harda nə deyəcəyini əzbər bilir...

Söz prorektorlara verilir, onlar qalustuklarını səliqəyə salıb, pencəklərinin düyməsini bağlayaraq illərdir vəzifədəymişlər kimi növbəylə çıxış edirlər. Hər şey çox ciddi gedir, oyun olduğuna inanmırsan. Nə gözəl mənzərədir... Gənc rektorlar ölkələrarası münasibətlərdən danışırlar...

Seymur Verdizadənin bu yaxınlarda başına gətirilən əsl oyun yadıma düşür. Adamı "gənclərə meydan verilsin" dediyinə görə az qala daşqalaq edəcəkdilər. Vəzifələrindən bir dəqiqə belə ayrılmaq istəməyən məmurlar üçün əsl dərs günü idi, “Xəlifə günü”. Gənclər idarəçilikdə “at oynadırlar”, özlərini, idarəçilik bacarıqlarını nümayiş etdirmək üçün dəridən qabıqdan çıxırlar. Yetər ki, gəncliyə inan, etibar et, vəzifə tapşır. Xəlifələrin çıxışlarından hiss olunurdu ki, neçə-neçə məmurdan savadlıdırlar. Nəysə...

Tələbə Çoşqun Gəncəli İsrailin adətinə uyğun olaraq şamları yandırır. Söz musiqinindir. İsrailşünaslığın tələbələri mahnı oxuyacaqlar..
Kolidora çıxıb növbəti müsahibimizi axtarırıq... Budur, Şahin bəy ADU-nun 4-cü kurs tələbəsi Nəsirov Orucu bizə təqdim edir. O, bu gün Tədris işləri üzrə prorektor vəzifəsini icra edir.


-Oruc bəy, nə kimi işlər görmüsüz bu gün?

-Bildiyiniz kimi, tədris işləri üzrə prorektor tədrislə maraqlanır. Həm tələbələrin, həm müəllimlərin dərsə davamiyyəti, onların dərs prosesi ilə maraqlanır. Gün başlayandan vəzifəmi icra etməyə başlamışam, dekanlarla görüşdüm, tədrisin gedişi ilə maraqlandım. Günün sonunda elmi-şurada bir çox qərarlar qəbul edəcəyik.

- Tələbələr əsasən nələrin dəyişməsini istəyirlər?

-Bizə müraciət eləyən tələbələrin əksəriyyəti əsasən, dərs saatlarının artırılması ilə bağlı müraciət edirlər.

-Bildiyim qədər, 19 nəfər bu vəzifədə olmaq üçün öz platformalarını təqdim ediblər. Bəs Siz necə fərqlənə bildiz? Hansı təklifiniz tələbələrin ürəyincə oldu?

-Tələbələrin əksəriyyətini qaib məsələsi narahat edir. Biz bu haqda rektora müxtəlif təkliflərlə müraciət edəcəyik. Onun qərarını tələbələrə çatdıracağıq.

- Sizin üçün məsələrin mənəvi tərəfi nə dərəcə önəmli olacaq?

- Biz üzürlü səbəbdən dərsdə iştirak edə bilməyən tələbələri nəzərə almağa çalışacağıq. Əlbəttə, mənəvi tərəf çox önəmlidir. Bəlkə, tələbənin böyük bir problemi olub.

- Tələbəni özününkü bilən Universitet xəyanət görməz...

- Bəli. Biz də fəaliyyətimizi bu istiqəmətdə quracağıq...

Prorektorla sağollaşıb, tələbələrə üz tuturuq.

Universitetdə bayram ab-havası var. 2-ci mərtəbəyə qalxırıq. Tələbələr xəlifə rektorun qabısı önünə toplaşıblar. Məsləhətləşirlər... Kim çıxış edəcək, hansı problemlər qaldırılacaq...

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin britaniyaşünaslıq ixtisasının I kurs tələbəsi Sadıqlı Günayla söhbət edirik...

-Günay seçimlər necə keçdi, razısız bu günkü rəhbərlikdən?

- Bəli, seçim çox şəffaf şəkildə aparıldı. Hər şey qaydasındadır...

-Rəhbərlikdən nələrin dəyişməsini istəyəcəksiz?

-Mən xəlifə dekanımızdan, bizə dərs deyən bir müəllim üçün xahişim var.

-Nə kimi?

- Çox yaxşı müəllimdi. İstəyirik ona bir təşəkkürnamə verilsin.

-Elə bu???

-Hələlik hə.

Bəs “Xəlifə günü”nə münasibətiniz necədir?

-Münasibətim çox yaxşıdır.İlk dəfədir ki, keçirilir. Məndə böyük maraq yaratdı.

-Siz rəhbər vəzifələrə seçilsəydiniz nə kimi işlər görərdiz?

- Mən Conversationlər (Red.: Danışıq klubları) təşkil edərdim. Digər ölkələrin səfirlərini bir dəfə deyil, tez-tez dəvət edərdim universitetə.

- Bəs universitetinizi digərlərindən fərqləndirən hansı fəaliyyətidir?

-Məsələn, bizə smestr ərzində oxumaq üçün kitablar təklif edilir, biz müxtəlif dillərdə olan kitabları seçib oxuyuruq. Dil bilgimiz, dönyagörüşümüz formalaşır. Bizdə oxumağa çox önəm verilir.

Bu zaman kolidorda gözümüzə bir xanım dəyir. Xoşgörünüşlü, aktiv ünsiyyətə meylli... Diktafonumuzu ona uzadırıq.

-İntervü?

-Hə...

- Bu dəqiqə... Deməli belə, mən Məmmədzadə Səma Jurnalistika fakültəsinin 3 kurs tələbəsiyəm,bu gün isə elmi işlər üzrə xəlifə prorektor vəzifəsindəyəm.

-Fərqi necə hiss edirsiz?

-Bu gün tələbəbələrə şərait yaradılıb ki, öz sözünü deyə bilsin, universitetinin tarixində iz qoysun. Öz düşüncəsi vasitəsiylə rəhbərliyə kömək etsin. Xatirəsi də var da... Bu günü unutmayacağıq...

- Əsas işiniz nə olacaq?

İclaslar keçirəcəyik, müxtəlif departamentlərlə əlaqələrin sıxlaşması üçün təkliflər irəli sürəcəyik. Əsas işim ADU-da təhsil alan tələbələrin Beynəlxalq universitetlərdə Azərbaycanı təmsil etməyini, xarici tələbələrin də bizim universitetə gəlib təcrübə keçə bilmələri üçün təkliflər planını hazırlamağım olacaq. Təbii ki, verdiyim qərarlar protokollara uyğun olacaq.

-Uğurlar...

“Xəlifə günü”ndə yaşananlar... -  ADU-dan reportaj

Şahin bəy kolidorda var-gəl edir, jurnalistləri müvafiq şöbələrə yönəldir, “Xəlifə günü” ilə bağlı informasiyalar verir. Tez-tez bizə yaxınlaşır:

- İntervular necə gedir? Maraqlı materiallar var? (gülür..)

- Material N qədər... Məsələ bunları təqdim etməkdi. Xəlifələrin ürəyi dolu imiş ki!..

- Gedək, filoloqları da danışdırın.

Filologiya və Jurnalistika fakültəsinin III kurs tələbəsi, bu günsə fakültənin xəlifə dekanı Quliyeva Sevinclə söhbətimizi davam edirik...

Telefonunu müavininə verir: “Qəşəng şəkillər çək”.


Saçlarını səliqəyə salıb söhbətə başlayır:

-Bizdə bu vəzifəyə 6 nəfər namizəd vardı. Hərənin öz platformasını təqdim etdi. Mən tələbələrin Məlumat Resus Bazasının yaradılmasını təklif etdim. Tələbələr əldə edə bilməyəcəyi kitabı bu baza vasitəsilə rahat şəkildə əldə biləcəklər. Bu fikrim mənə bir gün dekan olmağı qazandırdı...(gülür..)

- Yazanlar var fakültənizdə?

-Var, çox gözəl yazan tələbələr var. Bizdə TGT, Yazarlar klubu var. Çox gözəl tədbirlər keçiririk. Sizin təklif etdiyiniz universtetlər arası istedadlı qələm sahibləri arasında müsabiqənin keçirilməsinin mən də tərəfdar olaram. Düşünürəm ki, bizim Yazarlar klubu musabiqədə bizi layiqincə təmsil edə bilər.

Xəlifə dekana uğurlar arzu edib, yerimizi müsahibə gözləyən digər jurnalistlərə veririk.

Kolidordakı bu tələbələrsə gedişatı kənardan seyr edirlər. Nəsə narazı kimidirlər...


Yaxınlaşırıq... Nədən narazısız?

- Mən Verdiyeva Gülayə Filologiya Jurnalistika fakültəsinin II kurs tələbəsiyəm “Xəlifə günün”də Təhsil işləri üzrə prorektorluq vəzifəsinə namizədliyimi irəli sürmüşdüm. Seçilmədim.

- Niyə? Hansı təklifləri irəli sürmüşdün ki?

- Dillə bağlı təkliflər irəli sürdüm, Xarici dildə dərs saatı çox azdı - cəmi 30 saat. Öyrənmək olmur bu saatda. Həmçinin oxumaq üçün xüsusi dərs otaqlarının yaradılmasını istəyərdim. Biz tələbələr bu korpusda daha geniş kitabxananın yaradılmasını istəyərdik. Kitablar var, oxumağa auditoriyalar yoxdu.

Digər tələbə yaxınlaşır...

- Yeni rəhbərliyin bizim tələblərimizi nəzərə almaqlarını istərdik...

Kolidorda daha bir qalstuklu şəxs görünür. Xəlifələrdəndi...

- Gedək sizə öz otağımda müsahibə verim.

- Gedək...

Otaqda hazırlıq gedir, Hindistan mədəniyyət günü keçiriləcək. Xanımlar bizi görüb özlərini “yığışdırırlar”. Müdir kreslosuna əyləşib danışmağa başlayır.

- Mən Tağıyev Rəşid, Hindi dili və mədəniyyəti mərkəzinin xəlifə müdiri. Bir sıra dəyişikliklər etməyi fikirləşirəm. İlk növbədə mərkəzin otağını dəyişməyi düşünürəm. Çox kiçik otağımız var. Daha sonra yenilik kimi rektora Hindistandakı universitetlərlə mərkəzimiz arasında tələbə mübadiləsini aparmağı təklif edəcəm. Bir sözlə, Kölgə kabinetdə də mərkəzin fəaliyyətini genişləndirmək üçün çalışacam.

Uğurlar arzu edib, tədbirə hazırlaşan xanımlara mane olmamaq üçün onların kiçik darısqal otaqlarını tərk edirik.

Bura isə Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanatlığıdır. Mikayıllı Samirə bu fakültənin tələbəsidir. Hazırda Xəlifə dekan vəzifəsindədir.

- Sizi digərlərindən hansı təklifiniz fərqləndirdi?

- Məncə, məni fərqləndirən səmimiyyətim oldu.Tələbələr məni ilk çıxışımdan alqışlayırdılar. Məsələn, söylədim ki, əgər biz kolidordayıqsa, dekanlarımızı görüb qaçmalı deyilik. Əksinə, o bizlə yaxın olmalıdı, dost olmalıdı...

- Bəs vəziyyət necədir ki?

- Bizim universitetdə əvvəllər problemlər çox idi, əlbəttə qaçırdıq. Sonra heyyət dəyişdi və qısa zamanda öz nəticəsini verdi. İndi qarşılıqlı hörmət, tələbəyə inam var.

- Tələbələrin xeyrinə hansı təklifləri irəli sürəcəksiz?

-Bu gün üçün verəcəyimiz qərarlar həm tələbələrin xeyrinə, həm də universitetə olan marağı artırmaq məqsədi güdür. Mən düşündüm ki, oxuduğum fakültədə regionlar üzrə festival keçirək, hər ilin bir gününü ayıraq, bütün regionlar öz mədəniyyətlərini gəlib nümayiş etdirsinlər.Məncə, bu bütün universitetlərə səs salacaq bir layihədir. Düşünürəm ki aktiv, istedadlı tələbələrimiz öz məharətlərini göstərə biləcəklər...

-Tələbələrin beynəlxalq arenada tanınması üçün hansı addımlar atılır ADU-da?

- Dil qabiliyyətləri və təşkilatçılıq bacarıqları yüksək olan tələbələrimiz var. Məsələn, İndoneziyaşünaslıqda bir tələbəmiz var ki, çox gözəl dil bilir və rəhbərlik bunu nəzərə alaraq onu müxtəlif layihələrdə iştirakına şərait yaradır.

- Siz həm də icra elədiyiniz vəzifənin bir günlük maaşını alacaqsız...

- Düzü, maaşın nə qədər olacığını bilmirəm. Çünki bura gələndə maddiyyatı önəmsəmədim. Sadəcə böyük bir təcrübə olacaq mənim üçün...
Xəlifələrlə sağollaşırıq...

Şahin bəy tapılır... Gedək, sizə çay, kofe sifariş edim, əziyyətimizi çəkdiz...

Universitetin bufetində yaşananlara şahidlik etmiş olarıq deyib, 1-ci mərtəbə enirik.

Şahin bəy bufetdəki aşbazlara: “Xala, hesab mənlikdi, jurnalistlərə yaxşı qulluq edin.” deyib bizim üçün masa ayırtdırır...

-Şahin bəy, bu gün vəzifənizi layiqincə yerinə yetirirsiz, bu öz yerində. Qonaqpərvərliyiniz də varmış...

-Mən jurnalistika sahəsində çox işləmişəm. Jurnalistlər həssas olurlar. Gərək diqqəti əsirgəməyəsən...

Beləliklə, reportaj üçün fəaliyyətimiz burada sona çatır. Digər həmkarlarla yemək süfrəsində “Xəlifə günü”nü müzakirə edirik...

Bu da mənim qənayətim:

- “Xəlifə günü”ndə yaşananlar... -  ADU-dan reportajKamal Abdulla tələbəsinə güvənir. Kamal Abdulla vəzifəsindən şəxsi maraqları üçün deyil, tələbələrin daha yaxşı təhsil ala bilməsi üçün istifadə edir. Kamal Abdulla fəaliyyəti müddətində tələbələrində təhsilə, elmə, Azərbaycan dövlətçiliyinə sevgi yarada bilir, tələbələrdə özünəinam formalaşdırır. O tələbəni öz yerində görməkdən qorxmur. O tələbələriylə çiyin- çiyinə işləməkdən zövq alır. Bu məsələlərə münasibətini öz çıxışlarında açıq-aydın ifadə edir. Və “Xəlifə günü” deyilən bu “oyun” da onun idarəçilik sistemində yeniliyə açıq olduğunun növbəti göstərici oldu...

Şəhla Aslan,
MANERA.AZ



“Xəlifə günü”ndə yaşananlar... -  ADU-dan reportaj
“Xəlifə günü”ndə yaşananlar... -  ADU-dan reportaj


Baxış sayı - 3 118 | Yüklənmə tarixi: 14.12.2017 14:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031