Lənkəran teatrı qastrolda olub
Noyabrın 24-də Lənkəran Dövlət Dram Teatrının truppası Lerikdə qastrol səfərində olub.
Yaradıcı kollektiv Lerik şəhərindəki Mədəniyyət Sarayının səhnəsində yazıçı-dramatirq Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” tamaşası ilə sənətsevərlər qarşısında çıxış edib.
Teatrın rejissoru, Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi tamaşada hadisələr keçmiş sovet dövründə cərəyan edir. Moskvada ordu sıralarında xidmət edən Güləli Vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qızı da gətirir. Anasının rus gəlinini qəbul etmədiyini gördükdə isə, Güləli onu etnoqraf tələbə kimi qələmə verməyə nail olur. Bu halda hamı qonağa hörmət edərək, onun bir neçə ay qalıb xalqımızın etnoqrafiyasını içdən öyrənməsinə şərait yaradır. Amma bunun hiylə olmasının üstü açılır. Sonda ata-anaları rus qızını oğlanları üçün almağa razılaşsalar da, Nataşa Moskvaya qaçır...
Tamaşanın quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Allahverən Babayev, Qızılgül Quliyeva, Səyad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Ülkər Quliyeva, Nizami Qurbanov və digərləri ifa ediblər.
Qeyd edək ki, sənətsevərlər tərəfindən maraqla baxılan tamaşanı Lerik Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, pedoqoji və ictimaiyyətin nümayəndələri də izləyiblər.