Manatımız müqəddəsdirsə... | MANERA.AZ
Azərbaycan manatı, milyonlarla fanatı
Stolumun üstündə əzik-üzük bir manatı gördüm,
yadıma bir əhvalat düşdü…
Ötən ayların birində Azərbaycanın bir telekanalında veriliş aparan bir cüt bacı, mahnı oxuyarkən, musiqinin qızğınlığından Azərbaycan Respublikasının milli pul vahidi, cibiməküskün manatı cırmışdılar. Cırmışdılar deyəndə ki, ikisindən biri cırmışdı, deyəsən. Nə başınızı ağrıdım, bu hadisə cəmiyyətdə bir xeyli müzakirə olundu, hamı Azərbaycan xalqının bu iki Allahvermişin qınadı, özü də pis qınadı. Biri dedi, bu qudurğanlıqdır, biri dedi, bu əxlaqsızlıqdır, biri dedi…. Nə isə, hərə nəsə dedi, ancaq, yaxşı deyən olmadı.
Uzun sözün qısası, bu mənim də xoşuma gəlmədi. Ancaq, bir söz deyim, aramızda qalsın, mən qınamadım. Çünki, mənə bu hal çox adi gəldi, demək olar ki, normal, hər gün cəmiyyətdə qarşılaşdığım vəziyyət.
Guya, biz, Azərbaycan manatını sevirik? Bəli, sevirik, ancaq, ona görə yox ki, o Azərbaycanın milli pul vahididir, ona görə ki, pul olmayanda, dolanmaq olmur. Həm də az olanda səni çox adam saymırlar. Guya, Azərbaycan manatı bütün Azərbaycan xalqı üçün müqəddəsdir, təhqirolunmazdır? Bilirəm, bilirəm, indi hamınız deyəcəksiniz ki, əlbəttə, müqəddəsdir. Mən də deyəcəm ki, yalançının cibi Azərbaycan manatına həsrət qalsın.
əgər Azərbaycanın milli pul vahidi Azərbaycan xalqı üçün müqəddəsdirsə, dəyərdirsə, milli meyardırsa, onda niyə görə, biz, bu pulu toylarda ayaq altına səpirik?! Niyə görə, bu manatı, 20-lik, 50-lik, 100-lük şəkilində fahişələrə xəricləyirik? Niyə görə, bu pulu şalvarımızın arxa cibinə qoyub, oturanda yanımızı üstünə basırıq? Niyə görə, onu arağa, pivəyə, narkotikə, nə bilim nəyə, nəyə xəricləyirik?
əzizlərim, vallah, billah, bizdə çox mətləblər var ki, biz, onu həddən ziyadə şişirdirik, pafosla yanaşırıq. Hamımızın içində eyni eyblərimiz var, di, gəl ki, birimizdə aşkara çıxsa, vay o adamın halına. Allah özü kömək olsun.
Bütün problemlər özümüzdən başlayır. Cəmiyyət olaraq düşüncəmiz dəyişməyənəcən, bizdə hər vəziyyət qınaq, təhqir obyekti olacaq. Və biz millət olaraq, inkişaf edə bilməyəcəyik. Hamımız eyni gündəyik; mən də, sən də, o da!
Manera.az