Tallində Azərbaycan poeziya axşamı

Tallin şəhərinin Rahva Rraaamat kitab şəbəkəsi mağazasında "Nizami" Azərbaycan poeziya axşamı keçirilib. Gecəni Azərbaycan həftəsonu məktəbinin rəhbəri, “Ocaq” verilişinin baş redaktoru Sənəm Əliyeva təşkil edib.
Azərbaycan poeziya axşamında tamaşaçılar dahi filosof şairlər Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsiminin həyatı və yaradıcılığı ilə taniş oldular.
“Orhan” Azərbaycan həftəsonu məktəbinin müəllim və şagirdlərinin ifasında görkəmli şairlərin şerləri Azərbaycan, rus və ingilis dillərində səsləndirilib. İfa olunan "Sənsiz" romansı və "Fizuli" kantatası tamaşaçıların böyük rəğbətini qazanıb.
Tallində yaşayan və poeziya gecəsində iştirak edən Xalq Şairi Nəbi Xəzrinin nəvəsi Nigar Oktay babasının yaradicılığı ilə tamaşaçıları tanış edib və onlara görkəmli şairin “Azərbaycan” şerini oxuyub.
Tamaşaçılar müxtəlif əsrlərdə yaşayıb yaratmış dahi Azərbaycan sairlərinin şerləri haqqında fikirlərini bölüşüb və tədbir olduqca maraqlı keçib. Poeziya axşamının iki saatdan çox keçməsinə baxmayaraq Azərbaycan poeziyasindan həzz almış tamaşaçılar salonu tərk etmək istəməyiblər. Gecənin təşkilatçisi Sənəm Əliyeva baharda yenidən belə bir poeziya gecəsi keçirəcəyini bildirib.
Sonda Estoniya Azərbaycan Mədəniyyət Mərkəzi iştirakçıları Azərbaycan şirniyyatlarına qonaq edib.