Daşkənddə Azərbaycan xalçaları

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” Azərbaycan xalçalaları sərgi zalının açılışı olub.
Bu barədə MANERA.AZ-a Azərbaycanın Özbəkistandakı səfirliyindən məlumat verilib.
Öncə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan xalçları, milli geyimlər, kəlağayılar və musiqi alətlərini özündə əks etdirən xüsusi kompozisiya ilə tanışlıq olub. Sonra isə Azərbaycan xalçaları mövzusunda bir sıra məruzələr təqdim olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalaçaları haqqında məruzə edərək, xalq sənətlərinin ən geniş yayılmış növü olan xalça sənətinin Azərbaycan xalqının bədii təfəkkürünü, istedadını nümayiş edirdiyini və qədim Azərbaycan xalçaları barədə bir sıra mənbələrdə antik yunan tarixçilərin yazdıqlarını qeyd edib.
Özbəkistanda Azərbaycan xalçalarının tanıdılması və satışı ilə məşğul olan mütəxəssis-sahibkar Şəmsəddin Museyibzadə Azərbaycan xalçalarının rəngarəngliyi, özünəməxsusluğu, onu dünyaya sevdirən xüsusiyyələri barədə məruzə edib. O, təmsil etdiyi təşkilat adından Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni yaradılan “Azərbaycan xalçaları” daimi sərgi zalına Qarabağ xalçasını hədiyyə edib.
Tədbirdə Azərbaycanın əsrarəngiz xalça sənəti, onun qədim tarixi, ölkəmizin regionlarına xas xalçalar, onlarda əks olunmuş naxışlar və s. barədə ətraflı prezentasiya və videomaterial iştirakçılara təqdim olunub. Daha sonra “Odlar yurdunun naxışları” Azərbaycan xalçalalarının daimi sərgi zalının açılışı olub. Açılış lenti kəsildikdən sonra ölkəmizin 7 əsas xalçaçılıq məktəbini özündə əks etdirən, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar nümayiş etdirilib.
Qeyd edək ki, sərgi zalında nümayiş etdirilən Azərbaycan xalqının yaratdığı Şirvan, Qarabağ, İrəvan, Dərbənt, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalar sərgilənib.