Manera.az Ulucay Akifin şeirlərini təqdim edir.Uşağam,
Balaca uşaq.
Ona görə bu qədər
səliqəsizdir misralarım,
sözlərimsə bu qədər uzaq.
Sus...
Danışmaq
Ən böyük səhvidir insanlığın.
Bacarsan
Gözlərimdən kədəri sil,
Əllərimdən ayrılığı.
Arzularım
Uçmağı unudub.
Ümidlərimsə iməkləyir.
Bacarsan
Ürəyimdən ağrıları sil
Beynimdən də təkliyi...
Uşağam,
Balaca uşaq.
Ona görə bu qədər
səliqəsizdir misralarım,
sözlərimsə bu qədər uzaq.
***
Mərmər döşəməli zallarda,
yüksək səslə,
Ya da yaşıl çəmənliklərdə,
astaca,
Özündən danışırmış kimi
şeir demək,
Alqış sədaları altında...
Gecəsinə, gündüzünə,
Qışına, baharına baxmadan,
İçini boşaldırmış kimi
Şeir yazmaq...
Hər səfərində özünü
yenidən kəşf etmək,
Yazdığın misralar
arasında azmaq.
Soyuq əlli, isti ürəkli
qadınlara şeir yazmaq,
Təsəlli taparcasına,
Ya da ən sevdiyin mahnını
zümzümə etmək,
Qarşına çıxan
hər bir daş parçasına...
MANERA.AZ
Baxış sayı - 2 453 |
Yüklənmə tarixi: 13.01.2017 12:26