Azərbaycan kinosunun əsl siması

O Azərbaycan kinosunun əsl siması idi.. Üz cizgilərindən tutmuş xarakterinə qədər. Kino boy-buxununa biçilmişdi... Başdan ayağa bizim aktyor idi Həsən Məmmədov...
Hər bir azərbaycanlıdan onun cizgilərində nəsə tapmaq olardı.. O, 1938-ci il 22 noyabr Salyan rayonunda doğulmuşdu. 1956-cı ildə Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, oranı bitirməyərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə üz tutmuşdu. Bu da bird aha sübut edir ki, aktyor ürəyinin səsindən vaz keçməmişdi. 1962-1972-ci illərdə Dövlət Dram Teatrında uğurlu obrazlara həyat vermişdi. Amma, daha çox kino aləmində parlamağı bacardı. “Dədə Qorqud”, “Alma almaya bənzər”, “İstintaq”, “Təhminə”, “Qəm pəncərəsi”, “Gün keçdi” filmlərindəki obrazları ilə tamaşaçının əsl sevgisini qazana bildi.
"Gün keçdi" yaradıcılığının şah əsəri idi... Oqtay az qala Həsən Məmmədovun özü idi... Özünü oynayırdı sanki... Obraza o qədər daxil olmuşdu ki, filmdə olduğunu belə unudurdu... Bizlərdən biri idi sanki... Əsl azərbaycanlı... Sevdiyi qadına belə kənardan baxan, onu yalnız öz hisslərində yaşadan Oqtay...
Leyla xanım Şixlinskaya onun haqqında xatirələrində deyir ki, filmdə azacıq yaxınlaşma səhnəsində o özünü itirmişdi... Mən ona sərbəstlik yaratsam da o sərbəst ola bilmirdi... Yenə də qayıdıram əvvəlki fikrimə.. Çünki o milli mentalitetin dəyərlərinə sadiq idi... Başqa cür ola da bilməzdi.. "Dədə Qorqud" filmini yada salaq... Onun müdrik sifət cizgiləri, yeri göyü titrədən zəhmli baxışları sözsüz belə artıq obrazı canlandırırdı.. Bir də onun samballı səsi... Səs filmdə öz xarakterini cızırdı... Onun səsi artıq ayrı bir obraz yaradırdı... Gözlərini yumub bu səsin sahibinin sambalını təsvir etmək də çətin deyildi...
Azərbaycan kino sənətində onun yeri başqadır... Daha doğrusu Başdadır... Film tariximizin əfsanəsi... Nəsillərin sevəcəyi, illərlə dəyərini qiymətini anlayacağı Həsən Məmmədov...
Təranə Feyzulayeva