Tanınmış kino aktyoru 102 yaşında |MANERA.AZ
MANERA.AZ xəbər verir ki, bu gün görkəmli teatr və kino aktyoru Azərbaycan SSR xalq artisti Məmməd Bürcəliyevin doğum günüdü.
Qeyd edək ki, Məmməd İsmayıl oğlu Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olmuşdur. Şəki şəhərində 5-illik orta təhsilini başa vurduqdan sonra 1932-ci ildə təhsilini davam etdirmək məqsədi ilə Karl Lipknixt adına fabrik-zavod məktəbinə daxil olmuşdur. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmiş və maraqlı obrazlar qaleriyası yaratmışdır. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışmışdır.
Məmməd Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qaleriyası yaratmışdır. M.Bürcəliyev Azərbaycanfilmin istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaratmışdır. "Dəli Kür" filmində Allahyar, "Qəm pəncərəsi" filmində Rəşid bəy, "O dünyadan salam" filmində Hacı Baxşəli və s. obrazları aktyorun geniş yaradıcılıq imkanlarından, böyük potensial qüvvəsindən xəbər verir. 1944-1945-ci illərdə Məmməd Bürcəliyev Fikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaratmışlar və həmin illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru Məmməd Bürcəliyev olmuşdur. O, 1955-ci ildə respublikanın əməkdar artisti, 1958-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür. 1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat etmişdir.
Allah rəhmət eləsin, ruhu şad olsun!
Turan Etibaroğlu
Manera.az