manera.az
manera.az

Mən könül istədim, sən cəfa verdin... - Şeirlər

📅 30.08.2017 17:00

Mən könül istədim, sən cəfa verdin... - Şeirlər
Manera.az gənc şair Şəhriyar Seyidoğlunun şeirlərini təqdim edir:

ÜRƏYİNƏ ÇƏTİR TUT

Ürəyinə çətir tut,
Qəlbinə daman olar.
Gizlən baxışlarımdan,
Telinə qonan olar.

Nə qoxu səksəkəli,
Əlimi tutmaz əli.
Mənim kimi bir dəli,
Halına yanan olar.

Bu həsrət, bu da niyyət,
Fikir etmə, nəhayət.
Bir əlində məhəbbət,
Birində balan olar.

Vüsala bircə yol cız,
Kiminsə qəlbinə sız.
Evdə oturmaqla, qız,
De, səni alan olar?

ÜRƏYİM BİR DƏFƏ OĞURLANIB

Elə yıxılasan baxışlarımdan,
Ayağa qalxmağa heyin olmaya.
Bir çılpaq məhəbbət soraqlayasan,
Tapasan, axırda sənin olmaya.

Çəkəsən həsrəti gözündən iraq,
Telində müqəddəs əl izi ola.
Qonşular görəndə deyə ki, bayaq
Bu qızı indicə salmışdıq yola.

Üzümü ağardan üz olmadımı,
Yoxsa taleyini boşa çəkdilər?
Ayrılmış qadınlar xəritəsində
Bu qızın adını qoşa çəkdilər.

Daha çək gözünün ipini məndən,
Gözüm kirpiyimlə çox budanıbdı.
Ürəyim bir dəfə büdrəyib mənim,
Ürəyim bir dəfə oğurlanıbdı.

QAÇIB ÜRƏYİMDƏ GİZLƏNƏN QADIN

Harda gizlənsəydim, gəzib tapardın,
Məni addım‐addım izləyən qadın.
Qorxuram bayırda səni taparlar,
Qaçıb ürəyimdə gizlənən qadın.

Yumma gözlərini, tanıyım səni,
Gizlənqaç oynuna vaxtımız çoxdu.
Axtarsan, yerində taparsan məni,
O yer ürəyimdi, başqa yer yoxdu.

Uşaqlıq eşqimin yuxusu fağır,
Yatmağa yerin var, içməyə suyun.
Yuxulu gözündən məhəbbət yağır,
Bu necə iş idi, bu nə cür oyun?

Daha gözlərimi yuma bilmirəm,
Qorxuram, xəlvəti çıxıb gedəsən.
Qonşu qızlarından ötrü darıxıb,
Təzə ev‐eşiyi yıxıb gedəsən.

Gecələr yuxumda görürəm səni,
Gündüzlər gözümdə təzələn, qadın.
Ürəyim məhəbbət abidəsidi,
Qaçıb ürəyimdə gizlənən qadın.

SƏNİ SEVDİM

Səni sevdim günəş kimi,
Hərarəti sənə çatsın,
Sevmədim ki,
Səhər çıxıb axşam batsın.

Səni sevdim
Bir ananın övladına sevgisi tək,
Sevdim səni
Dağlar kimi zirvəsində qar olmağa,
Sevmədim ki,dağ bildiyim
O sevginin
Təpəsindən yıxılmağa.

Sevdim səni
Yazdığım hər misraları sevən kimi,
Sevməmişəm ad günündə
Zəif şer deyən kimi,
Sevdim səni
Dərdin qəmin sahibi tək,
Həsrətini sevən kimi

Sevmədim ki,
Həsrətini çəkə çəkə,
Unudarıq sevgimizi.

Sevdim səni
İntizarla gözlədiyim
Sabahımda yaşanacaq
O gün üçün.


* * *
Çiçək ətirlisən gül qoxulusan,
Sevda budağısan ömrümə qadın.
Varlığın həyatın parlaq ulduzu,
Şair otağında işıqlanardın.

Çəkəydim nazını özündən özgə,
Sığala yataydı qara tellərin.
Baxardım güzgüyə səni görüncə,
Çiynimə qonaydı xoşbəxt əllərin.

Həsrət yan keçəydi pəncərəmizdən,
Xoşbəxtlik evimdə gecələyərdi.
Gözün gözlərimin içindən keçən,
Sevirəm sözünü əzbərləyərdi.

SƏN GƏLİN KÖÇÜRSƏN

Sən gəlin köçürsən, nə danış nə din,
Telinə düzülsün gül ləçəkləri.
Sənə bəxş etməyə sevdiyin oğlan,
Yaman əzizləyir gül çiçəkləri.

Boynu bükülüdür xatirələrin,
Gedirsən, yollar da sevilir bu gün.
Ata baxışları ana qayğısı,
Gəlinlik donuna geyilir bu gün.

Səni qərib ocaq gözləyir indi,
Qurbanlıq kəsməyə qoç gətiriblər.
Ayağı qarışqa əzməyən qızın,
Ayağın altına dərd ötürüblər.

Pilləkən -pilləkən düzülən qabı,
Sındıra- sındıra keçərsən gəlin.
Sənə bəd göz ilə baxan gözləri,
Süzgün baxışlarla seçərsən gəlin.

Özgə ev qəlbini sıxmasın inan,
Qəriblik bir anda canından çıxar.
Ata ocağında isinən qızın,
Vağzalı səsində üşüməyi var.

SƏHV ETMƏMİŞƏM

Deyirəm, nə qədər bəxtiyaram mən,
Seçəndə dostları səhv etməmişəm.
Çətində çoxunu edib imtahan,
Bircə səhvlərini məhv etməmişəm.

Donuq təbəssümü üzdən seçmişəm,
Ürək saflığını sözdən seçmişəm.
Qəlbimə yatanı gözdən seçmişəm,
Dodaqda bir gülüş əfv etməmişəm.

Neçə könüllərə səfərim olub,
Neçə duyğulardan xəbərim olub.
Şəhriyar, mərd sözüm şəkərim olub,
Namərd süfrəsində kef etməmişəm.

DEYİLƏM

Mən yaşa dolduqca dilək çoxaldı,
Ülvi duyğulardan uzaq deyiləm.
Mən könül istədim, sən cəfa verdin,
Bu da qəbulumdu, qorxaq deyiləm.

Dəyibdir xətrinə mənim bir sözüm,
Gecələr yuxuya həsrətdir gözüm.
Nə qədər dərdim var, çəkərəm özüm,
Sənin sevincinə ortaq deyiləm.

Sən dəli eylədin, el mənə gülməz,
İstər min əzab ver, qəddim əyilməz.
Od tutub yanaram, bir kimsə bilməz,
Atəşi görünən çıraq deyiləm.

Meyvəm məhəbbətim, özüm bir bağam,
Səni sevəcəyəm nə qədər sağam.
Sevsən, səadətdən məst olacağam,
Sevməsən, eşqinə yamaq deyiləm.

YAŞADAN GƏRƏK

Deyirsən, hicranda vüsal axtaraq,
Möcüzə göstərək sevilənlərə.
Mənim məhəbbətim dillər əzbəri,
Nə cavab verəcəm deyilənlərə...

Axı ürəyimin daş səkisi var,
Uçulub tökülən qırıntılardı.
Sənin ürəyinin ev çəkisi var,
Mənim taleyimdə qazıntılardı.

Bu necə təklifdi gəldi üstümə,
"Barışaq" sözünü nə sayaq dedin.
Mənim əvəzimə mənim yerimə,
Yenidən məhəbbət yaşayaq dedin.

Alışan sevgidi yazı masamda,
Hicranda vüsala qarışan ürək.
Özüm əvvəlkitək yaşamasam da,
Səni əvvəlkitək yaşadam gərək.

BU GÜN TOY GÜNÜDÜR

Bu gün toy günüdür, fərqli biçimdə,
Dost-tanış yığılıb toyuna gələr.
Görən bilirsənmi sənin içində
İlk sevgin qol açıb oynaya bilər.

Bu gün toy günüdür, həyəcan dolu,
Ötən xatirələr çiçək-çiçəkdi.
Onu xatırla ki, sənin toyuna
Mən yox, mən xəyallı mən gələcəkdir.

Uşaqlar gəlinlik maşını gəzir,
Kəsib qabağını nəmər almağa.
Subay rəfiqələr təşvişə düşüb,
Bu toyda yar seçib gəlin olmağa.

Mən sənə yazdığım şeirlərə bax,
Hər biri ömrümə əzizdir, əziz.
Bir vaxtlar adımı vermişdin mənim,
İndi mənsiz qalıb o dar küçəniz.

Bir zaman üz-üzə gələndə sənlə
Demə ki, anamın istəyidir bu.
Məcburən verdilər özgə birinə,
Bütün günahları göz yaşınla yu.

Bu gün toy günüdür qüssədən uzaq,
“Vağzalı” sədası bürüyür eli.
Bir ölüm hökmü də ayıra bilməz
Tanrı sevdasıyla birləşən əli.

Gəldin öz ömrünün xoşbəxt anına,
Bir şair ömrüdü qəmdə çırpınan.
Bir özgə baxışlar hopub canına,
Qoşa ürəklərmiş bu gün qızınan.

Mənim məhəbbətim özgə əliylə
Sənin barmağına biçiləcəkdir.
Bu gündən xəyalın mənimlə qalıb,
Nəfəsin özgəni isidəcəkdir.



Baxış sayı - 7 307 | Yüklənmə tarixi: 30.08.2017 17:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031