manera.az
manera.az

Qadın olmaq- Gülsadə İbrahimlinin şeirləri

📅 31.07.2017 12:02

Qadın olmaq- Gülsadə İbrahimlinin şeirləri


Gülsadə İbrahimli

QADIN OLMAQ


Bir kişinin sərxoşkən xatırladığı qadın olmaqdır "sevilmək".
Tənhalığıdı,
Qaçıb-qaçıb insanlardan
Yolunu itirmiş uşaq kimi xatirələrə sığınmağdı.
Susqunluğudu,
Yoxsunlaşmasıdı,
Adamsızlaşmasıdı...
Hər gecə
Yanındakı qadına
Kürəyin dönməsidir "sevilmək".
Siqaret-siqaret özünü öldürməsidi.
Dost məclislərindən tələsik getməsidi.
Verilən suallara cavabsızlığıdı.
Tanış küçələrin,
Doğma adamlarının"özgəsi" olmasıdı
"Sevilmək".
Üstündən kimsəsizlik,
Yazıqlıq tökülməsidir.
Bir kişinin özünə cəkilməsidir "sevilmək".
Her gün görüş yerinə
Eyni vaxtda,
Saatda
Ümidsiz gəlməsidi.
Tayı ayrı yazilmış bir adın
Heca-heca kişi dodaqlarını öpməsidir.
Döş cibində saxladığı əski ,əzik bir şəklin önündə heykələ dönməsidir.
Bir kişinin kişisayağı ölməsidir..."sevilmək".
Yerdən, göydən əlini üzüb
Bir xəyalın xatirəsinə tapmaq...
Bir kişinin sirri olmaqdır,
QADIN OLMAQ!


APARMA ÖZÜNLƏ

Sənin olsun dünyanın mən olmadığım bütün şəhərləri
Sənin olsun ən parlaq günəşlər
En qarasından gecələr...
Uzun-uzun dalıb yalnız içdiyin bütün qəhvələr-
Dadı olacaqmı?... bilmirəm .
Bilmirəm sevecəksənmi öpdüyün dodaqları?
Özünün bilib mən olmayan bütün uzaqları?
Sənin olsun bütün dillərdə "ayrılıq"kəlməsi.
Sənin olsun bütün qadınların intiharsayaq sevməsi...
indi əllərin mənim deyil
Ayaqların məndən aparır səni.
saçlarının qoxusu barmaqlarımda
Bir tutam sevinc qaldı gülüşlərimin ən dərinində.
Sinəndə öpüş yerlərim xatirən olsun.
Sənə qalsın dünyanın mən olmayan bütün şəhərləri..
Aparma özünlə,
Aparma nolar
Yenə sevə bilim
Sənsiz Bakını,
Sahili bizsiz Xəzəri!!!

YAŞAMAĞA MÖVZU YOX

Hər gün özümün tekrarıyam,
Bitdiyi yerdən başlayır adam.
Nə qədər doğmayam güzgüdəki sifətə
Nə qədər bu qadına yadam.
Küskünlüyüm mənlə,
Üsyanım mənə.
Qollarımdır saran yalnızlığımı
Ayaqlarım çəkən yükümü.
Uzaqlara can atanam
Özümdən qaçanam
Özümdə tam
Özümdə natamam...
Bəzən hər qadından bir parçayam
Neçə ruham.. neçə bədənəm...
Parçalanıram qırıq güzgü parçası kimi..
Gəl tamamla "yapbozumu"
sev məni hər qadında birşeyi sevdiyin kimi.
Gözlərimi sev mənzilin olsun
əllərimi sev ananı xatırlatsın sənə.
Dizlərimi sev
Sinəmi sev, dincelsin dodaqların
Sev bu qadını
bədən ver, ruh ver mənə
Tamamla kimliyimi
Ya da burax get ...nəsə
Anlamsızdır sənsiz həyat
Başladığım yerdə bitirəm
YAŞAMAĞA MÖVZU YOX
ŞEİR -ŞEİR ÖLÜRƏM!!

YALQUZAQ

Yalquzağa dönəsən tənha gecədə,
İtəsən bozumtul dumanda, çəndə.
Elə öləsən ki...
Elə öləsən
Qalmasın Tanrının can borcu səndə.
Yumub gözlərini zülmətə tərəf,
Çırpıp kirpiyinin tozun alasan.
Yığıb vəfasızları
Köhnə qatara,
“Gedər-gəlməzlərə” yola salasan.
Gecə,
Səssizlik...
Nədir bu tənhalıq tutub əlimdən,
Nədir bu dilxorluq səsini kəsmir?
Divarda saadın milləri coşub,
Eyvandan özünü intihar edir,
Yağışın bakirə damlaları da.
Sevdiyim nə varsa dəyişib çoxdan,
Sənə bənzəyibdi sən gedən gündən,
Mən bilən şəhərin adamları da.
Qovsam gedən deyil,
Söysəm utanmaz,
Yaman arsızlaşır təkliyim yaman,
Sən məni anlarsan Göydə Tək Olan,
Gəl, gücün çatırsa yerdə tək dayan.

YUXU

Uzaq məsafələrin tozunu alıb ayaqlarım,
Sənə gəlmişəm ...qapındayam.
Qapındayam təngənəfəs,
Yorğun,
Və hüzurlu.
Döyürəm mənsizliyinin qapısın
Alacaqlı kimi.
Alacağım var səndən,
Umacağım var səxavətindən.
Dəvətsiz qonağınam
Dörd gözlə gözlədiyin.
Hər gecə bir siqaret yandırıb,
Pəncərə önündə bir pıçıltı harayıyla
adımı söylədiyin.
İndi evin mənim,
Ürəyin mənim
ən naməhrəm duyğuların
məhrəmim.
Sarılırsan,
Gözlərindən dəvət alıram:
-keç içəri
Dodaqların qaçırır səssizliyin yuxusun:
-Çoxmu üşüdün?
Xəfif bir təbəssümümlə təlaşlanır əllərin,
Çəkirsən nəfəsinə saçlarımın qoxusun.
-üşüdüm,sənə üşüdüm ömürpayım,
Sənsizlikdən yorulub arzularım...
Sarılırıq,
Soyub əynimi islanmış paltarlardan
Səni geyinirəm.
Susuz dodaqlarımı aldadıb öpüşlərinlə,
əllərimlə bədənini sevirəm.
Varlığında unuduram Tanrını,
ədalət qanunlarını,
sevgi prinsiplərini,
doğrularını.
Tək doğrum var gözlərimin önündə
Çırıl-çılpaq,
Tək cənnət var bizim üçün,əzizim,
Üzü cırmaq-cırmaq edilmiş isti yataq.
Sənin tabesiz tələsmələrinin ağrısın
Çəkir bədənim.
Alnında doğulan tərin süzülür yanaqlarımdan,
dodaqlarım payın alır səhralarından,
Qurumuş dodaqlarından.
Sahiblənmişik bizə,sahib çıxıb hər şeyimizə..
Get gəllər edirsən dəli kimi.
Yorğun düşürsən sinəmə,
Təngənəfəs verirsən hədiyyəmi,
Öpüb ürəyimin başından “SƏNİ SEVİRƏM “deyirsən...
Çalır saatın zəngi,
Diksinirəm yuxudan
Yoxa çıxırsan o an,
İnanmıram bütün bu yaşanan...
Sadəcə yuxuymuş oysa..
Saat 7:00,işə tələsmək vaxtıdı
Öpürəm yuxularından.


Baxış sayı - 2 501 | Yüklənmə tarixi: 31.07.2017 12:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031