DİM sədri magistraturaya qəbulun yekun nəticələrini açıqladı

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Əsədova magistraturaya qəbulun əsas və əlavə yerləşdirmə mərhələlərinin yekun nəticələri ilə bağlı paylaşım edib.
Bildirilib ki, magistraturaların boş qalan plan yerlərinə keçirilən əlavə yerləşdirmədə iştirak etmək üçün 1457 bakalavr müraciət edib. Onlardan 508 nəfər magistraturaya qəbul olunub, qəbul olunanların 82 nəfəri isə dövlət sifarişi əsasında təhsil alacaq.
Əsas və əlavə yerləşdirmənin nəticələrinə əsasən, bu il magistraturaya ümumilikdə 13 516 nəfər qəbul olunub. Onlardan 6579 nəfər dövlət sifarişi əsasında təhsil almaq imkanı qazanıb.
Qeyd olunub ki, bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti fərqli olub. Bəzi proqramlarda ayrılmış plan yerləri tam dolduğu halda, bir sıra istiqamətlərdə yerlərin 50 faizdən çoxu boş qalıb.
Məleykə Əsədova vurğulayıb ki, hər hansı proqram üzrə plan yerlərinin boş qalmasını həmin ixtisasa və ya sahəyə ölkədə ehtiyacın olmaması kimi qiymətləndirmək doğru deyil. Onun sözlərinə görə, qəbul planı ölkənin mövcud və perspektiv kadr tələbatı nəzərə alınmaqla müəyyən edilir və Nazirlər Kabineti tərəfindən təsdiqlənir.
DİM sədri həmçinin qeyd edib ki, bəzi proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı əvvəlcədən ayrılmış plan yerlərinin sayından az olub. Bu səbəbdən həmin proqramlarda plan yerlərinin tam dolmayacağı müsabiqədən əvvəl də məlum idi.
“Magistraturaya qəbulun nəticələrini təhlil edərkən yalnız neçə plan yerinin dolduğuna deyil, həmin sahə üzrə müəyyən edilmiş kadr tələbatına, ayrılmış plan yerlərinin sayına və müsabiqədə iştirak etmək hüququ qazanan bakalavrların sayına birlikdə baxmaq daha düzgün mənzərə yaradır”, – paylaşımda bildirilib.
Məleykə Əsədova qəbul olunan bakalavrları təbrik edərək, magistratura təhsilinin onlar üçün seçdikləri sahədə biliklərini dərinləşdirmək, yeni bacarıqlar qazanmaq və peşəkar istiqamətlərini daha dəqiq müəyyənləşdirmək baxımından faydalı mərhələ olacağına ümid etdiyini bildirib.
Qəbul olunanlara xatırladılıb ki, magistraturaların boş qalan plan yerlərinə qəbul olmuş şəxslər 3 sentyabr saat 15:00-dan 9 sentyabr saat 18:00-dək elektron qaydada my.gov.az platformasında qeydiyyatdan keçməlidirlər.