manera.az
manera.az

Heyran etmək üçün nə etməli? - BİR GÖRÜŞ HAQQINDA | MANERA.AZ

Heyran etmək üçün nə etməli? - BİR GÖRÜŞ HAQQINDA | MANERA.AZ
Andre Morua

Həmin axşam mən «Komedi-Fransez»də tək deyildim. «Cəmi-cümlətanı Molyeri göstərirdilər», amma çox böyük uğurla. İranın hökmdar qadını ürəkdən gülürdü; Rober Kemp, deyəsən, həzz alırdı; Pol Leoto bütün diqqətləri özünə cəlb etmişdi.

Bizim böyrümüzdə əyləşmiş xanım öz ərinin qulağına pıçıldadı: «Zəng vurub Klemanse xalama deyəcəyəm ki, Leotonu görmüşəm, o, buna çox sevinəcək».

Siz şimal tülküsünün xəz dərisinə bürünərək qabaq sırada oturmuşdunuz və mənim gözlərimin önündə Müsse dövründəkinə bənzər «gözəl boyundakı qara hörük» yırğalanırdı. Fasilə vaxtı siz öz rəfiqənizə tərəf əyilib həvəslə soruşdunuz: «Necə etməli ki, sevimli olasan?» Bu vaxt, öz növbəmdə, mən də sizin tərəfə əyilmək və sizə Molyerin müasirlərindən birinin sözləri ilə cavab vermək istədim: «Başqalarının xoşuna gəlmək üçün onların ürəyinə yatan və onları məşğul edən məsələlərdən danışmaq lazımdır; gərək əhəmiyyətsiz şeylər barədəki mübahisələrdən vaz keçəsən, nadir hallarda nəsə soruşasan və heç bir halda onlardan ağıllı olduğun barədə şübhələnmələrinə əsas verməyəsən».

Bax budur insanlara bələd olan, onları tanıyan adamın məsləhətləri! Bəli, əgər biz başqaları tərəfindən sevilmək, onların rəğbətini qazanmaq istəyiriksə, onda həmin adamlarla bizi məşğul edən şeylərdən deyil, onları məşğul edən şeylərdən danışmağımız lazımdır. Bəs onları məşğul edən nədir? Elə onlar özləri. Biz heç zaman qadını darıxdırmarıq – əgər qadınla onun xasiyyəti və gözəlliyi barədə danışsaq, əgər ondan uşaqlığı, zövqləri, yaxud onu kədərləndirən şeylər haqqında soruşsaq. Siz də heç zaman kişiləri darıxdırmazsınız – əgər özü barəsində danışmasını ondan xahiş etsəniz. Neçə-neçə qadın özünə mahir dinləyici olmaq şöhrəti qazandırıb! Belə baxanda heç məxsusi olaraq dinləməyə də elə bir ehtiyac yoxdur, yetər ki, yalnız özünü qulaq asırmış kimi göstərəsən, vəssalam.

«Əhəmiyyətsiz şeylər barədə mübahisələrdən vaz keçmək». Unutmayın ki, kəskin tonla ifadə edilən dəlillər müsahibi özündən çıxarır, ələlxüsus da haqq sizin tərəfinizdə olanda. «Hər cür haqlı irad adama toxunur», – Stendal belə deyirdi. Sizin müsahibiniz, ola bilsin ki, dəlillərinizin təkzibolunmazlığını lap
etiraf da etməli olsun, ancaq o, bunu sizə heç zaman bağışlamayacaq. Sevgi məsələsində kişi hərbə yox, sülhə can atır. Zərif və mülayim qadınlar xoşbəxtdirlər, belələrini daha çox sevəcəklər. Kişini qadın təcavüzkarlığı qədər heç nə özündən çıxartmır. Amazon qadınları ilahiləşdirirlər, amma evmirlər.

Xoşa gəlməyin başqa, tamamilə ləyaqətli bir üsulu – adamlar haqqında yaltaqcasına tərif söyləməkdir. Əgər bu təriflər onlara çatdırılsa, ürəklərindən xəbər vermiş olacaq və cavabında onlar sizə rəğbət bəsləyəcəklər.

– Xanım filankəs... mənim ürəyimcə deyil, – kimsə söylədi.

– Çox təəssüf! Amma o, sizi çox məlahətli və cazibədar hesab edir, özü də bunu hər kəsə deyib, hər yerdə tərifinizi göyə qaldırır.

– Nə danışırsınız?.. Belə çıxır ki, mən onun barəsində yanlış fikirdə olmuşam.

Bunun əksi də doğrudur. Bəd niyyətlə deyilmiş bircə kəlmə acı söz, tikanlı ifadə kinli düşmənlərin yaranmasına səbəb olur. «Əgər biz hamımız hamımızın haqqında deyilənlərin hamısını bilsəydik, onda heç kim heç kimlə danışmazdı». Amma bəla orasındadır ki, hamının hamı barədə nə danışdığını gec-tez hamı öyrənir.

Laroşfukoya qayıdaq: «Heç bir halda onlardan ağıllı olduğun barədə şübhələnmələrinə əsas verməmək». Bəyəm eyni vaxtda həm kimisə sevmək, həm də ona pərəstiş etmək mümkün deyilmi?

Əlbəttə ki mümkündür, amma bir şərtlə – əgər həmin adam öz üstünlüyünü təkəbbürlə ifadə etmirsə və öz növbəsində, bu üstünlük başqalarına onu himayə etməyə imkan verən xırda zəifliklərlə tarazlıq təşkil edirsə. Mənim tanıdıqlarımın arasında ən dərrakəlisi olan Pol Valeri öz ağlını son dərəcə sadə
şəkildə üzə çıxarırdı. O, dərin fikirləri zarafat formasına salırdı; ona həm uşaqlıq xas idi, həm də onu qeyri-adi dərəcədə ürəyəyatımlı edən şıltaqlıq. Son dərəcə ağıllı olan başqa birisi isə həm də çox ciddi və əhəmiyyətli adamdır, di gəl ki dostlarını öz qeyri-iradi lovğalığı, huşsuzluğu, yaxud hansısa icbəsərliyi ilə əyləndirir. Talantlı olduğuna görə bunları ona keçirlər, çünki hədsiz məzəli olur; sizə də gözəl olduğunuza görə hər şeyi bağışlayacaqlar, çünki siz özünüzü çox sadə aparırsınız. Əgər qadın kişinin insan olduğunu yaddan çıxartmasa, belə qadın hətta dahi insanın da zəhləsini tökməyəcək, onu heç vaxt boğaza yığmayacaq.

Necə etməli ki, sevimli olasan? Heyran etmək istədiyiniz adama özündənrazı olmağa tutarlı dəlillər verməklə. Sevgi başqa insanın xoşbəxtliyi ilə çulğaşan şəxsi gücün xoş duyğusunu hiss etməkdən başlanır. Xoşa gəlmək – həm bəxşiş vermək, həm də onu qəbul etmək deməkdir. Ey mənim qəlbimin
yad qadını (ispanlar demiş), bax mən sizə belə cavab vermək istərdim. Bura daha bir məsləhət – sonuncu məsləhət – əlavə edirəm, həmin məsləhəti öz yad qadınına Merime verib: «Heç vaxt özünüz haqqında pis şey danışmayın. Bunu sizin dostlarınız edərlər».

Əlvida.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930