manera.az
manera.az

"Mükafatlar yazıçı üçün stimuldur"- Kənan Hacı "Söz adamı"nda

"Mükafatlar yazıçı üçün stimuldur"- Kənan Hacı "Söz adamı"nda


Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir məna gətirir. “Söz adamı” layihəsinin ilk qonağı yazar Kənan Hacıdır.

"Mükafatlar yazıçı üçün stimuldur"- Kənan Hacı "Söz adamı"nda


- Uzun zamandır mətbuatda, ədəbi mühitdə öz imzanızla tanınırsız. Maraqlıdı, Kənan Hacının sözlə ilk tanışlığı nə vaxt və necə olmuşdur?

- Sözlə ilk tanışlığım anam vasitəsilə olub. Hələ məktəbə getməzdən əvvəl bütün hərfləri mənə öyrətmişdi. Birinci sinfə gedəndə mən artıq sözləri yaza bilirdim.

- Niyə məhz ədəbiyyat? Başqa sahələrdə özünüzü sınamısınızmı?

- Çünki gözümü açandan evimizdə kitab görmüşəm. Anam dil-ədəbiyyat müəllimi olub, mənə ədəbiyyatı o sevdirib. 8-9 yaşım olanda məni kənd kitabxanasına aparıb üzv elətdirmişdi. 9 yaşında artıq “Koroğlu” dastanını oxuyub bitirmişdim. Sözdən əlavə rəssamlıqla çox maraqlanırdım. Uşaqlıqda rəssam olmaq istəyirdim. Həyat belə gətirdi ki, rəssam yox, yazar oldum.

- “Yağ kimi”, “Özündən qaçmaq olmur” ,“ Uzaqdasan, soyuqdur” kimi maraqlı kitablarların müəllifi olan Kənan Hacının sözdən, ədəbiyyatdan bir gözləntisi, bir umacağı varmı?

- Biz söz sənətiylə məşğuluq və bu sənət də mütləq bizi yaşatmalıdır. Bəziləri çox yanlış olaraq bu fikirdədir ki, yazıçı ac qalmalıdır, pul haqda düşünməməlidir. Bu cür düşünən insanları mən heç cür anlaya bilmirəm. Realist olmaq lazımdır, çox vaxt bizə deyirlər ki, siz yazdıqlarınızdan nəsə qazanmırsınızsa, niyə yazırsınız? Bu, dəlilikdir. Bu mənada yazdığı əsərlər mütləq yazıçıya maddi fayda gətirməlidir. Bütün dünyada belədir. Bizdə kitab industriyası hələ tam inkişaf etməyib, reklam, marketinq işi tam formalaşmayıb. Bu sahəni inkişaf etdirmək lazımdır ki, yazıçı kitablarından qazanc əldə edə bilsin. Umacağımız budur.

- Bu söz dünyasında itirdiyiniz və qazandığınız nələr olub? Heç peşman olubsunuzmu söz adamı olmağınıza?

- Siz məndən müsahibə alırsınızsa, bu, mənim qazancımdır. İtirdiklərimdən isə danışmayaq.

- Müasir Azərbaycan ədəbiyyatında hansı uğurlar əldə olunub son zamanlar? Sizin üçün söz aləmində uğur nə deməkdi?

- Ən əsası, bizim nəsil, iki minincilər özlərini tam təsdiq edə bildilər. Ortada kifayət qədər samballı əsərlər var. Bizim ədəbi nəsil ədəbiyyata İlqar Fəhmi, Şərif Ağayar, Sevinc Elsevər, Aqşin Yenisey kimi parlaq imzalar bəxş etdi. Sonrakı nəsildən Qan Turalı, Mirmehdi Ağaoğlu, Qismət və digərlərinin yazdıqları şəksiz, ədəbiyyatımızın uğurudur. Mənim üçün uğur yaxşı əsər deməkdir.


- Bu yaxınlarda yeni kitabınız çap olundu . “Fironun dəftəri” adlı roman oxucular üçün hansı yenilikləri vəd edir? Söz anlayanlar üçün hansı mətləblərə yer ayrılıb?

- Romanda keçid dövrünün insanı və onun ağrıları təsvir olunub. Əsərin qəhrəmanı öz içindən qaçqın düşmüş adamdır və cəmiyyət ona kömək etmək əvəzinə onu uçuruma sürükləyir. Burda dövrün mənzərəsi də öz əksini tapıb. Oxucular romanda 90-cı illərin əvvəllərindəki xaos dövrünü görə biləcəklər. Firon bu keçid dövrünü adlaya bilməyən və məhv olan bir insandır. Mən həm də o dövr insanının ümumiləşdirilmiş obrazını təqdim eləmişəm.

- Kənan Hacı həm də öz şeirləri ilə ədəbi mühitdə öz sözünü deyib. Şeirlərinizin konkret ünvanı varmı?

- O şeirləri oxuyanların çoxu mənə yazırlar ki, siz elə bil mənim taleyimi yazmısınız. Xüsusən də gənc xanımlar belə düşünür. Şeirin ünvanı ürəkdir də. Oxucu özünü o şeirdə görə bilirsə, demək şeir ünvanını tapıb.

- Təbiət və söz. Bu iki anlayış sizin üçün nə deməkdir?

- Söz də təbiətin bir parçasıdır. Təbiət sözünü yağışıyla, küləyilə deyirsə, şair də öz hislərini sözə çevirir. Söz də təbiət kimi əzəlidir, təbiətdə olan xüsusiyyətlər sözün də fitrətində var. Təbiətlə söz vəhdətdədir. Sözün özü elə ayrıca bir təbiətdir.

- “Bu ömür alınmadı” deyir Kənan Hacı. Bəs Kənan Hacı o dünyaya inanırmı?

- O sözü kritik məqamda demişəm. Bəlkə də alınıb, bəlkə də yox. Bu suala məndən çox siz cavab verə bilərsiniz. Siz deyəndə həmkarlarımı, oxucuları nəzərdə tuturam.

- Dünya ədəbiyyatından kimlərin adlarını qeyd edə bilərsiniz?

- Rus ədəbiyyatından Tolstoy, Dostoyevski, Puşkin, Qoqol, Andrey Platonov, Pelevin, Aksyonov, Latın Amerikası ədəbiyyatından Varqas Lyosa, Markes, alman ədəbiyyatından Hesse, Tomas Mann və sair və ilaxır. Markes söz cadugəridir. Türk ədəbiyyatından Əhməd Həmdi Tanpınar, Oğuz Atay, Orxan Pamuk sevdiyim yazıçılardır. Türk şeirinin nəhəngləri Nazim Hikmət, Orxan Vəli, Cemal Sürəyya, Edip Cansevər, Ahmet Arif, Özdəmir Asəf, Can Yücel, Cahit Sıtkı Tarancı... Müasir türk yazıçılarından isə Murat Menteşi və Hakan Gündayı xüsusi qeyd etmək istəyirəm.

- Ədəbi mükafatlara və adlara münasibətiniz?

- Çox normal. Mükafatlar yazıçı üçün stimuldur. Dünyanın hansı yerində yazıçı mükafatlar almır ki?

- Ölüm haqqında düşüncələriniz...

- Ölüm insanın bir ömür boyu gözlədiyi və gələcəyinə inanmadığı labüd sonluqdur.

- Söz haqqında sözünüz...

- Sözün peyğəmbəri Nizami yazır ki:

Söz eşqin lüğətində öz canımızdır bizim,

biz sözük, bu bədənsə eyvanımızdır bizim.

Tural Cəfərli
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728