manera.az
manera.az

Bətnimdəsən bir əsrdir- Xəyalə Əliyevanın şeirləri/ MANERA.AZ

Bətnimdəsən bir əsrdir- Xəyalə Əliyevanın şeirləri/ MANERA.AZ


Manera.az Xəyalə Əliyevanın şeirlərini təqdim edir.
***

Bura məhbəsdi
zülmətə dəfn edilib yaşamaq yanğısı ilə torpağı qazan,
ölü bildiyinəm...
barmaqlarım qan içində
bəyaz libasım qan qırmızı
Bura soyuqdur.

Buz divarlara cəhənnəm müjdəsi bəs etmir, dost
bir otaqlıq təklik buz kəsir əllərimi
Bir nəfəslik istilik sadəcə on barmaqlıq səadətdi.

Üşüyürəm,
Kürək söykəyəcəyim bir can yoxdu
Hamı kardı, hamı laldı bu viranada
Bilirsən...!? Kürəyimə divar iz salıb.
O izdən yoluxmuşam çürüməyə
qaçmaq istəyirəm bu xarabadan.

Barmaqlarım qan içində bəyaz libasım qan qırmızı
40-ci gündü, son gündü, dost!
Gələn yoxdu
Məni divar təsəlli edir.
Kürəyimə söykəyir ürəyini
Bilirsən divarın da ürəyi var.
Düz sözümdü!
Hiss edirəm
Sığındıqca ona, isinirəm
Bilirsən?! Divarın da dişi var məni çeynəyib udur
ciddi sözümdür,
hiss edirəm zərrə zərrə yox oluram.

Tələs, dost!
Tələs, ziyarətimə gəl!
Varlığımda açmağa unutduğun qollarınla mənə bir ömürlük əlvidayla sarıl.
Bağışla,
Bura məzardı
Lənətə gəlsin,
Çıxış yoxdu.
And olsun ki,ayrılığa
yoxsa qalxıb,
məni öldürən yoxluğuna,
diriləcəm ümidi ilə sarılardım.

Bilirsən? divarın ürəyi yox idi
döyünən mənim ürəyim idi, dost,
divar mənim ürəyimi udmuşdu .
40-cı gün son gün idi.
Heç kim döymədi baş daşımı, dost.
Sən də gəlmədin.
Bu böyüklükdə ölüm bir ziyarətə dəymədi.
Dəymədi, dost
Daha dost libasını soyun, dost.
***

Getdiyim ərəfədə sağollaşmadığım insanlar oldu,
bir “sağ ol”a sığmayan sarılmaqlar,
bir nəfəslik öpüşlər, bir payızlıq sevgilər...
o birlər çıxdı sonumuza...
Əlvida deyə bilmədiyim gözlərdə
bəbəklərim böyüyüb qara dəliyə çevrildi
ve gözlərimdəki işığı da beləcə söndürdü....
Son xatirəyə çevrilməyim deyə qaçdığım üzlər oldu,
xatirə olmaqdan yoruldugum...
hərarətini hiss etməkdən qorxduğum
əllərdən asdım əlvidalarımı…
Bağrıma basıb hönkürmək istədiyim insanlar da oldu...
Onlara da bir köks ötürüb uzaq durdum,
iz salmaqdan qorxdugum həyatlara
zülmətdən baxdım ki, kölgəm belə düşməsin yollarına.
Lap uzaqlardan əl sallamaq istədim
əlimin əllərə qaçmasından yorulub
onu da gah qoynuma, gah da dizlərimə tikdim...
Uzaqlardan boylandim yaxınlara,
boylandıqca boyum qısaldı,
uzaqların qısası oldum,
qısaldıqca gözdən itdim,
itdim ki, təkliyim çoxluqla dolmasin...
10-acan sayıb qaçıb gizləndim,
gizləndiyim yeri unutdum,
daha özümü də tapmadım.
Mən iz salmaqdan qorxduğum həyatlar üçün
gizləndiyim yeri unutdum,
unutdum ki, əlvida deyə bilmədiyim gözlərdə
gizlənqaç oynayan uşaq kimi qalım...
“Alma desəm gələrsən,
armud desəm gəlməzsən” deyənim olmadı…
və gizləndiyim yerdə beləcə, unuduldum...
Bətnimdəsən bir əsrdir...
Yad qadından olan adam,
bətnimdəsən bir əsrdir,
lap uzağa getsəm belə,
böyüyürsən hər keçən gün...
Gileylənmə gedişimdən,
bu gediş də gediş deyil,
yüz illik bir tənhalıqdır,
bizim tənhalığımız belə
Ayrılıqdan qalan vərdişdir...
Kürəyində yükün kimi,
dizlərində gücün kimi,
əllərində ovcun kimi sıx,
dərində saxla məni…
Necə deyim unut getsin?
Yox, unutma!
Allah haqqı, Quran haqqı
bir günlük yoxluğun bir əsrə bərabərdir...
***

Hüzün Rəngi

Heç bilirsən?
Unudulmaq qorxusudur
saçlarıma hüzün çəkən,
kim desə ki, siyah olur kədər rəngi,
sən inanma, gözüm nuru,
saçım kimi bəyaz olur hüzün rəngi...

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930