Rövşən AbdurəhmanlıOrta statistik hər azərbaycanlı ailəsində mütləq bir "ənənə" var. Ata və ana övladlarının və ya öz valideynlərinin yanında sevgidən danışmazlar. Məsələn, ailənin digər üzvləri qarşısında bir kişinin xanımına xitabən "sevgilim, bu gün çox gözəl görünürsən" deməsi ayıb sayılır.
Və yaxud, bizim ölkədə xanımına "bu paltar sənə gözəl yaraşır " deyən kişi tapmaq müşkül məsələdir. Amma "bu, nə paltardır geyinmisən?! Get , soyun " deyən kişini axtarmağa ehtiyac yoxdur. O, elə özümüzük.
Biz sevginin nə olduğunu çətin anlayırıq. Ən yaxşı halda onun əsl mahiyyətini 25 yaşdan sonra dərk edirik. Hətta, o zaman belə "sevgi" sözünü qorxa-qorxa işlədirik. Elə utanırıq ki... Sanki, hansısa böyük yalanın ilk kəliməsini dilimizə gətiririk. Halbuki, öyrənəcəyimiz ilk şey sevgi olmalıdır.
Əksəriyyətimiz , oğlanlı-qızlı "sevgi pisdir", "sevmək olmaz", "kimisə sevsən, səni öldürərəm ", "sənin sevən yaşın deyil ", " atan bilsə, ikimizi də silər " kimi sözlərlə böyüdük. Açıq - aşkar bizə " nifrət et " deyilməsə də, dolayısıyla buna təhrik olunduq. Sevgini nifrətlə əvəzlədik. Məhz, indi sevə bilməyənlər və sevilməyənlər bunun əziyyətini çəkir.
Sevgi insana güc verir, əsla güc almır. Sevgi qanadlandırır, həvəsləndirir, ruhlanır. Həyat eşqi, enerji, adrenalin qazandırır. Onun barəsində "xof" yaratmaq isə bədbəxtlikdən başqa heç nə gətirmir. Gələcəyi məhv edir.
Sevgi təkcə romantika deyil. Bütün davranışlarımızın, əməllərimizin fövqündə bu hiss dayanır. Bütün yaxşılıqlar sevginin əsəridir. Ona görə də övladlarınıza uşaqlıqdan sevməyi öyrədin. Ən əsası bunu sevgiylə edin. Əks halda, bəşəriyyət şərə uduzacaq.
Nə qədər gec deyil, alt şüurumuzda qəlibləşən sevgiyə nifrət etdirən kəlimələri ataq. Bütün varlığımızla sevgiyə qucaq açaq.
MANERA.AZ
Baxış sayı - 1 919 |
Yüklənmə tarixi: 12.03.2017 21:09