Amerikalı yazar Uolt Uitmanın qeyri-qanuni intiqam hekayətini qələmə aldığı fantastik və əyləncəli qısa əsəri "Viktorian Nyu-York Sunday” qəzetinin arxivindən tapılıb. Vaxtilə nəzmdən nəsrə keçən ədibin "Həyat və Macəralar” ("The life and adventures”) adlı bir romanı mənbələrdə göstərilsə də, indiyə kimi onun motivi, süjeti, janrı haqqında hansısa bir məlumat əldə etmək mümkün olmamışdı. Qəzetin arxivindən tapılan mətnin də Uolt Uitmana aid olması konkret bir imza ilə təsdiqlənmir, çünki tapılan mətn "anonim” imzalıdır. Mətn dərhal Konqres kitabxanasından Uitman ədəbi irsinin araşdırmaçısı, mütəxəssis Ed Folsoma göndərilib. Folsom mətnin analizindən sonra verdiyi açıqlamada bunları vurğulayıb: "Mətn Uitmanın yaradıcılığının hələ ilk illərində qələmə aldığı nəsr əsərlərinin üslubuna çox yaxındır. Əyləncə və fantastika Uitmanın bir nəsr əsərində ən çox axtardığı cəhətlər olub. Baxmayaraq ki, əsəri oxuduqca tanıdığımız və bələd olduğumuz müəlliflərin özünəməxsusluqlarını xatırlatmayan cəhətlər də meydana çıxır, amma mən bu əlyazmanın Uitmana aid olduğuna əminəm”.
Hyuston Universitetinin professoru Zakari Turpin tərəfindən tapılan roman 1852-ci ildə adıçəkilən mətbu orqanda silsilə şəklində dərc olunub. 1855-ci ildə isə müəllifin "Qrasın yarpaqları” epik şeiri elə həmin dərgidə öz imzası ilə işıq üzü görüb. Turpin Jek Enqlin sərgüzəştlərindən bəhs edən bu romanı "əyləncəli, ümid dolu, yaradıcı, hiyləgər, təəccübləndirən balaca kitab” olaraq təsvir edib. Turpin əsər haqqından danışarkən əlavə edib ki, bu əsərin kimə aid olması ilə bağlı müəyyən müzakirələr aparıla bilər, amma: "Əsərin girişi və sonluğu birmənalı şəkildə cənab Uitmana aiddir. Bu Dikkensvari ədəbi manevrlər heç kimdə Uitmanın əsərlərindəki qədər özünü qabarıq büruzə verməyib. Mən əsərin dərhal "Uitman ədəbi irsi və əlyazmaları kataloqu”-na daxil edilməsinin tərəfdarıyam. Həmin kataloqda müəllifin müxtəlif illərdə qələmə aldığı əsərlər, əlyazmalar, qeydlər var. Əminəm ki, orada bu kiçik xəzinə haqqında gözdən qaçmış bir detal, məlumat hökmən tapılar”.
artkaspi.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.