Tanınmış şair İbrahim Göyçaylının xatirəsi anılıb

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış şair və jurnalist, Əməkdar İncəsənət Xadimi İbrahim Göyçaylının 80 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil olunub.
Respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə qonaqlar şairin həyat və yaradıcılığının əks olunduğu fotosərgiyə baxıblar. Sonra İbrahim Göyçaylının ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxış edərək şairin həyat və yaradıcılığından danışıb.
Filologiya elmləri doktoru, professor Vaqif Yusifli şairin yaradıcılığını yüksək qiymətləndirərək onunla bağlı xatirələrini bölüşüb.
Yazıçı-publisist Aqşin Babayev çıxış edərək şairin həyatı boyu daim yaradıcılıq axtarışında olduğundan danışıb, onunla bağlı xatirələrini bölüşüb.
Daha sonra şairin şeirləri səsləndirilib.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə şairin şeirlərinə bəstələnmiş mahnılar gənc və tanınmış sənətkarlar tərəfindən ifa olunub.