Nəsibə Zeynalovanın 100 illiyi qeyd olunub
Noyabrın 24-də Dövlət Musiqili Teatrında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq Artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində sənətkarın yaradıcılıq yolundan bəhs edən fotosərgiyə baxıblar.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev milli mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş korifey sənətkar, fitri istedadı ilə xalqımızın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz iz qoymuş, parlaq yaradıcılıq yoluna malik olan Nəsibə Zeynalovanın ömür yolundan və yaradıcılığından danışıb.
Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermedialarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 1960-cı ildə Əməkdar Artist, 1967-ci ildə Xalq Artisti fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Dövlət mükafatı alıb.
Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemət N.Zeynalova ilə bağlı xatirələrini bölüşüb və onun sənətinin əbədiyaşarlığından söz açıb. O, Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən Nəsibə Zeynalovaya həsr edilən “Ömrün səhifələri” kitabının ilk nüsxəsini sənətkarın oğlu, görkəmli teatr və kino aktyoru, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzova təqdim edib.
Gecədə sənətkarın keçdiyi ömür yolu, yaratdığı rollar videomateriallar vasitəsilə bir daha iştirakçılara təqdim edilib. Aktyorların ifasında Nəsibə Zeynalovanın sənət dünyasından bəhs edən gülüş dolu səhnəciklər nümayiş olunub.