Sumqayıt Poeziya evində "Hüseyn Cavid Poeziya Günü" - MANERA.AZ
"Hüseyn Cavid Ədəbi Məclisi"nin və "Əli Kərim adına Poeziya Klubu"nun təşkilatçılığı ilə Sumqayıt Poeziya evində "Hüseyn Cavid Poeziya Günü" keçirildi. Tədbir şairin möhtəşəm “Kor ərəbin mahnısı” ilə başladı.
Tədbiri Poeziya evinin direktoru şair İbrahim İlyaslı açdı. Qeyd etdi ki, bu tədbir yeni açılmış Sumqayıt Poeziya evində mötəbər tədbirdi və şadıq ki, bu salonda ilk dəfə CAVİD ƏFƏNDİnin ruhunu şad edərək, onun sözünün işığına pərvanə olduq.
Sonra Sumqayıt Turizm İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək, bu görüşdən məmnunluğunu bildirdi. H. Cavidin xatirəsini yaşatmaq, gələcək nəsillərə çatdırmaq üçün belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğuladı və bundan sonra da bu poeziya evində bədii gecələrin keçirilməsinə şərait yaradacaqlarını qeyd etdi.
Çıxışı "Hüseyn Cavid Ədəbi Məclisi"nin sərdi, şair Kəmaləddin Qədim davam etdirdi. Öncə məclisimizin yaranmasının qısa tarixini xatırladaraq, bu günlərdə Azərbaycan Yazıçılar Birliyində “Cavid Poeziya Günləri”nin qeydiyyatdan keçməsi münasibəti ilə bütün məclis üzvlərini və Cavidsevərləri təbrik etdi.
Ulu öndər H.Əliyevin 1982-ci il sərəncamı ilə Şair, yazıçı və dramaturq Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin cənazəsini Uzaq Sibirdən Azərbaycana gətirənlərdən biri Həmid Cəfərov və Telman Əliyev öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Həmid Cəfərov şairin cənazəsinin yerini təyin etmələri, 30-40 dərəcə şaxtada onun məzarını necə açmaları, şairin məzarı başında onun 100 illiyi münasibətilə 100 yaylım atəşi açmaları barədə Sumqayıt ədəbi mühiti qarşısında geniş məruzə ilə çıxış etdi. Onun çıxışı çox maraqla qarşılandı. H.Cəfərov eyni zamanda həmin günlərdən çəkilmiş fotoşəkilləri və eksponatları nümayiş etdirdi.
Tədbir iştirakçıları sözü-musiqisi T. Əliyevə aid olan, Hüseyn Cavidə həsr olunmuşyeni bir mahnının sədaları altında şairin ruhunu yad etdilər.
Sonra söz tədbir iştirakçılarına verildi. Şairlərdən Ofelya Babayeva, Adilə Nəzər, Əşrəf Veysəlli, Aləm Kəngərli, Nizami Muradoğlu, Rafiq Oday, Zirəddin Qafarlı, Fərqanə Mehdiyeva, Faiq Balabəyli, Məryəm Aslanqızı, Aləmzər Sadiqqızı, Nadir Azaroğlu, Asif Asiman, Nəriman Zeynalzadə, Arzu Nehrəmli, Aida Eyvazlı, Etibar Qərib, Süleyman Sərraf, Firudin Şahbuz, Əli Əmirli, Xatirə Fərəcli, Ələsgər Talıboğlu, Kamil Məhərrəmoğlu, Hüseyn Sözlü, Allahverdi Məmmədli, Süleyman Hüseynov, Xaqani Əmini, Təbriz Quliyev, aktyor Nizaməddin Bağırov çıxış etdilər.
Tədbirdə gənc şairlərdən Elbrus, Ədalət Nicat, Lətifə Nuran, Oğuz Qələndərli, Şəhla Vahid, Sevinc Əliyeva, Aygün Yaşar və Poeziya evinin əməkdaşı, istedadlı gənc şair Elvin Əlizadə öz şeirlərini oxudular.
Anım mərasimi ulu öndər Heydər Əliyevin Cavid yaradıcılığına göstərdiyi xidmətlərinə ehtiram olaraq, sözü-musiqisi T. Əliyevə aid, Heydər Əliyevə və Hüseyn Cavidə həsr olunmuş mahnıların səsləndirilməsi ilə başa çatdı.
Sonda xatirə şəklləri çəkildi.