manera.az
manera.az

Başla, ya boşla... | MANERA.AZ

📅 20.09.2016 13:44

Başla, ya boşla... | MANERA.AZ
Sərdar Amin

“Hər şeydən əvvəl söz var idi...” Sonra səhifələr, daha sonra kitablar oldu.

“Fotosintez”i Timiryazev kəşf edib, bunu çoxumuz bilirik. Azərbaycanda Timiryazevin adına kənd var, bunu isə azımız bilirik. Fotosintez prosesinin nəyi kəşf olunub? Sadəcə orada gedən proses, yəni günəş şüaları altında yarpaq və otlarda qeyri-üzvi maddələrin üzvi maddələrə çevrildiyi bilinib. Bəs dünyada yetərincə qeyri-üzvi maddə və günəş enerjisi varkən alimlər niyə fotosintez yaradaraq zülal əldə eləyə bilmir? Ki, bizim canımız mal qara saxlamaqdan, mal qaranın da canı sağılmaqdan, kəsilməkdən qurtara. Üzvi maddələri zavodlarda, fabriklərdə yaradıb, gözəl-göyçək vegeterianlar kimi yaşayardıq, nəinki ətyeyən kimi.

Bu da azmış kimi bəşəriyyətin demək olar ki, bütün canlılarının canı üstündə durması üçün ən vacib olan nəfəs, oksigen fotosintezdə hasil olur. Deyilməkdən, eşidilməkdən, düşünülməkdən adiləşən möcüzə deyilmi fotosintez? (Bütün yazı adamları qələmə aldıqları həqiqətin daim müsbət tərəflərini qabardaraq bu yazını yazmaqda nə qədər haqlı olduqlarını gözə soxur. Gəlin bu yerdə postmodern bir çevrilmə edək, eyni mətni yazdığımız anda ağlımıza yazdıqlarımızın əksinə, hətta müəyyən mənada fikirlərimizi ifşa edəcək nüanslar gəldikdə, onları da həmin fikrin ardınca, mötərizədə qeyd edək. Məsələn, biz nəyə görə hər şeyi bu ali nizamın, yəni möcüzələri yarada biləcək varlığın xeyrinə düşünməkdən zövq alırıq? Bəlkə də əslində fotosintez prosesi olduqca lazımsız bir proses olub, hansısa bir dönəmdə yaranmaqla oksigen qazını təbiətə ötürərərək yer üzərindəki başqa bir qazla nəfəs alan bütün canlıları sıradan çıxarıb, biz isə sonralar bu prosesə uyğun yaranmışıq. Biz hansısa canlıların məhvinə səbəb olan bir yaramaz prosesə tabe olan, onun şərtləri altında, ona minnətdarlıqla yaşayırıq.)

Bu möcüzəni görməzlikdən gəlməyi bacaran bir varlığa - insana kitabın möcüzə olduğunu deməklə nə əldə etmək olar? Yaşıl-yaşıl ağacları, bənövşəyi qürub buludları, dağlardan dənizlərə, dənizlərdən yenidən zirvələrə qalxan suları, tikanlı kirpiləri-tərsinə yatan yarasaları kimi rəngarəng işarələri ilə insanlar üçün maraqlı olmayan bu dünya bizi öz sirrinə vaqif edə bilməyibsə, kitablar neyləyəcək? Bu qədər qoxulu, rəngli, dadlı, girintili-çıxıntılı işarələrdən bezən, onların dadını qaçıran, heç bir nəticəyə gələ bilməyən varlıq xırda-xırda, milçəyə, qurda oxşayan hərflərlə dolu sarımtıl kağızlar toplusunun nəyini sevəcək? Bu tüpürcəkli barmaqlarla əllənən işarələrdən hansı sehrə düşəcək, nə dərəcədə ciddi həqiqətə vaqif olacaq?
Birini qoyub birini danışım ki, bu realizmin modernizmə, modernizmin postmodernizmə calandığı, calandıqca absurdlaşdığı, absurdlaşdıqca da sevildiyi bir dönəmin oxucuları kimi bu mətnə az da olsa marağınız olsun.

Demək, bir gün qədim yunan mütəfəkkirlərindən olan Anaksimen şagirdi ilə gəzişərkən şagirdi ondan soruşur: “ay ustad, bu qədər elm öyrəndin, uzun ömür yaşadın, müdriklərdən dərs aldın, doğrudanmı sənin üçün hələ də naməlum şeylər qalıb?” Anaksimen çəliyi ilə yerdə biri böyük, biri balaca olmaqla iki dairə çəkir. Deyir, “bu böyük dairənin içindəki mənim bilgilərimdir, balaca dairənin içindəkilər isə, sənin. Kənarlarda qalanlar isə qeyri-müəyyənliklərdir. İnsan nə qədər bilgilərini genişləndirsə, bilgilərinin məchulluqla sərhədləri o qədər uzun olur. Gördüyün kimi mənim bilgilərim naməlum nəsnələrlə daha çox təmasdadır”.

Anaksimen deyir ki, sən nə qədər çox öyrənsən bir o qədər çox sualla qarşılaşacaqsan. Əgər daha çox suallarla qarşılaşacayıqsa, nəyə görə oxuyaq? Bizə daha çox sual lazımdırmı? Anaksimenin məşhur “dairə effekti”ni belə, tərsinə yozub, onsuz da suallar bitməyir, oxumaqla nə düzələcək, onsuz da çox oxuyanların axırda başı xarab olur deməklə bu həyəcanlı yoldan kənarda durmaq debillik deyilmi? Onsuz da yatağımıza girdiyimizdə bizi düşündürən yetərincə sual meydana gələcək. Cavabı tapılmayınca ömrümüzü yeyəcək bu suallar. Yaxşı olmazmı ki, gələn-gələn sualları tez cavablayaq. Ki, daha ciddi suallar çıxsın qarşımıza. Qarşısında düşünməyə daha çox vaxt itirdiyimiz suallar ciddi suallar olduqda insan itirdiyi zamanı, daha doğrusu keçirdiyi ömrü bada verdiyini düşünmür. Ciddi suallarla çarpışaraq yaşamaq daxilə zövq, xaricə şərəf verir.
Onsuz da, ömür özü axtarış deyilmi? Həqiqətin özü həqiqəti axtarmaq deyilmi? Var olmaq elə axtarmaq, yol getmək deyilmi? Nə qədər suallarımız çox olsa, həyat bir o qədər də potensiallı görünmürmü? Bir gün suallar bitsə, neyləyərik? Həyat intellektual oyun deyilmi? Mərhələ aşdıqca daha çətin suallarla qarşılaşırmımı insan? Bəs bu oyunun mükafatı nədir? Ölümmü? Yaşamadığımız bir şeyə – ölümə mükafat demək axmaqlıq deyil. Bu hər an ağrıya bilən, şişən, ağırlaşan bədən nəyimizə lazımdı ki? Ruhumuzun ora bura sürüklədiyi, tez-tez acan, acanda tükənənən sümük, ət, qan yığınından qurtulmağımız gözəl olmazdımı? Bəlkə ölüm doğrudan da ruhumuzu bu bədəndən çıxarıb müstəqil edəcək. Nə gözəl!
Ozon qatındakı “qara dəlik”lərdən xəbərsiz cahil də, həyatında bir “qara dəlik” tapıb mütləq kədərlənəcək. Hansı ki, bu qara qəpikə dəyməyən kədərlə yaşadıqda da o, bir həssas alimin qlobal istiləşmə qarşısında yaşadığı acizlikdə itirdiyi qədər enerji itirəcək.

Rəvayətə görə bir qrup turist gəlib bir tunelin qarşısına çatır. Tunelin başında əyləşən ağsaqqal onlara üzünü tutub deyir: “Bu tuneldən hər insan bir dəfə keçə bilər, içəri qaranlıqdır, ehtiyatlı olun. Sizə vacib bir sözüm var. Tuneldən keçərkən yerdəki çınqıldan götürüb cibinizə yığa bilərsiniz. Amma, onu bilin ki, açıqlığa çıxanda hamınız peşman olacaqsınız, çınqıldan götürənlər də, götürməyənlər də”.
Tuneldən keçərkən bəzi turistlər əl atıb bir neçə çınqılı cibinə salır. Digərləri düşünür ki, onsuz da peşman olacayıq, daş götürməyin nə anlamı var? Aydınlığa çıxdıqda cibinə çınqıl yığanlar tuneldə çınqıl deyib ayaqladıqlarının əqiq olduğunu görür və əqiqdən az götürdüklərinə görə xeyli peşman olurlar.”Çınqıl”dan götürməyənlərin peşmanlığını özünüz təsəvvür edin.

İndi özün seç: ya başla, ya boşla.

MANERA.AZ


Baxış sayı - 1 412 | Yüklənmə tarixi: 20.09.2016 13:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031