Bolqarıstanın vitse-prezidenti BSU-da olub... - MANERA
Bugün Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Bakı Slavyan Universitetində qonaq olub. Görüş çərçivəsində fəxri qonaq BSU-da fəaliyyət göstərən Bolqar dili və mədəniyyəti mərkəzi, o cümlədən mərkəzin kitabxanası ilə tanış olub, kitabxanaya yeni kitab hədiyyə edib.
Sonra M. Popova universitetin professor-müəllim heyəti və tələbələrlə görüşüb. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsində 2004-cü ildən fəaliyyət göstərən Bolqar dili və mədəniyyəti mərkəzinin əsas vəzifəsinin Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirməkdən və gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə marağını artırmaqdan ibarət olduğunu qeyd edib. Rektor BSU-nun Bolqarıstanın aparıcı elm və təhsil mərkəzləri ilə sıx əməkdaşlığından danışıb: ”Bolqarıstanın Sofiya Universitetində 2013-cü ildə Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılmışdır. Bolqar tələbələr sevə-sevə Azərbaycan dilini öyrənməyə maraq göstərirlər. Qeyd edim ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşəbbüsü ilə Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir”.
Marqarita Popova Bolqarıstanla Azərbaycan arasındakı siyasi-mədəni əlaqələrdən söhbət açıb, azərbaycanlı tələbələrin bolqar dili və mədəniyyətini belə tez və mükəmməl mənimsəməsinə, bu dilə göstərilən hörmət və qayğıya heyran qaldığını xüsusilə vurğulayıb. M. Popova Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söhbət açıb, sülhə nail olmaq üçün birgə işləməyin vacibliyini söyləyib. Bildirib ki, təhlükəli tendensiyalara qarşı birgə mövqedən çıxış etmək üçün hər zaman diqqətli olmaq lazımdır.
Tədbirdə Bolqarıstan parlamentinin millət vəkili Həmid Həmidovun “Müasir Bolqarıstanın etnik modeli” mövzusunda məruzəsi dinlənilib.
Qarşılıqlı maraq doğuran görüşün sonunda Marqarita Popova BSU-nun Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb, xatirə şəkli çəkdirib.
Aytəkin Qardaşova