Panço Pançevin əsəri Azərbaycan səhnəsində- TAMAŞA
17 17may 2015-ci il tarixində Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur bolqar yazıçısı Panço Pançevin əsəri əsasında "Dörd əkizin nağılı" tamaşası səhnəyə qoyuldu.
Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, Quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rəqslər və plastika üzrə mütəxəssisi Vüsal Mehrəliyevdir. Tamaşada Bolqarıstan səfirliyinin nümayəndələri - səfirin birinci katibi Nayden Pironke, onun xanımı və digərləri qonaq oldular.
Qonaqlarla söhbət zamanı tamaşanı çox bəyəndiklərini bildirdilər. Aktyorların rəqsləri, kostyumları, səhnə tərtibatı, seçilmiş bolqar mahnıları - hər bir detal onları olduqca məmnun edib. Tamaşadan böyük zövq alan bolqar qonaqlar Azərbaycan teatrında onların ədəbiyyatına, mədəniyyətinə verilən yüksək dəyərdən və həmçinin də bizim mədəniyyətə olan sevgisindən söz açdılar.
Bu günlərdə Bolqarıstanın da Opera və Balet Teatrında Azərbaycan müəlliflərinin əsərləri əsasında qoyulmuş operaların nümayişi olacağını və orada da mütləq iştirak edəcəklərini bildirdilər.
"Dörd əkizin nağılı" tamaşası çox uğurla səhnələşdirilmiş və tamaşaçıların ixtiyarına verilmişdir. Valideynlər uşaqlarını bu cür tamaşalara vaxt ayırıb mütləq aparmalıdırlar. Çünki uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin ədəbi, mədəni və dünya görüşlü olması üçün internetdən savayı, onları indidən kitab oxumaq, tamaşalar seyr etmək kimi vərdişlərinin də olması vacibdir.
Qeyd edək ki, 23 may 2015-ci ildə H.K.Andersenin əsəri əsasında "Çirkin ördək balası" tamaşasının premyerası olacaq.
XANIM AYDIN