Yeni jurnalı işıq üzü görəcək - “Multikulturalizm”
“Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəzərdə tutulan tədbirlər planı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalı bu günlərdə işıq üzü görəcək.
Azərbaycan Yaradıcılıq Fondundan MANERA.AZ-a verilən məlumata görə, jurnalda təkcə dövlət dilimiz olan Azərbaycan dilində yox, ölkəmizdə danışılan başqa dillərdə də yazılar təqdim ediləcək. Bununla da müxtəlif etnik toplumlar arasındakı dil-anlaşma maneəsinin götürülməsinə, xalqların qarşılıqlı ünsiyyətinin tərcüməçilərin inhisarından çıxarılmasına çalışılacaq.
Jurnalda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq-milli ideologiyanın kamil nümunəsi”, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin “Точная идеологическая чел-мултикултурализм”, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək…”, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycan multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur” məqalələri yer alıb.
Bundan başqa jurnalda tanınmış yazarlar-Nəriman Qasımoğlu, Şərif Ağayar, Aqşin Yenisey, Qan Turalı, Sevda Sultanova, Ramilə Qurbanlının müxtəlif mövzularda maraqlı yazılarını da oxuya biləcəksiniz.
Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. “Multikulturalizm” jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində quracaq.