manera.az
manera.az

"Şeytanın qənşərində" - Quran motivləri əsasında hekayə | MANERA.AZ

📅 12.05.2016 12:08

"Şeytanın qənşərində" - Quran motivləri əsasında hekayə | MANERA.AZ
MANERA.AZ Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin birgə layihəsi olan “Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri sırasında olan Rəşid Bərgüşadlının "Şeytanın qənşərində" hekayəsini təqdim edir:

Şeytanın qənşərində


Artıq 18 il idi ki, qapıbir mənzildə məskunlaşmışdılar. Qubadlıdan idilər. Ailənin ağsaqqalı Salman kişinin vətən sevgisi, torpaqlara qayıtmaq ümidi öləzimək bilmirdi. Qoca yeriyəndə elə bil özü boyda bir ələm yeriyirdi. Dərd onu o qədər cəngində çeynəmişdi ki, artıq onun sifətindəki qərib sevinci də düz-əməlli oxumaq olmurdu.

Həyətə düşəndə pilləkəndə çəliyinin səsindən əlbəəl duyuq düşərdim və onun qolundan tutub kömək etməyə girəvə gözləyirdim. O qədər duavsana edirdi ki, adamın bu alqışlardan ürəyi atlanırdı. O, hər şeyi eyni cür sevirdi – ot-əncəri, böcəyi, ağacı, insanları... Düşünürdün ki, bu dünyaya sevməyə, sevgi yolunda xərclənmək üçün gəlib. Xeyli simsar olmuşduq. Hərdən görəndə ki, həyətdəki skamyada tək oturub, bir bəhanəylə özümü yanına verərdim, fikrini dağıdardım. İki sözünün başı “vətən” idi, – “Xəbərlərə baxmamısan?” – soruşardı. “Yox. Niyə soruşursunuz ki?”. “Deyəsən bunların Qarabağı geri almaq niyyəti yoxdur” – alnı qırışlanardı.

80 yaşı haxlamışdı. Gözləri eyzan nəmli olardı – bilmək olmurdu, bu, tez-tez dəstəmaz almaqdan idi, yoxsa gözü elə-belə yaşarırdı – dəsmalı əlindən yerə qoymazdı. Cümə namazını yaxınlıqdakı məsciddə camaatla birgə qılırdı. Bir cümə məscidə getməyəndə yaşlı namaz dostları onlara toplaşar, oturub söhbətləşərdilər. Olduqca mütaliəli adamıydı, xüsusən gənc namaz yoldaşlarını dinin doğru səmtinə çəkməyi sevirdi. Sünnü-şiə mübahisəsinin qatı düşməniydi. Onun yanında kimsə məzhəb söhbəti etməzdi, dərhal onu susdurar – “Sünnü-şiə söhbəti salanlar fitnə törədənlərdir, Allahın qəzəbi onların üstündədir!”– deyib hirslənərdi. Amma bir gün özü bu davanın toruna düşdü.

Bir gün xəbər gəlir ki, – “İrandan bir alim gəlib, hamı yığışır, ağsaqqalımızsan, sən də gəl”. Salman kişi də geyinib-kecinib gedər məscidə. Ordan-burdan söhbət edib namaza əyləşəndə, iranlı molla əllərinin vəziyyətindən bilər ki, Salman kişi sünnü qaydası ilə namaz qılır. O qədər adamın içində kişiyə – “Sən sünnüsən, sənə bizim məsciddə namaz qılmaq olmaz. Sünni ilə birlikdə namaz qılmaq şiəyə yaramaz!”– deyə namazı dayandırır. Kişi pərt olur. Dindarların, ən yaxın namaz yoldaşlarının susması onu daha da acıqlandırır. Sən demə sünnilər bu məsciddən çoxdan ayaqlarını kəsibmişlər və Salman kişi təklənibmiş. Onsuz da səbirsiz olan Salman kişi gül ağzını açmış, nə açmış... İranlı molla ilə aralarındakı deyişmə bir müddət məhləmizin ən maraqlı mövzusuna çevrilmişdi:
– Sünni ilə şiənin fərqi nədir? – Salman kişi molladan soruşub.
Molla:
– Siz qolubağlı qılırsınız!
– Allah qarşısında qulun başı aşağı, qolu həmişə bağlı olar!
Molla:
– Siz Əliyə inanmırsınız!
– Yalansa, səni lənətə gələsən! Əmilərimin adı Əli, Dostəli, Hümbətəli, Məhəm-mədəli, Fətəli olub. İndi de görək, kimdir imam Əlini daha çox sevən, sən, ya mən? Bəsdir peyğəmbər ümmətini parçaladığınız!
– Onda niyə namazı Əli qıldığı kimi qılmırsınız?
– Əlinin necə namaz qıldığını görmüsən!? Bəs peyğəmbərimiz necə namaz qılırmış? Bir də ki, namaz qılmağın qaydasına qalsa, lənətlənmiş Firon özünü ayaqla-rından asaraq Allaha yalvarırmış, bunun isə mükafatını Allah-taala artıqlamasıyla ona vermişdi. Yetər ki, namaz qıl və namazında tək olan Allahı zikr elə!
– Uzatma, çıx məsciddən! – molla Salman kişinin üstünə çımxırır.
– Şeytanın oğlu şeytan, sənin o keçi saqqalına baxmaram, bu saat səni it kimi kötəkləyərəm! İrandan gəlib burada bizə “din dərsi” vermək istəyirsən!? Şeyx Nəsrullah kimi lotuluq etmək istəyirsən, Allahın lənətinə gəlmiş it!? Dur burdan elə rədd ol ki, tozun da qalmasın, murdar şeytanın oğlu! – deyə əlini çəliyinə atmış, onu tutub saxlayan namaz dostlarına isə – “Tfu sizin adamlığınıza, qoyun əzim bu şeytanın başını..! O gün birlikdə oxumurduqmu peyğəmbərimizin hədisini?! O demirdimi ki, – “Ümmətimin ən mərhəmətlisi Əbubəkr, dində ən sağlam olanı Ömər, ən həyalısı Osman, ən yaxşı hökm edəni isə Əlidir! Allahın, mələklərin və bütün xalqın lənəti, onlara kin saxlayanların üzərinə olsun. Allah təala onlara kin-kidurət edənlərdən uzaqdır, mən də uzağam!” – nə tez unutdunuz rəsulumuzun bu tapşırığını?! Axirətdə hamınızın yaxanızdan ikiəlli yapışacağam, sizi özüm rəsulullaha, ağam Əliyə şikayət edəcəyəm!”– deyərək bu məscidə bir daha ayaq basmamağa tövbə edib, çıxıb getmişdi.
Bu hadisə onu doğrudan da çox sarsıtmışdı. Artıq evdə namaz qılar, cümə namazına isə hərdən maşın düşəndə “Şəhidlər məscidinə” gedərdi. Qayıdanda isə – “Nə gözəl şeydi vəhabi, sünni, nurçu, şiə, nəqşibəndi ilə yan-yana namaza durmaq... Həm də necə pis mənzərədir din qardaşlarının – Məhəmməd ümmətinin məzhəblərə parçalandığını görmək, onların sənə nifrətlə zillənmiş gözlərinin içinə dik baxa bilməmək... Allah, sən özün bizə doğru yolu göstər, bizi sünnü-şiəyə bölənlərin cəzasını özün ver, sən bizə ağıl ver, şüur kimi qiymətli nemətindən düzgün istifadə etməyi öyrət bizə” – deyə dua edirdi. Bir dəfə danışırdı ki, – “Peyğəmbərimiz, çuxası üstündə yatmış pişiyi oyatmamaq üçün ətəyini kəsib ki, pişiyi yuxudan eləməsin. Görürsən necə ibrətamiz hərəkətdir? Biz isə, – “Vay, ay aman, qoymayın it, ya pişik mənə bulaşdı, dəstəmazım pozuldu!” – deyib, məscidlərin qabağından məsum heyvanları təpikləyib qovuruq. Sünnü vəhabini, şiə sünnünü görəndə az qala dəstəmazlarını pozulmuş hesab edirlər. Allah bəlasını versin məzhəb ixtilafı salanların. Əlini sevməmək imansızlıqdır, ancaq Allaha olan sevgini kimin xatirinə olursa-olsun parçalamaq, ən azı günahdır. Bədbəxtlikdir bizimki... Elə ən yaxşısını vəhabilər edir – bircə vurub-dağıtmaqları, ölüb-öldürməkləri olmasa – Allahdan başqa kimsəyə baş əymirlər... 5-6 peyğəmbərin adını güclə bilən biz müsəlmanlar qanmırıq ki, hələ 124 min peyğəmbərə inanmasaq da imandan çıxmış oluruq. Peyğəmbərləri bir yana qoyub, imamların üstündə bir-birimizin az qala qanını içirik...”
Son vaxtlar baldırları onu çox incidirdi. Qan damarları tromblaşmış, ilan kimi ayaqlarına sarılmışdı. Həyat yoldaşı 7 il öncə dünyasını dəyişmişdi. Di gəl ki, əsl dərdi vətən dərdiydi - Qubadlının yerini heç nə ilə doldura bilmirdi. Mobil telefondan başı çıxmasa da, hər ehtimala qarşı nömrəmi bir kağıza yazıb ona vermişdim. Birdən həyətdəki uşaqlardan xahiş edirdi ki, məni yığsınlar. Telefonu açırdım, – “Salman baba sənlə danışmaq istəyir” – deyirdilər. Danışırdıq, – “Evin antennasına nəsə olub, televizor yaxşı tutmur, yanında televizor varsa, “Xəbərlər”ə bax gör bir şey demirlər ki?”... – soruşurdu. “Nəsə vacib xəbər deməlidirlər?” – avam-avam soruşurdum. “Gör Qarabağdan bir şey demirlər, prezidentlər sabah Davosdu-mavosdu nədi, orda görüşməlidirlər”... Qocalar da körpə uşaqlar kimidir, ancaq, onlarla oynamaq istəyən azdır. Birdən sarı simə köklənəndə deyirdi ki, – “Oğul, bağışla ki sənə ərk eliyirəm. Bu şəhər mənə çox yaddı. Allah qismət eləsin, rayona qayıdanda əvəzini minqat çıxaram, mənə çox köməkdarlıq edirsən burda. Bircə o torpaqlara qovuşsam heç bir dərdim qalmazdı. Oyrəli rəhmətlik Hacı Kələntərin qəbrini ziyarətə getmişdik, qəbristanlığı qanqal teyxa alıb ağzına - elə bil qəbirdəkiləri tikanlı zindana salıblar – ətim ürpəndi. Allaha ağır getməsin, – torpaq Allahındı, amma heç burda basdırılmaq istəməzdim... Allah heç bir didərginə bu torpaqlarda basdırılmağı nəsib eləməsin. Qoy qocalıb qay-tana, yumağa dönək, amma vətəndə torpağa gömülək. Onsuz da torpaqlar alınana oxşamır. Birdən fikirləşirəm ki, eybi yox, qoy burda basdırsınlar, sonra qazıb yenidən rayona apararlar. Onda da, adımı “gorbagor olmuş Salman” deyib çağıracaqlar. Nəysə, şükür tanrının məsləhətinə.
Böyük oğlu onu həcc ziyarətinə göndərmişdi. Uşaq kimi sevinirdi, sanki yenidən doğulmuşdu. Bir-bir qonşuların halalığını alırdı. Məni bağrına basıb, - “Sənə çox ərk eləmişəm, bala, haqqını halal elə” – deyəndə qəhər məni boğdu. Elə bilirdim ki, birdəfəlik ayrılırıq. Sanki, doğma Qubadlısına qayıdır və onu bir daha görməyəcəyəm, məhlədəki skamyası boş qalacaq...
Hamının gedəni gəldi, Salman kişi həcc ziyarətindən dönmədi... Zəvvar dostu hacı Əfqan (Salman kişinin şiə dostu idi və o da məzhəb təfriqəsinin qatı əlehdarı idi) nağıl edirdi ki, – “Hələ Bakıda təyyarəyə minəndə cavan qohumunu həccə yolan salan biri qohumuna dedi ki, - “Əbubəkrə lənət duasını əzbərləmisənmi?”. Həccə gedən də dedi ki, – “Hə, narahat olma”. Salman kişi də bunu eşidib yolboyu dilxor olmuşdu. O, şeytanı daşlama mərasimində həmin oğlanı görür. Fikir verir ki, həmin oğlan dilinin altında imam Əbubəkrə lənət oxuya-oxuya şeytana daş atır. Salman kişi əlindəki daşları bir-bir həmin oğlana ataraq, – “Səni lənətə gələsən, məlun şeytan!” – deyib onu daşlayır. Oğlan qorxusundan aradan çıxmaq istəyəndə o da onun arxasınca düşür, onu daşlamaqda davam edir. “Ay müsəlmanlar, şeytan burdadır, boş divarı daşlamaqdan nə fayda, insan sifətinə girmiş bu şeytanı daşlayın!” – deyib qışqırırdı. Oğlanı güclə onun əlindən aldıq. Kişinin başına hava gəlmişdi elə bil. Bizim qafilənin hamısı onun başına toplaşmışdı. O isə əllərini göyə tutub, - “Qapında itin olum ya Əli, səni and verirəm Allaha, peyğəmbərə, dostların və silahdaşların Osmana, Ömərə, Əbubəkrə bu kafirin cəzasını sənə tapşırıram – özün ver bu murdar iblisin cəzasını...” İmanı olan adam da əziz peyğəmbərimizin sirdaşına, hər kəs Onu yalançı adlandırarkən Onu təsdiq edənə, hər kəs Onu sürgün edərkən Onu bağrına basana, hər kəs Onu öldürmək istərkən öz malını, canını, bədənini Ona fəda edənə, Bilalı Onun xatrinə azad edənə lənət oxuyarmı heç? Özü də şeytanın qənşərində!.. “Allaha və mənə düşman olmaq istəyən Əbubəkrə düşman olsun!” – peyğəmbərimizin hədisi deyilmi bəs bu!!!” – deyib bayılmışdı. Üç gün xəstəxanada yatdı yazıq. Qurban kəsimi üçün də pul göndərmişdi – özü gedə bilməmişdi. Son sözü də bu oldu ki, – “Lənətə gəlmiş iblis həcc ziyarətimi pozdu, qoymadı hacı adını alım...”

Bu yaxınlarda bələdiyyə işçiləri məhlədəki skamyaları yeniləriylə dəyişirdi. Köhnə skamyaları xurd-xəşil edib zibil maşınına tullayırdılar. Salman kişinin həmişə oturduğu skamyaya əl vurmağa qoymadım, - “İcazə verirsinizsə, bu skamyanı mən götürüm bağıma qoyum...”. “Götür, nəyimizə lazımdır ki...” – dedilər. Binanın qabağında balaca bir bağ qaralamışam. Skamyanı yaşlı əncir ağacının altına qoyub təzədən rənglədim, çatını-zədəsini təmir elədim. İndi hər dəfə bağa girəndə vətənə qovuşmaq üçün Allaha əl açıb yalvaran Salman kişini görürəm. Onun, vətənə qovuşa bilməməsi içimi hələ də göynədir. Həmişə deyərdi, –“Allah, gözəl Allahdır, adil Allahdır, hər nə eylər gözəl eylər”. Vətən dərdi onun dizlərini qatlaya bilmədi, onu məzhəb davası öldürdü. Tək olan Allah bilir, bəlkə də belə məsləhət imiş...
Yeri behişt olsun, yaxşı insan idi.


MANERA.AZ


Baxış sayı - 2 075 | Yüklənmə tarixi: 12.05.2016 12:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031