manera.az
manera.az

Xurşidbanu Natəvan və Xasay xan Usmiyev - Araşdırma

Xurşidbanu Natəvan və Xasay xan Usmiyev - Araşdırma
Vilayət QULİYEV

1845-ci il mayın 14-də Qarabağ hakimi Mehdiqulu xan Cavanşir (1772) ov zamanı atdan yıxılıb öldü.

Belçika əsilli macəraçı ispan polkovniki, 1820-ci ildə Qafqaz ordusunda xidmət edən və Mehdiqulu xanla Şahbulaqdakı mülkündə dəfələrlə görüşən Xuan van Halenin Qafqaz qeydlərində yazdığına görə, xanın hərəmində ümumilikdə 23 qadın vardı.

Onlardan dördü - Mehrəli bəy Cavanşirin qızı Xanxanım ağa, Qaraçöp oymağından Əhməd xanım qızı Saray xanım, Xoy hakimi Cəfərqulu xan Dünbülünün qızı Mahişərəf xanım və Gəncə xanı Cavad xanın nəvəsi Bədircahan bəyim (1802-1861) qanuni zövcə statusuna malik idilər. Amma ətrafında gözəl və sağlam qadınların bolluğuna baxmayaraq, Mehdiqulu xanın ilk və son övladı, rəsmi vərəsəsi - qızı Xurşidbanu yalnız 50 yaşının tamamında - 1832-ci il avqustun 15-də doğulmuşdu. Xana ata xoşbəxtliyi, Qarabağ xanlığına varis bəxş edən Bədircahan bəyim idi.

Atası öləndə Xurşidbanunun hələ 13 yaşı tamam olmamışdı. Amma buna baxmayaraq, həm Qarabağ elitası, həm də Qafqaz canişinliyi qızcığaza fəal ər axtarışında idi. Təbii ki, söhbət onun şəxsi xoşbəxtliyindən deyil, Qafqazın zəngin və gözəl guşəsinin - Qarabağ xanlığının gələcək siyasi taleyindən gedirdi.

Moskvalı tarixçi Eldar İsmayılovun zəngin fakt və arxiv materialları əsasında yazılmış "Knyaz Usmiyevlər Azərbaycanda" adlı araşdırmasından da göründüyü kimi, hələ Mehdiqulu xanın həyatda olduğu 1845-ci ilin əvvəlində Qafqaz ordusu Baş Qərargah zabiti, kapitan Prujanovski Qafqazın mülki hissə üzrə baş hakimi, general-adyudant A.İ.Neydqarta xidməti qeydində xanın yeganə qızının necə ərə verilməsi ilə bağlı məsələyə toxunmuşdu: "...Qarabağ bəyləri öz maraqlarını güdərək Mehdiqulu xanın qızının gələcək nikahında yaxından iştirak etmək istəyirlər. Mehdi xanın oğlu yoxdur. Yalnız 15 yaşında bir qızı var. İndiki halda həm xan özü, həm də bütün bəylər bu qızı hələ də İranda qalan xan ailəsi üzvlərindən birinə ərə vermək haqda düşünürlər.

Amma bir şərtlə ki, kürəkən həmişəlik Qarabağa köçsün, qayınatasının yanında yaşasın. Yalnız belə olduğu təqdirdə xanın mülklərinin irsən qızına keçməsi ilə bağlı hökumətin razılığını almaq barədə məsələ qaldırmaq mümkündür. Çünki Mehdiqulu xan İrandan qayıdandan (1806-cı ildə, atası İbrahim Xəlil xanın xaincəsinə qətlindən sonra Qarabağ elatından 4 min ailə ilə birlikdə Azərbaycanın cənubuna - Qaradağ mahalına köç etmiş Mehdiqulu xan yalnız 1822-ci ildə, Qafqazın baş hakimi Yermolovla əldə edilən razılıq əsasında geri dönmuşdü - V.Q.) sonra mülkləri şəxs olaraq özünə verilib, ölümündən sonra isə xəzinənin ixtiyarına keçməlidir. Mehdiqulu xan işi məhz belə həll edəcəyi ilə bağlı bəylərin qarşısında and içib. Onlar da sırf siyasi məqsədlərlə, gələcəyi göz önünə alıb nikah məsələsinə çox ciddi maraq göstərirlər.

Məqsəd ondan ibarətdir ki, sonuncu yerli xanın nəsli kəsilməsin. Əgər oğlu yoxdursa, kürəkəninə, yaxud nəvələrinə arxalanmaq mümkün olsun. Ən tədbirli Qarabağ bəyləri belə fikirdədilər ki, daim özlərindən kimsə onların başının üstündə olsun. Bu adamlara xanın İranda böyüyən, Rusiyanın qüdrəti, yaxud rus himayəsi altında olmağın faydası haqqındakı fikirlərə şübhə ilə yanaşan qohumlardan bir varis lazımdır. Rusların təsiri altında dəyişmiş, düşüncələrində və adət-ənənələrə münasibətində ruslara bənzəyən varis nə Mehdiqulu xanın özünü, nə də Qarabağ bəylərini təmin edir".

General Neydqart bu xidməti qeydi 1845-ci il martın 17-də hərbi nazir A.İ.Çernışevə göndərmiş, sonuncu isə aprelin 4-də imperator I Nikolaya təqdim etmişdi. Beləcə, hələ uşaqlıq aləmindən ayrılmayan Xurşidbanunun kiminlə ailə qurması məsələsi imperiyanın birinci şəxsi səviyyəsində müzakirə olunurdu.

Qarabağ xanlığında Rusiyanın mövqeyinin daha da möhkəmləndirməyə xidmət edə biləcək "rusların təsiri altında dəyişmiş" ən uyğun kürəkən qumuq əsilzadələrindən Xasay xan Usmiyevin (1808-1867) simasında tapılmışdı. Eldar İsmayılovun ehtimalına görə, artıq kapitan Prujanovskinin məktubu yazılanda, yəni hələ Mehdiqulu xanın sağlığında qızının gələcək əri kimi Xasay xanın namizədliyi ciddi şəkildə nəzərdən keçirilirdi.

Amma bu, o qədər də inandırıcı görünmür. Əvvəla 1845-ci ildə Xurşidbanunun məktubda göstərildiyi kimi, 15 yox, 13 yaşı vardı. Özlərini avropalı sayan rus idarəçiləri digər millətdən də olsa, bu yaşda bir qızın ərə verilməsinə müsbət yanaşmazdılar. Amma təbii ki, variantlar ətrafında müzakirə mümkün idi. Və belə bir müzakirə həqiqətən də aparılırdı. Qafqazın yeni canişini qraf M.S.Vorontsov (1782-1856) xan qızının və xanlığın varisinin şəxsi həyatını yoluna qoymaq məsələsində fəallıq göstərənlərdən idi.

Qafqazın şimalında və cənubunda yaşayan bu iki əsilzadə türk ailəsinin qohum olmasının qəribə bir mistik pərdə arxası da vardı. 1806-cı ilin iyulunda, Qarabağ xanlığı ilə Rusiya arasında tarixi Kürəkçay müqaviləsi imzalanandan az sonra qanlı faciə yaşanmışdı. Qafqazdakı 17-ci yeger alayının komandiri podpolkovnik D.T.Lisaneviçin (1778-1825) və mayor Curayevin (erməni) komandası altındakı kazaklar 35 nəfər kişi və qadın xidmətçisi, xanımlarından biri və 3 azyaşlı uşağı ilə Xankəndi yaxınlığında dincələn Qarabağ hökmdarı, Xurşidbanunun babası İbrahim Xəlil xanın düşərgəsini basıb qabaqlarına çıxan silahsız xanı və adamlarından bir neçə nəfəri öldürdülər.

Çadırlarda olan hər şeyi yağmaladılar. Ermənilərdən xanın guya Qacarları Şuşaya dəvət etmək niyyəti barədə donos alan Lisaneviç heç bir təhqiqat aparmadan, işin əslini öyrənmədən onu cəzalandırmaq qərarına gəlmişdi. Hadisəni araşdırmaq üçün qəfildən Qarabağa göndərilən general Nebolsin Qafqazın baş hakimi qraf Qudoviçə raportunda xanın günahsız olduğunu, Lisaneviçin səlahiyyət həddini aşdığını bildirmişdi. Amma hər şeyə rəğmən, qatil rus zabitinə heç bir cəza verilməmişdi. Əslində, podpolkovnik Çarın general-leytenant rütbəsi verdiyi bir əsilzadəyə əl qaldırmışdı və çox sərt şəkildə cəzalandırılmalı idi. Təəssüf, ikili standart mənhus rolunu oynamışdı.

Aradan düz 19 il keçəndən sonra, 1825-ci ilin iyulunda artıq general-leytenant rütbəli qatil Lisaneviç üsyançı qumuqları cəzalandırmaq üçün Şimali Qafqazın Aksay kəndində idi. Qarabağda ikən Azərbaycan türkcəsini öyrəndiyindən qumuqca danışmaqda çətinlik çəkmirdi. Həmin gün üç yüz nəfərdən çox kənd sakini onun əmri ilə meydana yığılmışdı. Lisaneviç azacıq şübhələndiyi yerli sakinləri bir-bir qabağa çıxarır, küçə söyüşləri ilə təhqir edirdi. Təhqirə məruz qalanlardan Oçar Hacı adlı bir nəfər rus zabitinin qudurğanlığa dözməyib ona və yanındakı general Qrekova xəncərlə ölümcül zərbələr endirmiş, üstünə gələn qumuq baş pristavı Filatovu ağır yaralamışdı. Bu zaman yaxınlıqda dayanmış başqa bir pristav - qumuq əsilli mayor Musa Usmiyev qılıncını çəkib soydaşını qətlə yetirmişdi. Rus generallarının ikisi də aldıqları yaradan ölmüşdü. Lisaneviç illər sonra Qarabağdakı cinayətinin cəzasını Aksayda, bir qumuq türkündən almışdı. Qarabağ xanının qatilini öldürdüyü üçün soydaşı Oçar Hacını qılıncdan keçirən və ruslar qarşısındakı xidmətlərinə görə gələcəkdə general-mayor rütbəsinə yüksələn Musa Usmiyev (?-1843) sonralar İbrahim Xəlil xanın nəvəsi şairə Natəvanla evlənən knyaz Xasay xan Usmiyevin atası idi.

Yəqin, Natəvanın taleyin bu qəribə gərdişindən heç vaxt xəbəri olmamışdı...

Soy-kök şəcərəsi ilə Qazıqumuq şamxalları nəslinə mənsub olan Xasay xan 1808-ci il martın 22-də Qumuq əyalətinin Köhnə Aksay kəndində, yuxarıda adı çəkilən nüfuzlu qumuq knyazı, qumuqların baş pristavı mənsəbinə yüksələn Musa Xasav Usmiyevin ailəsində doğulmuşdu. Dağıstandakı müasir Xasavyurt şəhəri də ata Usmiyevin adı ilə bağlıdır. 1826-cı ildə general Yermolovun əmri ilə çeçen yürüşlərinin qarşısını almaq üçün qarnizon kimi tikilmişdi.

Təlim-tərbiyəsini evdə, xüsusi dəvət edilmiş müəllimlərdən almışdı. Onun nəticəsi, Moskvada yaşamış memar Xasay Usmiyevlə (1906-1993) dostluq edən Çingiz Hüseynovun sonuncunun dediklərinə əsaslanaraq yazdığına görə, ulu babası Fransanın məşhur Sen-Sir hərbi akademiyasını bitirmişdi. Amma "Qumuq dairəsi Tersk vilayətinin qumuq knyazlarından Xasay Musayev Usmiyevin" 31 avqust 1861-ci ildə tərtib edilən və Rusiya Dövlət Hərbi Tarix Arxivində saxlanan formulyar siyahısında bu barədə heç nə deyilmir. Təbii ki, əgər həqiqətən də o, Fransada ali hərbi təhsil almış olsaydı, həyatının son dərəcə mühüm faktını vurğulamaq nə knyazın özünün, nə də rəhbərliyin diqqətindən yayına bilərdi. Əksinə, formulyar siyahıdan Xasay xan Usmiyevin xaricə ilk dəfə 1859-cu ildə yollandığı, həmin il aprelin 20-dən noyabrın 25-nə qədər adı çəkilməyən ölkədə, yaxud ölkələrdə yeddi aydan bir qədər çox qaldığı bəlli olur.

Hərbi xidmətə 17 yaşının tamamından bir neçə gün sonra, 1825-ci il martın 27-də 43-cü yeger alayında yunker kimi başlamışdı. Həyatının bizi maraqlandıran dövründə - 1845-ci ildə podpolkovnik rütbəsində Qafqaz ordusunda xidmət edirdi. Həmin vaxta qədər Qafqaz dağlılarına qarşı keçirilən bir sıra hərbi əməliyyatlarda iştirak etmiş, göstərdiyi igidlik və rəşadətə görə Rusiya imperiyasının Müqəddəs Stanislav (4-cü dərəcə, 1836), Müqəddəs Anna (3-cü dərəcə, 1837), Müqəddəs Vladimir (4-cü dərəcə, bantla, 1838) ordenlərinə layiq görülmüş, "İgidliyə görə" yazılı Qızıl qılıncla (1841) mükafatlandırılmışdı. Formulyar siyahısından həm də Çarın şəxsi təşəkkürlərini aldığını öyrənirik.

Xurşidbanu ilə rəsmi ailə münasibətlərinə gətirib çıxaran tanışlığı nə zaman və harada baş tutmuşdu?

Burada artıq konkret rəsmi sənədlərə əsaslanmaq imkan xaricindədir. Bəzi məlumatlara görə, ilk tanışlıq Mehdiqulu xanın ölümündən sonra mübahisəli mülk məsələlərini yoluna qoymaq məqsədi ilə Xurşidbanu və anasının Tiflisə səfəri zamanı baş tutmuşdu. Deyilənə görə, Qafqaz canişinliyində geniş əlaqələrə malik olan Xasay xan Mehdiqulu xanın dul qadını Bədircahan xanıma qızını ona ərə verəcəyi təqdirdə məsələnin həllinə kömək göstərəcəyini vəd etmiş və gələcək nikah da bu razılıq əsasında baş tutmuşdu. Digər versiya isə qumuq əsilzadəsi ilə Qarabağın hakim ailəsi arasında qohumluq münasibətlərinin yaranmasının Qafqaz canişini Vorontsovun layihəsi olduğunu iddia edir. Bu istiqamətdə "fəaliyyətin" hələ Mehdiqulu xanın sağlığında başlandığını nəzərə alsaq, versiyaya inanmamaq üçün əlimizdə elə də ciddi əsaslar yoxdur. Qarabağ xanlığının yeganə varisinin həm atası, həm də özü rus çarına sədaqətini dəfələrlə döyüş meydanlarında sübuta yetirmiş bir şəxsə ərə verilməsi bölgə üzərində nəzarətin gücləndirilməsi, İrana meyilliliyin qarşısının həmişəlik alınması anlamına gəlirdi. Xasay xanın müsəlman və türk əsilli olması da nikah məsələsində az rol oynamamışdı.

Yəni bu izdivac istənilən halda siyasi-inzibati xarakter daşıyırdı və "könüllü-məcburi" zəmində baş tutmuşdu. Həm də fikrimizcə, təzyiqə daha çox məruz qalan tərəf köməksiz xan qızı olmuşdu. Xurşidbanu ilə Xasay xan arasında böyük eşq yaşanması haqqında deyilənlər hadisəyə romantik-aşiqanə çalar vermək arzusundan başqa bir şey deyildi. İlkin mənbələrə dərin bələdliyi ilə seçilən ədəbiyyatşünas Salman Mümtaz da Əlyazmalar İnstitutunda saxlanan və ilk dəfə mənbəşünas alimlər Ə.Tahirzadə və B.Hacılı tərəfindən çapa hazırlanan "Xurşidbanu bəyim" adlı bioqrarfik oçerkində açıq mətnlə yazmışdı: "Xurşidbanu bəyim Xasay xanı istəmirmiş". Nəhayət, hansı nəslə mənsubluğunu və hansı imkanlara malik olduğunu yaxşı bilən gənc qızın rus zabiti uniformasına, yaxud parıltılı epoletlərə bayıldığını düşünmək də sadəlövh görünür.

Təəssüf ki, nikahın dəqiq tarixi də bəlli deyil. Əksər qaynaqlar 1850-ci il üzərində israr edir. Zaqafqaziya müftisi Hacı Həmid Əfəndinin tərtib etdiyi və Qafqaz Arxeoqrafiya Komissiyasının Aktlarında çap olunan şəcərə ağacında isə xan qızı ilə Xasay xanın 1853-cü ildə nikaha girdikləri göstərilir. Lakin bu rəqəm bir sıra səbəblərdən inandırıcı hesab oluna bilməz. Fikrimizcə, nikah tarixinin 1847, yaxud 1848-ci il olduğunu ehtimal edən Eldar İsmayılovun mövqeyi daha əsaslıdır. Çünki 1848-ci ildən başlayaraq knyaz Xasay xan Usmiyevin adı Şuşa şəhərinin əsilzadə sakinləri sırasında çəkilməyə başlayır. Xasay xanın 1851-ci ilin yanvar ayına qədər fəal hərbi əməliyyatlarda iştirak etməməsi, müharibə meydanından uzaq olması da bu versiyanın xeyrinə danışır. Hər halda bir çox mənbələrdə də göstərildiyi kimi Xurşidbanu ilk övladının - atası Mehdiqulu xanın adını daşıyan oğlunun uzun müddətdən, həm də müəyyən müalicə və nəzir-niyazdan sonra doğulduğunu nəzərə alsaq, nikahın 1848-ci ildə bağlanması ehtimalı ilə razılaşmaq mümkündür.

Mehdiqulu xanın qızına evlənməklə Xasay xan həm də Qarabağın hakimi rəsmi tituluna sahib olmuşdu. Bu da təbii ki, Qarabağ elitasının, ilk növbədə isə Cavanşir ailəsi üzvlərinin xoşuna gələ bilməzdi. Xüsusən yaşlı nəslin nümayəndələri narazılıqlarını aşkar büruzə verirdilər. Xurşidbanunun yaxın qohumu şair Qasım bəy Zakirin Xasay xana həsr olunmuş və aşağıda nəzərdən keçirəcəyimiz məşhur həcvi də həmin hisslərin təsiri altında meydana çıxmışdı.

Xurşidbanu ailə qurduqdan sonra müxtəlif vaxtlarda Şimali Qafqaza, Tiflisə, Bakıya qısa və uzun müddətli səfərlər etsə də, əsas etibarı ilə Şuşada yaşamağı üstün tutmuşdu. İlk övladı Mehdiqulu (1855-1900), ardınca isə qızı Bikə bəyim (1856-1924) burada doğulmuşdular.

Qarşılıqlı məhəbbətə əsaslanmayan ailə həyatının ilk illərini övladsızlıq dərdi daha da qaramsar etmişdi. Xurşidbanu bir müddət Tiflisdə müalicə almışdı. Sonra isə Bakının Şıx kəndinə, məşhur Bibiheybət pirinə pənah aparmışdı. 1858-ci ildə Bakı şəhər rəisi Piqulevskinin evində "knyaginya Usmiyeva" ilə tanış olan məşhur fransız yazıçısı və səyyah Aleksandr Düma (ata) bu münasibətlə "Qafqaz" əsərində yazmışdı: "Məscid (Bibiheybət nəzərdə tutulur - V.Q) övladı olmayan qadınların ziyarət yeridir. Onlar bura ayaqyalın gəlir, dua və nəzir-niyaz edir, bir il ərzində arzularına çatırlar. Birlikdə nahar etdiyimiz knyaginya Usmiyeva da eyni vəziyyətdə olmuşdu. Sonra gəlib müqəddəs məscidi ziyarət etmiş və elə həmin il övladı doğulmuşdu. Göylərin bu hədiyyəsi müqabilində knyaz öz hesabına Bakıdan məscidə qədər yol çəkdirmişdi".

Yeri gəlmişkən, Zakir görünür, hələ Mehdiqulu doğulmamışdan əvvəl qələmə aldığı "Knyaz Xasay Usmiyevi həcv" adlı sərt ifadə və ittihamlarla dolu şeirində sonsuzluğun günahını onda görərək acı istehza ilə yazırdı:

Bir ayğır tay bağırsaq olsa,
at ondan qulun tutmaz,
Budur vəhmim - bizim duxtər
gəzə daim subay, knyaz!


Şeir xan qızı Natəvanın inanılmış adamı və şəxsi katibi olan qarabağlı şair Rəhim bəy Fənaya müraciətlə yazılmışdı və güman etmək olar ki, Xurşidbanu özü də ondan xəbərsiz deyildi.

Lakin bir-b irinin ardınca iki övladlarının doğulması da siyasi məramla qurulan ailə ittifaqını möhkəmləndirə bilməmişdi. Çox güman ki, Bakıda A.Düma ilə görüşdükləri 1858-ci il həm də onların ailə həyatının son ili olmuşdu.

Şübhəsiz, burada günahın böyük hissəsi Xasay xanın üzərinə düşürdü. O, təkcə Xurşidbanu ilə deyil, onun yaxınları və doğmaları, xüsusən də Qarabağ elitası ilə də dil tapa bilməmişdi. Daha doğrusu, buna xüsusi səy göstərməmişdi. Özünü iddialı aparmış, ətrafdakılara yuxarıdan aşağı baxmışdı. Digər tərəfdən, Qarabağ xanlığının gəlirlərini hər vasitə ilə xalqdan əsirgəmişdi. Xasay xanın xarakter və rəftarında özünü göstərən bu mənfi cəhətlər Qasım bəy Zakirin məlum həcvində konkret əksini tapmışdı:

Səxavət umma ondan,
harda görmüş vermək, almağı
Onunku bir odur ki, içsin buzə,
çalsın dalay knyaz!
Dedim ol mədəni-feyzə
bulunsun canişin, ya rəb!
Bulundu, heyf kim, bixeyrü xain,
süstrəy knyaz!
Yetirdi haqq sənə bu dövləti birəncü bizəhmət,
Tikər kor leyləyin həqqa,
yuvasın ol xuday, knyaz!


Xasay xanla Xurşidbanu ayrılandan sonra övladlarının ikisi də anası ilə Şuşada qalmışdı. Natəvan isə 1897-ci ildə vəfat edənə qədər bütün rəsmi sənəd və yazışmalarda "Knyaginya Usmiyeva", yaxud "Qarabağ xanının qızı Usmiyeva" kimi qeyd olunmuşdu. Məsələn, rəsmi sənədlərdən birində 1888-ci ildə Qafqaza səyahətə çıxan rus çarı III Aleksandrın böyük lütfkarlıq göstərib "Xan qızı Usmiyevaya" zərgərlik məmulatı hədiyyə etdiyi göstərilirdi.

Ayrılandan sonra həm Xasay xan, həm də Xurşidbanu yenidən ailə həyatı qurmuşdular. Həm də Natəvan bu addımı yalnız birinci ərinin ölüm xəbərini alandan sonra atmışdı. Xasay xan isə az sonra Aksay kəndində yaşayan qumuq zadəganlarından Kaplanovların (bu nəslin nümayəndələrindən biri - Rəşid xan Kaplanov (1885-1937) Azərbaycan Cümhuriyyəti hökumətində maarif və dini etiqadlar naziri olmuş, Bakı Universitetinin təşkilində mühüm rol oynamışdı) qızı knyaginya N.Kaplanova ilə evlənmiş və 1859-cu ildə bu nikahdan Əzəmət Bikə adlı qız övladı dünyaya gəlmişdi. Amma nədənsə E.İsmayılov knyaginya Kaplanovanı Xasay xanın birinci arvadı sayır.

Formulyar siyahıdan belə məlum olur ki, şəxsi həyatında özünü xalis müsəlman kimi aparan knyaz Usmiyev Qarabağda Xurşidbanu ilə evli olduğu müddətdə vətənində də ailəsi varmış. Knyaginya Pahu xanım Sudayxan qızı Həmzəyeva ilə nikahdan 1853-cü ildə qızı Reyhanat Bikə, 1859-cu ildə qızı Sotixan Bikə, 1864 və 1866-cı illərdə isə oğulları Musa və Sultan Murad doğulmuşdu. Təbii ki, bu fakt Natəvana bəlli olmamış deyildi.

Xurşidbanu isə yuxarıda qeyd etdiyim kimi, yalnız Xasay xanın ölüm xəbərini alandan sonra Şuşa sakini Seyid Hüseyn Ağamirovla ailə qurmuşdu. Salman Mümtaz izdivacın Xasay xanın ölümündən üç il sonra baş tutduğunu yazır. Amma Xan qızı ilə Seyid Hüseynin ilk övladının - erkən yaşda itirdikləri Mir Abbasın (1868-1885) doğum tarixi bu mülahizəyə şübhə ilə yanaşmağa əsas verir. Mir Abbasdan başqa ailədə daha iki oğlan - Mir Həsən Ağa (1870-1903), Mir Cəfər Ağa (?-1914) və iki qız - Sara Bəyim, Həcər Bikə (1869-?) doğulmuşdu.

Nəticə etibarı ilə həm Xasay xanın, həm də Xurşidbanu sonra həyatları faciəli olmuşdu. Knyaz Usmiyev 1862-ci ilin avqust ayında Qafqaz süvari qoşunlarında saxlanmaqla general rütbəsinə yüksəlmişdi. Bu, sədaqətlə xidmət etdiyi rus hakimiyyətindən gördüyü son lütfkarlıq idi.

1866-cı ildə Xasay xan həmişəlik Osmanlı imperiyasına köçmək fikrinə düşmüşdü. Bu münasibətlə Qumuq dairəsi rəisinin adına ünvanladığı müraciətdə deyilirdi: "Qafqaz ölkəsinin ümumən itaətə gətirilməsi nəticəsində müsəlman əhali üçün yeni dövr başlanmışdır. Bu dövr mahiyyət etibarı ilə özündə yerli ünsürlərlə hakim ünsürün qaynayıb-qovuşmasını ehtiva edir. Təhsil və nüfuzuma görə mən yaranmış vəziyyətdə öhdəsindən yalnız şəxsimin gələ biləcəyi mühüm rol oynamaq imkanına malikəm. Yəni bu iki ünsür arasında dayana bilərdim. Lakin inanclarım mənə həmin rolu öz üzərimə götürməyə imkan vermir. Bu inanclar təbiətimin bir hissəsi olduğundan və onları dəyişməkdənsə yox etmək daha asan göründüyündən elə vəziyyətdəyəm ki, öz-özümə ziyan vururam, xalqa və hakimiyyətə isə heç bir fayda vermirəm. Ona görə də yeganə çıxış yolunu ölkəni tərk etməkdə və müsəlman hökmdarın təbəəsi olmaqda görürəm".

Rus hakimiyyəti qumuq əsilzadələrinin tanınmış nümayəndəsinin Osmanlı sultanına pənah aparmaqla imperiyanın müsəlman əhalisinə "pis nümunə" göstərəcəyindən qorxurdu. Knyaz Usmiyevin Türkiyəyə mühacirət etmək arzusu Qafqaz canişini, Qafqaz ordusunun baş komandanı, böyük knyaz Mixail Nikolayeviçin kəskin hiddətinə səbəb oldu. O, dərhal Xasay xanın hərbi xidmətdən azad olunub Rusiyaya göndərilməsi ilə bağlı qərar qəbul etdi: "General-mayor knyaz Usmiyev Qroznı qalasına çağırıldı. 1866-cı il iyulun 20-də ona Stavropola gedib Qafqaz canişininin sonrakı sərəncamlarını gözləmək əmri verildi. Eyni zamanda, Stavropolun mülki qubernatoruna knyaz Usmiyevin üzərinə "şəxsini nəzərəçarpacaq dərəcədə sıxışdırmadan ciddi polis nəzarəti" qoymaq tapşırıldı".

Qafqaz canişininin 4 avqust 1866-cı il tarixli əmri ilə knyaz Usmiyev "qanunun verdiyi üstünlükləri saxlanmaqla" hərbi xidmətdən tərxis edildi və daimi yaşamaq üçün Voronej şəhərinə göndərildi. Başqa sözlə desək, Qafqazdan sürgün olundu. Burada, 1866-cı il sentyabrın 9-da o, uğursuz intihar cəhdi etdi. Tapança ilə alnını nişan alıb atsa da, sadəcə başıından ağır yara aldı. Uzun sürən xəstəlikdən sonra 1867-ci il aprelin 21-də dünyadan köçdü.

Natəvana gəldikdə isə bütün nəcibliyinə, xeyirxahlığına, daim insanların köməyinə can atmasına baxmayaraq, o da taleyin qəddar zərbələrindən yayına bilmədi. Sevimli oğlu Mir Abbası 17 yaşında itirməsi bütün sonrakı həyatının çəkilməz faciəsinə çevrildi və onu erkən yaşda məzara sürüklədi. "Gözünün ilk ovu" adlandırdığı, atasının adını verdiyi böyük oğlu Mehdiqulu xan da anasının həyatını cəhənnəmə döndərməkdə az səy göstərmədi.

O, xan qızı Xurşidbanunun qara camaatdan olan Seyid Hüseynlə izdivacından çox narazı idi. İkinci mühüm məsələ isə mülk davası idi Rus ordusunun podpolkovniki rütbəsinə yüksələn, "Vəfa" təxəllüsü ilə Azərbaycan türkcəsi və fars dillərində şeirlər yazan Mehdiqulu xan Usmiyev özünü Qarabağ xanının birbaşa varisi sayırdı. Odur ki, əcdadlarının mal-mülkünün hətta kiçik bir hissəsinin də hansısa Seyid Hüseynin övladlarına çatmasını istəmirdi. Bu zəmində ana ilə oğul arasında Natəvanı dərin sarsıntılara qərq edən çoxsaylı mübahisə və münaqişələr olmuşdu. Salman Mümtaz yazırdı: "İmperator tərəfindən Xan qızına yetmiş iki kənd verilmişdi. Bunlardan 36-sı müdəmül-həyat özünə mütəəliq, 36-sı isə vərəsəlik olaraq övlad üçün. Daimi irsi kəndləri Mehdiqulu xan istədiyi üçün anası narazı olur və buna görə də araları dəymişdi". Şairə bir ara hətta oğlundan Qafqaz canişininə şikayət etmək fikrinə düşmüş, lakin son anda qərarını dəyişərək ərizəsini geri götürmüşdü. /525.az/

(davamı var)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31