Ankarada “Bir şəhər, iki baxış: Ziddiyyətlər və harmoniya” sərgisinin açılışı keçirilib

Türkiyənin Ankara şəhərində “Bir şəhər, iki baxış: Ziddiyyətlər və harmoniya” adlı beynəlxalq tələbə foto-müsabiqəsi çərçivəsində təşkil olunan sərginin açılışı və mükafatlandırma mərasimi keçirilib.
İyunun 12-də Ankara Musiqi və İncəsənət Universitetinin sərgi salonunda baş tutan tədbir Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Qazi Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən təşkil olunub. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, dövlət qurumlarının nümayəndələri, mütəxəssislər, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbirdə Qazi Universitetinin Memarlıq fakültəsinin dekanı professor Ülkü Duman, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Qazi Universitetinin Memarlıq fakültəsinin müəllimi professor Çiğdem Varol Özden və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, minilliklər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu Azərbaycanda formalaşmış memarlıq irsi xalqımızın zəngin tarixini, mədəni müxtəlifliyini və estetik dünyagörüşünü əks etdirən əvəzsiz xəzinədir. Qeyd olunub ki, qədim yaşayış məskənlərindən orta əsr qalalarına, karvansaralardan saray və məscidlərə, eləcə də müasir memarlıq nümunələrinə qədər uzanan bu irs milli kimliyimizin canlı ifadəsidir.
Natiqlər müasir şəhərsalma ilə tarixi ənənələrin vəhdətini araşdıran gənclərin estetika və mədəniyyət arasında körpülər qurduğunu bildirərək, ali təhsil müəssisələri arasında əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıblar.
Daha sonra foto-sərginin açılışını simvolizə edən lent kəsilib, foto-müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub və sərgiyə baxış keçirilib.
Qeyd edək ki, layihə çərçivəsində Qazi Universitetinin Memarlıq fakültəsinin müəllim və tələbələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin eyni ixtisas üzrə təhsil alan tələbələri ilə birlikdə Bakıya səfər edərək şəhərin tarixi və mədəni mühiti ilə yaxından tanış olublar. Onlar yaradıcılıq məqsədilə müxtəlif fotoşəkillər çəkərək müsabiqəyə təqdim ediblər.
![]()


