manera.az
manera.az

Ziyalılığın zirvəsində bir Azərbaycan qadını – Aygül Bağırova yazır...

📅 16.04.2026 09:56

Ziyalılığın zirvəsində bir Azərbaycan qadını – Aygül Bağırova yazır...

Ömrünü elmə, Vətənə və Türk dünyasına həsr edən dəyərli bir ziyalının şərəfli həyat yoluna ehtiramla...

Torpağın yetişdirdiyi hər toxum o torpağın bərəkətinin, ruhunun, mənəvi gücünün nişanəsi olduğu kimi, bir xalqın yetirdiyi hər bir istedadlı, zəhmətkeş, əqidəli şəxsiyyət də həmin millətin dəyər ölçüsünü müəyyənləşdirən milli-mənəvi sərvətə çevrilir. Elə insanlar var ki, onların adı bir ömrün sərhədini aşaraq bir məktəbə, bir örnəyə, bir mənəvi dayaq nöqtəsinə çevrilir. Belə şəxsiyyətlər haqqında yazmaq artıq qəlbin ehtiyacına dönür. Çünki burada bir insanın həyatı ilə yanaşı, bir xalqın mənəvi gücü, tarixi yaddaşı, milli qüruru və gələcəyə uzanan ümidləri də görünür.

Bu gün bu torpaq üçün, bu millət üçün, bu məmləkət üçün gənc yaşlarından yorulmaz əməyi ilə dəyərli işlər görən, ölkəmizin siyasi, elmi, mədəni və ictimai həyatında mühüm qatqıları ilə seçilən, adını, soyadını, imzasını artıq Türk dünyasında bir dəyərə, bir nüfuza, bir brendə çevirən çox hörmətli professor Aygün Attar haqqında bu sətirləri yazmağı ürəyim mənə bir vəfa borcu kimi diqtə edir.

Ülkücülüyü yoluna, ədəbi düşüncəsi elminə zinət olan, müəllim pedaqogikasını, türk zehniyyətli nəsil yetişdirmək çabasını, zəhmətsevərliyini və annəliyini ayrıca bir sənət, ayrıca bir yaradıcılıq nümunəsi kimi dəyərləndirdiyim Aygün xanım kimi Azərbaycan qadınının varlığı Türk dünyasının əl birliyinə, dil birliyinə, düşüncə birliyinə güc verir. Onun timsalında Turan düşüncəsi, Turan birliyi və Türk dünyasının mənəvi bütövlüyü daha da işıqlanır, daha da mənalanır. Onun zəngin fəaliyyəti həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır. Çünki o, Azərbaycanın adını sevgi ilə daşıyan, Vətən yanğısını qürurla yaşadan, milli kimliyini uca tutan, mənsub olduğu xalqın mənəvi obrazını ləyaqətlə təmsil edən parlaq bir ziyalı xanımdır.

Qadın tarixin bütün dövrlərində mənsub olduğu nəslin, ailənin, elin, obanın yükünü çiyinlərində daşıyıb. Əməlləri, davranışları, mərdliyi, qayğıkeşliyi, ləyaqəti ilə həmişə ucalıqda dayanmağa çalışıb. Aygün xanım da bu uca qadınlıq missiyasını öz şəxsiyyətində böyük şərəflə yaşadan dəyərli Azərbaycan xanımıdır. Onun dilindən səslənən “Vətən namusdur, Vətən şərəfdir, Vətən qorunacaq tək hədəfdir” düşüncəsi bir ömür amalının ifadəsi kimi insanın yaddaşında yaşayır.

Aygün xanımın həyat yoluna nəzər salanda insan ilk növbədə onun köklərinin gücünü duyur. Ailəsinin bir tərəfi Zəngəzurdan, bir tərəfi Qarabağdan, Şuşadandır. Zadəgan Ağamirovlar nəslindən olan Aygün xanım Birinci Qarabağ müharibəsinin cəsur komandirlərindən biri, rəhmətlik Adil bəyin və döyüşçü Aqil bəyin bacısıdır. Bu ailənin taleyində mübarizlik, cəsarət, əqidə, ləyaqət və Vətən sevgisi bir soy yaddaşı kimi yaşayır. Elə buna görə də Aygün xanımın həyatına baxanda, onun şəxsiyyətində həmin soykökün nəcibliyini, iradəsini və milli ruhunu aydın görmək olur.

Onun böyük bacısı Sona xanım Həşimovanın adı da Azərbaycanın mübarizə tarixində xüsusi ehtiramla çəkilir. 20 Yanvar faciəsindən sonra Moskvada Qorbaçovun uzatdığı əli “bu əldə millətimin qanı var” deyərək tutmaqdan imtina etməsi qadın cəsarətinin, milli ləyaqətin və mənəvi bütövlüyün nadir təzahürü kimi xalqımızın yaddaşına həkk olunub. Qubadlı rayon partiya komitəsinin katibi olan Sona xanımın həmin cəsarətli davranışı Azərbaycanda böyük rəğbət doğurub, dillərdə dolaşıb, xalqın qəlbində dərin iz buraxıb. Belə bir ailənin mənəvi iqlimində böyüyən Aygün xanımın sonrakı həyat yolunda da eyni əqidənin, eyni mətinliyin, eyni milli duruşun yaşadığını görmək olur.

Aygün Attar Azərbaycanda anadan olub, lakin qardaş Türkiyədə seçki yolu ilə dövlət universitetinə rektor seçilən ilk azərbaycanlı kimi tarixə adını yazdırıb. Bu fakt özlüyündə böyük bir uğur olmaqla yanaşı, Azərbaycan qadınının zəkasına, idarəçilik qabiliyyətinə, elmə bağlılığına və yüksək təşkilatçılıq istedadına verilən böyük dəyərin ifadəsidir. O, qardaş ölkədə müxtəlif elm ocaqlarında dekan, prorektor və rektor vəzifələrində çalışıb, Türkiyə Respublikası Baş nazirinin müşaviri kimi mühüm dövlət məsuliyyəti daşıyıb. 2021-ci ildən etibarən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü kimi də bu mühüm missiyanı böyük nailiyyətlə yerinə yetirib. Bu, etimadın, zəhmətin, intellektin və milli mövqeyin ali ifadəsidir.

Bütün ömrü və yaradıcılığı boyunca Azərbaycan başda olmaqla Türk dünyasına töhfələr verən Aygün Attarın dünyanın müxtəlif ölkələrindən aldığı çoxsaylı mükafat və təltiflər onun fəaliyyətinin miqyasını və mənəvi sanbalını dolğun şəkildə göstərir. İlham Əliyev tərəfindən “Vətənə xidmətə görə” ordeni və “Dostluq” ordeni ilə təltif olunması, müxtəlif ölkələrdən aldığı beynəlxalq mükafatlar onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Oksfordda “Sokrat” mükafatı, “İlin rektoru” adı, Türk dünyasına xidmət medalları – bunların hər biri bir ömrün zəhmət salnaməsidir. Bununla yanaşı, Qaradəniz Ölkələri Universitetlər Birliyi tərəfindən təqdim olunan “Üstün Başarı Mükafatı”, Kosova tərəfindən verilən “Xidmət Nişanı”, TÜRKSAV-ın “Türk Dünyasına Xidmət” medalı, Qazaxıstan dövləti tərəfindən təqdim olunan “Dövlət Medalı”, həmçinin diaspor fəaliyyətinə görə verilən yüksək nişanlar onun xidmətlərinin geniş coğrafiyada necə böyük rəğbətlə qarşılandığını bir daha təsdiqləyir.

Aygün xanımın bioqrafiyasına hər dəfə diqqətlə baxanda onun həyatının qəribə keçidləri, taleyinin güclü dönüşləri, elmi düşüncə ilə siyasi baxışın, milli mövqe ilə mənəvi bütövlüyün necə ahəng içində birləşdiyi insanı dərindən düşündürür. Səməd Vurğunun gözəl bir fikri var: “Cəsarət böyük yaradıcılıq məsələsidir”. Bu fikir Aygün xanımın şəxsiyyətinə xüsusi yaraşır. Çünki şəxsiyyətində bütövlük, tamlıq, əqidə saflığı olan insan öz yolunu inamla keçir, öz sözünü ləyaqətlə deyir, öz imzasını şərəflə daşıyır. Mən Aygün xanımın bütün yaradıcılığı boyunca onun cəsarətini, milli mövqeyinin sabitliyini, düşüncəsinin aydınlığını, duruşunun mətinliyini xüsusi vurğulayıram. Uzun illərdir onun mövqeyində titrəmə görünmür, səndələmə hiss olunmur, yön dəyişmə yaşanmır. Harada çalışmasından, hansı vəzifədə olmasından asılı olmayaraq, o, həm yaşadığı ölkənin, həm də doğma Vətəninin başını uca edən ziyalı Azərbaycan qadını obrazını ləyaqətlə yaşadıb.

Bəzən elə şəxsiyyətlər olur ki, onlara təşəkkür etmək üçün də, təbrik ünvanlamaq üçün də, ehtiramı ifadə etmək üçün də söz seçmək çətinləşir. Aygün xanım mənim üçün məhz belə şəxsiyyətlərdəndir. Etik və mənəvi dəyərləri həyat amalına çevirən, zəhmətkeşliyi, iradəsi, doğru bildiyi yolun arxasınca dönmədən getməsi, əqidəsinə sədaqəti, yorulmaz əməyi və ortaya qoyduğu bütün işlərdə peşəkarlığı ilə gəncliyə örnək olan bu dəyərli Azərbaycan xanımını mən uzun illərdir böyük diqqət və rəğbətlə izləyirəm. Onun fəaliyyətində elm adamının dəqiqliyi ilə yanaşı, böyük müəllim qəlbinin istiliyi, bir ana ruhunun həssaslığı, bir Vətən sevdalısının yanğısı duyulur.

Mənim Aygün xanımla tanışlığım 2021-ci ildə beynəlxalq jurnalistlərlə birlikdə Azərbaycana gəlişi zamanı olub. ADA Universitetində keçirilən beynəlxalq tədbirdə onun Azərbaycanı, onun tarixini, milli həqiqətlərimizi, Qarabağ gerçəyini beynəlxalq jurnalistlərə böyük sevgi ilə, inamla, qürurla anlatması məni dərin şəkildə təsirləndirib. Həmin gündən etibarən bu xanıma qarşı qəlbimdə böyük ehtiram yaşayıb. Azərbaycan adına danışan, Azərbaycan həqiqətlərini dünyaya ağıl, bilik, dərinlik və mədəniyyətlə çatdıran belə bir qadının varlığı insanda böyük qürur oyadır.

Çox böyük qürur hissi ilə bildirirəm ki, bu gözəl xanım eyni zamanda mənim müəllifi olduğum “Qalib Sərkərdənin böyük qayıdışı” adlı üçüncü kitabımın rəyçisidir. Bu mənim üçün həm ədəbi taleyimdə, həm də şəxsi həyatımda unudulmaz və əlamətdar hadisədir. Ötən ilin dekabr ayında kitabımın Ankarada keçirilən təqdimatında Aygün xanım ailə üzvləri ilə birlikdə iştirak etdi və tribunadan çıxışında kitaba, Zəfər ruhuna, Azərbaycanın haqq savaşına və milli yaddaşımıza verdiyi yüksək dəyəri böyük səmimiyyətlə ifadə etdi. Həmin anlar mənim yaddaşıma qürur dolu, minnətdarlıq dolu, unudulmaz bir səhifə kimi yazılıb.
Zəfərin 5 illiyinə həsr etdiyim kitabım üçün Aygün xanımdan rəyçi olmasını xahiş edəndə, o, kitabı diqqətlə oxuyub, dəyər verib və bu xahişimi qəbul etdi.Bununla da kitabıma böyük şərəf qatdı. Daha sonra təqdimatın yüksək səviyyədə təşkil olunması üçün həmin gündən etibarən Azərbaycanın Türkiyədəki səfirliyi ilə birlikdə bu tədbirin ən yüksək səviyyədə ərsəyə gəlməsi üçün xüsusi hazırlıq apardı. Bu münasibət, bu həssaslıq, bu vəfa, bu dəstək qəlbimdə ona qarşı dərin minnətdarlıq duyğusunu o qədər böyüdüb ki... Vətən sevdalısı olan belə bir xanımın bir kitaba, bir müəllifə, bir milli ideyaya bu qədər ürəklə sahib çıxması onun nə qədər yüksək mənəvi keyfiyyətə sahib olduğunu bir daha aydın göstərdi.

Bu faktların, bu örnəklərin sayını daha da uzatmaq mümkündür. Onu tanıyan hər bir həmyerlimizin, tələbəsindən tutmuş, ona dərs verən müəllimlərinə, onunla çalışan həmkarlarına, fikirlərindən güc alan insanlara qədər çoxlarının bu sətirlərlə həmfikir olacağı qənaətindəyəm. Belə sevgi qazanmaq bir ömrün ən böyük mənəvi mükafatıdır. Gəncliyində kamilləşmək isə Ulu Yaradanın seçilmiş insanlara bəxş etdiyi ali mərtəbələrdən biridir.

Hörmətli Aygün xanım, Siz uğurlu elm insanı, güclü bir ziyalı, nüfuzlu bir idarəçi kimi qəlblərdə yer tutmaqla yanaşı, eyni zamanda Azərbaycanın səsini, Türk dünyasının ortaq vicdanını, millət sevgisini, tarix şüurunu və milli yaddaşını daşıyan çox dəyərli bir şəxsiyyətsiniz. Sizin əməyiniz, duruşunuz, sədaqətiniz, nəzakətiniz və yüksək xarakteriniz hər zaman təqdirlə anılır, adınızın varlığı həm Türkiyə, həm də Azərbaycan üçün böyük qürur mənbəyinə çevrilir.Ürəyimdə Sizə qarşı o qədər böyük minnətdarlıq var ki, bunu bir neçə cümləyə sığdırmaqda çətinlik çəkirəm. Mən Sizi tanıdığıma, Sizin kimi böyük ürək sahibi, dərin düşüncəli, vətənpərvər, ziyalı bir xanımın diqqətini və dəstəyini gördüyümə görə özümü xoşbəxt sayıram. Sizin Azərbaycanın adına etdiyiniz xidmətlər mənim qəlbimdə hər zaman ən ülvi duyğularla yaşayacaq.

Hörmətli Aygün xanım, ad gününüz münasibətilə Sizə qəlbimin ən səmimi duyğuları ilə təbriklərimi çatdırıram. Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, yeni-yeni uğurlar, elmi və ictimai fəaliyyətinizdə tükənməz enerji arzulayıram. Uca Tanrı Sizi qorusun, yolunuzu daim açıq etsin, qəlbinizə rahatlıq, ömrünüzə bərəkət versin.İmzanız daim ucalarda görünsün, sözünüz daim eşidilsin, xidmətləriniz hər zaman ehtiramla anılsın. Siz Azərbaycan qadınının zəkasını, ləyaqətini, mübarizliyini və mənəvi ucalığını öz şəxsiyyətinizdə yaşadan nadir simalardansınız.
Var olun, Aygün xanım, var olun ki, Azərbaycanın adı Sizin kimi dəyərli xanımların timsalında daha da ucalır, Türk dünyasının mənəvi birliyi Sizin kimi ziyalıların varlığı ilə daha da möhkəmlənir. Var olun ki, Vətən sevgisinin necə yaşandığını, əqidəyə sədaqətin necə qorunduğunu, ləyaqətin necə ucaldığını Sizin ömür yolunuzdan şahidlik edək. Var olun ki, Azərbaycan qadınının gücü, zəkası və Vətənə bağlılığı Sizin simanızda bir örnək, bir qürur, bir məktəb kimi yaşasın və gələcək nəsillərə yol göstərsin.

Sözlərin yetmədiyi bir dəyərin qarşısında...
Dərin hörmət və ehtiramla

Aygül Bağırova


Baxış sayı - 139 | Yüklənmə tarixi: 16.04.2026 09:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930