manera.az
manera.az

Səməd Vurğunun 120 illiyi qeyd olunacaq – Prezident Sərəncam imzaladı

📅 23.02.2026 08:45

Səməd Vurğunun 120 illiyi qeyd olunacaq – Prezident Sərəncam imzaladı
2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) anadan olmasının 120 illiyi tamam olur.

Manera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Səməd Vurğun Azərbaycan ədəbi fikir tarixində yeni parlaq mərhələnin əsasını qoyan böyük sənətkarlardandır. Yaradıcılığının ideya-məzmun əsasını azərbaycançılıq amalı təşkil edən şair Odlar diyarını dərin məhəbbətlə tərənnüm edib. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri Vətən sevgisinin poetik rəmzlərindən biri kimi dəyərləndirilir.

Bildirilib ki, böyük söz ustası ana dilinin saflığı uğrunda ardıcıl mübarizə aparıb, xalq yaradıcılığından bəhrələnərək dərin bəşəri məzmunlu, yüksək poetik dəyərə malik əsərlər yaradıb. Səməd Vurğunun romantik-fəlsəfi lirikasının Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olduğu vurğulanıb. Onun dramaturgiyası isə milli teatr tarixində mühüm yer tutur.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlarla birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Səməd Vurğunun 120 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabinetinə isə sənəddən irəli gələn məsələlərin həlli tapşırılıb.

Qeyd edək ki, Səməd Vurğunun zəngin bədii irsi müasir Azərbaycan poeziyasına güclü təsir göstərməklə yanaşı, bu gün də gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında mühüm rol oynayır.


Fatimə,
Manera.az


Baxış sayı - 459 | Yüklənmə tarixi: 23.02.2026 08:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031